Xəbər lenti

 “Casusluqda ittiham olunanlar müxtəlif şəraitdə müxtəlif yerlərdə cinayət törədiblər. Onların bir qisminin cinayət işi məhkəməyə göndərilib, bir qismi də göndəriləcək”.

Bunu APA ya açıqlamasında Respublikanın hərbi prokuror Xanlar Vəliyev deyib.

O bildirib ki, cinayət törədənlərin hərbi hissələri fərqlidir: “Bu cinayətlər başqa-başqa yerlərdə törədilib. Hərbi hissələr fərqlidir. Müəyyən şəxslər haqqında istintaq davam edir. Biz düşünürük ki, Novruz bayramına qədər iş tam yekunlaşıb, məhkəməyə göndəriləcək”.

Qeyd edək ki, 2017-ci il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürdüyü bildirilib.

Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb, hər üç qurumun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Bildirilib ki, istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.




Ana səhifəyə qayıt        Baxış: 1 047          Tarix: 27-02-2018, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma