Xəbər lenti

  

Biz bir zamanlar ən uzun dirəkli bayraqla qürurlanırdıq. Nədən ki, 2010-cu ildə bu sahədə  rekord qıran Türkmənistanı xeyli geridə qoymuşduq. Türkmənlər bayraqlarını 133 metr yuxarıya qaldırmışdılarsa, bizim bayrağımız 161 metrdə dalğalanacaqdı və dalğalandı da. Biz türkmənlərə ən uzun dirək sevincini cəmi 2 il yaşatdığımız kimi, öz bəxtəvərliyimiz də uzun sürmədi. Cəmi bir ildən sonra dünyanın ən kasıb ölkələrindən olan Tacıkistan bizim acığımıza göylərə 165 metr dirəkli bayraq ucaldaraq, rekordmenliyi əlimizdən aldı və sanki “pulu çox olmaqla deyil” dedi.

Sözsüz ki, başbilənlərimiz bu eyibi taciklərdə qoymazdı. Biz də onların acığına əlimizdə-ovcumuzda nə varsa, qoyub dirəyimizi bir az da ucalda bilərdik. Di gəl ki, Bakının hava şəraiti hətta 161 metrlik bayrağı ucaltmağı belə, bizə çox gördü. Şiddətli küləklər şəhərində bu hündürlüyə belə, dayana bilməyən bayraqlarımız bizi onun-bunun yanında xəcil duruma saldığından indi Bayraq Meydanındakı dirəyimiz boş qalıb.

Sual edə bilərsiniz: nə Bayraq bayramıdır, nə də Respublika günü, bəs, mən bu bayraq söhbətini niyə salıram? Türklər demiş; bayram deyil, seyran deyil, əniştəm məni niyə öpdü?

Durub-durarkən uzun dirəklərimizdən bəhs etməyimin, əlbəttə, çox mühüm bir səbəbi var. Sən demə, uzunluq və ya hündürlüklə yarışan təkcə biz – post-sovet məkanının adamları deyilmişik. Məgər ki, harda müsəlman varsa, bu özəlliyi ilə yarışırmış.

Məsələn, bizim kimi sovet tərbiyəsi görməyən ərəblər də uzun nələriyləsə qürurlanırmışlar. Yenə biz yaxşıyıq. Pulumuz onlara çatmadığından uzaq başı ən görkəmli yerlərimizə dirək tikirmişik. Ərəblər isə dirəklə də kifayətlənmək istəmirlər. Onlar xərc çəkəndə əməlli-başlı çəkirlər. Ya ən bahalı maşına, ya da ən uzun binaya kapital yatırırlar. Səudiyyə Ərəbistanının 2020-ci ildə tikməyi planlaşdırdığı bir bina da bir neçə ildən sonra əsl qürur mənbələri olacaq. Amma bu qürurlanmaları nə qədər çəkəcək, onu artıq digər neft zəngini ərəblər bilər.

Çox uzatmadan sözümün “mustafa”sına gəlmək istəyirəm.

 

Məlumata görə, Səudiyyə Ərəbistanı tikintisi 2010-ci ildə başa çatan və dünyanın ən hündür göydələni olan “Burj Khalifa”nın rekordunu qırmağa hazırlaşır. “Burj Khalifa”nı tam 170 metr ötüb keçəcək yeni göydələn, haradasa, 1 kilometr hündürlüyə malik olacaq.

Ciddə Qülləsi adını daşıyacağı gözlənilən göydələnin 2020-ci ilə qədər inşasına başlanması planlaşdırılır. İnternet üzərindən göydələnin multiplikasiyanı paylaşan S. Ərəbistanı bu göydələnlə dünyanın ən uzun binasına sahib ölkə adını da Dubaydan almış olacaq (Necə ki, bir zamanlar biz Türkmənistandan, taciklər isə bizdən ən uzun dirək sahibi ünvanını almışdılar). Haradasa, 1 km hündürlüyə sahib Ciddə qülləsinin tam ölçüsünün 999.7 metr olacağı bildirilir.

 Göydələnin tikintisi üçün bir çox ölkədən mühəndis gətirməyi hədəfləyən Səudiyyə Ərəbistanı bu göydələnlə məmləkətə çox sayda turist çəkəcəyinə inanır. Həmçinin, binanın ətrafına inşa ediləcək yeni ağıllı şəhər olan Ciddə İqtisadi Mərkəzi qülləylə birlikdə fəaliyyətə başlayacaq. Bu mənada göydələnin tikiləcəyi bölgə həm daha aktiv hala gətiriləcək, həm də ölkəyə xeyli pul qazandıracaq (Bizdən fərqli olaraq ərəblər tikdikləri ən uzun nəsnəyə pul xərcləməyəcəklər, əksinə ondan yaxşı pul çıxaracaqlar).

200-dən çox mərtəbəyə sahib olacaq Ciddə qülləsinin içərisində restoranlar, otel otaqları, təkotaqlı mənzillər və ofis mərkəzləri fəaliyyət göstərəcək. Yəni başlı-başına bir şəhər gücündə olacağı söylənən göydələnin 157-ci mərtəbəsində seyrgah eyvanı yer alacaq. Bu eyvanla bağlı kiçik bir müqayisə aparsaq, ABŞ-dakı Azadlıq Qülləsinin eyvanından 55 qat daha yuxarıda olacağı təxmin edilir.

Nə başınızı ağrıdım, onların hər şeyi çox-çox uzun olacaq.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 635          Tarix: 25-02-2018, 21:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma