Xəbər lenti

 

Azərbaycanda da bahar yaxınlaşır. Amma bu bahar məşhur “ərəb baharlarından” həm forma, həm də məzmun etibarilə fərqlənir. Ərəblər öz siyasi hakimiyyətlərinə qarşı kütləvi aksiyalarla hərəkətə keçmişdilərsə, bizimkilər təhqir yarışına girirlər. İndi təkcə Avropada oturanlar rəsmi Bakıya, rəsmi Bakı Avropada oturanlarla söyüşmür. Hətta yeni televiziya kanalı açan jurnalistlər də öz həmkarıyla ana-bacı söhbəti aparır və kanal işə düşəndən sonra söyüş savaşını daha effektli aparacaqlarının anonsunu verirlər.

Sözsüz ki, istər Avropadakı mühacirlərlə rəsmi Bakı, istərsə də fərqli cəbhələrdə dayanan jurnalistlər arasında gedən söyüş kampaniyasının arxasında hansısa güclərin dayandığı istisna deyil. Özü də bu söyüş savaşı hakimiyyət daxili rəqabətdən və bu rəqabət tərəflərinin söykəndiyi xarici qüvvələrin geopolitik mübarizəsindən qaynaqlanır.

“Söyüş baharı”nın arxasında həm hakimiyyətdaxili, həm də xarici güc mərkəzlərinin dayandığını təsdiqləyən bir çox arqumentlər var.

Daxili amillərə kampaniyanın həm hakimiyyət mətbuatında, həm də Avropada yaşayan mühacirlərin istifadə etdikləri sosial mediada bir-birini qidalandırılaraq sürdürülməsi hadisələri aiddir. Bəlli olduğu kimi, Vidadi İsgəndərlinin atasının məzarını təhqirlə başlayan bu kampaniya daha sonra qarşılıqlı ittihamlarla davam etdirildi. Maraqlıdır ki, aranı qarışdıran həmin video-görüntü həm Vidadi İsgəndərlinin, həm də iqtidar mətbuatının əlində əsas istinad nöqtəsinə çevrilib. Vidadi İsgəndərli həmin videonu öz youtube səhifəsinə qoyaraq, özünün necə vandalcasına təhqir olunduğunu sübuta yetirir, onu bir çox beynəlxalq hüquq təşkilatlarına, hətta erməni mətbuatına göndərərək mövcud iqtidara təzyiqlər təşkil etməyə çalışır, iqtidar mətbuatı, xüsusilə “Xəzər” Tv isə sözügedən kadrları, guya, inkar etmək məqsədilə dəfələrlə efirinə gətirir. Ən əsası isə, hər dəfə də Vidadi İsgəndərlinin əleyhinə yeni-yeni “dəlillər” taparaq odun üstünə benzin tökür. Beləcə, bir-birini qidalandıran bu təhqir kampaniyasında ölkənin beynəlxalq etibarı gözdən düşür, ölkə rəhbəri və ailəsi təhqir olunur, ictimai narazılıq artır.

Hakimiyyətin siyasi qanadının barışdırıcı “ağsaqqallıq missiyası” da tamamilə başqa məqsədə - hadisələri daha da qızışdırmağa hesablanmış tədbirlər təəssüratı yaradır. YAP-ın əsas simalarından və sözçülərindən sayılan Siyavuş Novruzov gah media orqanlarına çıxıb, hadisəni iqtidar partiyasının cavanlarının Vidadi İsgəndərliyə verdiyi cavab kimi xarakterizə edir və beləcə, atəşi körükləyir, gah da üzrxahlıq bəyanatı verərək, hakimiyyətin geri çəkildiyi görüntüsü yaradır. Ardınca Zahid Oruc, Araz Əlizadə öz təəssübkeşlikləriylə qaş düzəldən yerdə vurub göz çıxarırlar. Beləcə, qızışdırılan qarşı tərəfə həm də qələbə sevinci yaşadır, onları öz fəaliyyətlərinə həvəsləndirirlər. Bir növ alovlandırdıqları atəşin qabağından qaçaraq, yanğının daha böyük vüsət almasına şərait yaradırlar.

 

Hüquq mühafizə orqanlarının da bu işdəki fəaliyyəti qətiyyən atəşi söndürməyə xidmət etmir. Təhqir kampaniyasını yürüdənlərin ailələrinə qarşı aqressiv davranışlar daha çox insanı hakimiyyətdən narazı salır, mövcud iqtidarın ibtidai icma quruluşunun düşüncəsində olduğu barədə onsuz da var olan imici möhkəmləndirir, Konstitusiyamızın insanlara verdiyi hüquqi dövlətçilik, qanunun aliliyi, vətəndaş toxunulmazlığı, şərəf və ləyaqət azadlıqlarına kölgə düşürür. Hüquq orqanlarımızın indiyə qədər məlum tərbiyyəsizliyi törədənləri tapıb ortaya çıxarmaması, bu barədə hər hansı hüquqi ölçü götürməməsi və ya açılan cinayət işini ictimaiyyətdən gizli saxlaması (Açığını desəm, cinayət işinin açıldığına, amma ilkin istintaq prosesi getdiyindən ictimaiyyətə duyurulmadığına inanıram) da istər xarici, istərsə də daxili auditoriyada yanlış anlaşılmalara gətirirb çıxarır.

Xarici amillərə gəlincə, bu ehtimali qüvvətləndirən arqumentlər də az deyil. Təhqir kampaniyasının əsas ucunun xarici ölkələrdə məskən salması və kampaniya iştirakçılarının özlərini məsuliyyətdən uzaq hiss etmələri onların həbs olunmayacaqlarına sığındıqları dövlətlər səviyyəsində qarantiya verildiyini göstərir. Maraqlıdır ki, söyüş döyüşünün “qəhrəmanları” da bunu gizlətmir, açıq şəkildə ölkə rəhbərliyinə “bacarırsınızsa, gəlin, bizi həbs edin”, “biz bulunduğumuz dövlətin qarantiyası altındayıq” deyirlər.

Söyüş kampaniyasının xarici güc mərkəzləri tərəfindən başladıldığını təsdiqləyən digər faktor Vidadi İsgəndərlinin atasının qəbri kimi göstərilən məkanın əslində saxta olduğunun ortaya çıxmasıdır. İstər qəbrin yerləşdiyi kənd sakinlərinin ifadələri, istərsə də kadrlarla qəbrin həqiqi görüntüsü arasındakı fərqlər videonun saxta olduğunu təsdiqləyir.

Bu yerdə bildirmək istərdik ki, video-görüntünün saxta olmasına baxmayaraq, orda dilə gətirilən sözlər xalqımızın müqəddəs bildiyi dəyərlərə təhqirdir və mütləq öz hüquqi qiymətini almalıdır. Onu da vurğulamağa ehtiyacaq hiss edirik ki, video-görüntüdəki bu saxtakarlıq detalı kadrların tamamilə məxfi çəkildiyini göstərir və müəllifin kimliyinin üstünün açılmamasına xidmət edir. Elə bu faktın özü də təsdiqləyir ki, video-kadrlar hansısa xarici xidmət orqanları tərəfindən hazırlanıb və yürüdülən təhqir kampaniyası planlaşdırılmış təxribat əməliyyatıdır. Məqsəd isə Azərbaycan hakimiyyətini şantaj etmək, ölkədəki siyasi qüvvələri bir-birinə düşmən kəsiləcək qədər qütbləşdirmək və dolayısıyla, ölkəni daxili çaxnaşmalara hazırlamaqdır.

Məhz bu baxımdan məlum videonin siyasi hakimiyyətin iradəsilə hazırlandığı az inandırıcı görünür. Ən azı ona görə ki, kampaniya ilk növbədə prezident İlham Əliyevin əleyhinə işləyir.

 

Vidadi İsgəndərlinin çıxışlarından onu da yəqinləşdirmək mümkündür ki, keçmiş hüquq müdafiəçisi də videonun qurama olduğunun fərqindədir. Çıxışlarında təhqir edilən qəbrin atasına aid olmadığı fikriylə bir çox hallarda özü də razılaşır. Bununla belə, fəaliyyətini davam etdirir. Açığını desəm, “youtube”də Vidadi İsgəndərlinin 2010-cu ildən bəri fəaliyyətini əks etdirən müxtəlif kadrları izləyəndə keçmiş hüquq müdafiəçisinin 8 illik mübarizəsinin qisasını aldığı qənaəti formalışır. Amma bütün hallarda dirilərin əyri oyunlarına ölülərin alət edilməsi bu mübarizəyə yaraşmır.

Vidadi İsgəndərlinin öz təbirilə desək, “hakimiyyət trol”larının təhqir kampaniyasını dayandırdığı, iqtidarın rəsmi sözçüsü sayılan Siyavuş Novruzov tərəfindən üzrxahlıq mahiyyətində bəyanat verildiyi halda, təhqir kampaniyasının dayandırılmaması “söyüş baharı qaranquşlarının” iradələrinin öz əllərində olmadığından xəbər verir. Təsadüfi deyil ki, hökumətin geri addımlarına baxmayaraq, kampaniya son zamanlar öz intensivliyini daha da artırıb. Vidadi İsgəndərli əvvəl gündə bir təhqiramiz video paylaşırdısa, indi bu aralığı saatda birə yüksəldib. Üstəlik, əvvəl nəsə bir söz deyirdisə, son paylaşımlarında sadəcə mənasız və məzmunsuz video-görüntülərə də yer verir.

Bütün bu deyilənlərdən sonra “söyüş baharının” xarici güc mərkəzlərinin təzyiqləri və təşviqləri altında aparıldığı istisna edilə bilməz. Azərbaycan hakimiyyəti bu nüansı nəzərə almalı və müxtəlif zəruri addımlar atmaqla ölkəmizə yönələn xarici basqıları azaltmağa çalışmalıdır.

Atılacaq ən mühüm addımlardan biri söyüş kampaniyasının xaricdəki uzantısını qidalandıran yerli kanalların kəsilməsidir. Xüsusilə hakimiyyətdə təmsil olunan və imici onsuz da ləkəli kadrların bu işə burun soxmaları qadan edilməli və nə qədər ağır söyüşlər yağdırılsa da, sözügedən kampaniyaya fikir verməməlidir. Əks halda, özünün bu kampaniyadan təsirləndiyini büruzə verməklə qarşı tərəfin dəyirmanına su tökər, onları öz fəaliyyətlərinə ruhlandırmış olar.

Atıla biləcək ikinci mühüm addım xaricdən ölkəmizə yönələn bu hücumun öz hədəfinə çatmasının və ictimaiyyət tərəfindən ciddi şəkildə izlənilməsinin səbəbinin tapılması, bu səbəblərin ortadan qaldırılmasıdır. Zənnimizcə, kampaniyanın baş tutmasının başlıca səbəblərindən biri hakimiyyətin milləti boğaza yığan zülmü, korrupsiya və digər cinayət əməlləri, ölkə insanının rifah halının getdikcə pisləşməsidir ki, istər-istəməz toplumda fərqli söz eşitmək arzusu yaradır. Təbii ki, insanların narazılığını azaltmaq üçün təxirəsalınmaz addımlar atılmalı və vətəndaşlarda gələcəyə, dövlətin ədalətliliyinə inam yaradılmalıdır.

Digər səbəb isə alternativ fikrə süngüylə yanaşmaq, narazı kəsimlərin səsini boğmaq və dolayısıyla, ictimaiyyətin arzuladığı sözü deyənlərin bu ölkədə tutuna bilməməsidir. Zira Azərbaycan hakimiyyəti tənqidçi medianın ölkəmizdə fəaliyyətinə sayqıyla yanaşsaydı, kəskin yazılarla çıxış edən saytları bağlamasaydı, xaricdən üzərinə yağan təhqir kampaniyasına əhəmiyyət verən də tapılmazdı. Hər kəs öz dərdini yerli mətbuatın dilindən eşidər və ölkə mediası ictimai rəy yaradan quruma çevrilərdi. O zaman söyüş kampaniyası aparanların sözünün çəkisi də azalardı.

Hesab edirəm ki, həmin əskikliyi bu gün də düzəltmək mümkündür. Mətbuata, sözə hörmət göstərməklə, qaldırılan məsələləri dərhal həll etməklə Azərbaycan mediasının hörmətini özünə qaytarmaq və ictimaiyyətin gözünü xaricdən ölkəmizə çəkmək olar. Bunun üçün isə ölkə rəhbərliyinin media siyasəti dəyişilməli, hakimiyyətin söz üzərində yaratdığı nəzarət qurumlarının fəaliyyətinə yenidən baxılmalıdır. Bu qurumları özlərinin qohum-əqrəbalarının, məddahlarının qidalandıqları süfrəyə çevirənlər isə yürütdükləri uğursuz siyasətlərinin, dövlət yardımı adına mənimsədikləri kapitalların hesabatını verməlidirlər.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 767          Tarix: 15-03-2018, 23:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma