Xəbər lenti

   

Bir neçə gün öncə Qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərini dövlət adamı səviyyəsində qəbul edərək, Azərbaycandan nota “yeyən” ABŞ dünən də Çinin ərazi  bütünlüyünü şübhə altına alıb. Çinin Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatından belə çıxır.

“Hürriyyət”-in məlumatına görə, Nazirlik sözçüsü Lu Kanqın adından yayılan bəyanatda bildirilir ki, bu ölkə də eyni səbəblə ABŞ-a nota göndərib.

Bəyanatda Trampın Tayvana səfər qərarını imzalamasına qətiyyətlə qarşı çıxılır və Vaşinqton rəhbərliyinə nota verildiyi bildirilir.

 Sözügedən qərarın hüquqla heç bir əlaqəsi olmamaqla bərabər, "vahid Çin" prinsipinin ciddi şəkildə pozulduğu vurğulanan bəyanatda bu addımın Tayvanın müstəqillik tərəfdarlarına "ciddi səhv siqnal göndərdiyini" dilə gətirilib.

 "Çin ABŞ-ı öz səhvini düzəltməyə, Tayvanla münasibətləri və əlaqələri artırmağı dayandırmağa çağırır"-bəyanatda belə deyilir.

Bəyanatda, həmçinin, Vaşinqton rəhbərliyi Tayvan məsələsini diqqətli və uyğun bir şəkildə ələ almağa, Tayvan boğazında sülh və sabitliyə zərər verməkdən çəkinməyə çağırılır.

 

Çin XİN-nin bu cür nota verməsi səbəbinə gəlincə; ABŞ Prezidenti Donald Tramp dünən Tayvanla qarşılıqlı səfərlərin keçirilməsini və ziyarətlərin “ehtiramlı” təşkilini  nəzərdə tutan qərar imzalamışdı. Bu isə faktiki olaraq Tayvanı bir dövlət kimi tanımaq anlamına gəlirdi.

Qeyd edək ki, Tayvan da Çinin “Qarabağ problemi”dir. Qarabağdan yeganə fərqi ondadır ki, Tayvan hakimiyyəti və xalqı da çinlidir. Çində 1949-cu ildə Mao Zedonqun hakimiyyətə gəlməsi ilə bəzi hökumət üzvləri Tayvana qaçaraq adanın müstəqilliyini elan etmiş və milliyyətçi Çin adlandırdıqları dövləti qurmuşdular.

 Pekin rəhbərliyi isə bu müstəqillik bəyannaməsini qəbul etməmiş, "vahid Çin" prinsipini əldə rəhbər tutaraq, ölkəni beynəlxalq qurumlarda yalnız özlərinin təmsil etdiyini və Tayvanın müstəqilliyinin tanınması halında adaya hərbi müdaxilə edəcəyini rəsmən bildirmişdir.

ABŞ indiyə qədər dəfələrlə Tayvanı dövlət kimi tanımağa cəhd etsə də, hər dəfə Çinin basqısıyla qarşılaşıb geri çəkilmişdir. Qeyri-adi təbiətilə seçilən Trampın bu dəfəki etiraza əhəmiyyət verib-verməyəcəyi isə bilinmir.

 

ABŞ-ın Tayvanı müstəqil dövlət kimi tanımaq cəhdinin isə çox önəmli səbəbi var. Bəlli olduğu kimi, ABŞ-ın imperiya siyasəti dünya su hövzələri üzərində hegemonluq fəlsəfəsinə söykənir. Çin isə bu hegemoniya üzərindəki harmoniyanı pozan ən böyük əngəllərdən biridir. Çünki Sakit okeanın qərb hissəsi, Şərqi və Cənubi Çin dənizi, Sarı dəniz kimi önəmli su hövzələri Çinin nəzarəti altındadır. Həmin su hövzələri dünya dəniz ticarətinin 40%-dən çoxunu özündə cəmləşdirir. Bu isə Çinin həm də iqtisadi cəhətdən yüksəlişi deməkdir.

Pekinin nəzarətində olan su hövzəsinin tam ortasında isə Tayvan yerləşir. Dolayısıyla Tayvan müstəqillik əldə edərsə, Çin nəzarət etdiyi dəniz sərhədlərini xeyli itirər və iki dövlət arasında yaranan ixtilaf Tayvanı ABŞ-dan asılı vəziyyətə salar. Beləcə, ABŞ-ın qlobal su hegemoniyası da önəmli ölçüdə tamamlanar.

Heydər Oğuz

“Hürriyyət”




Ana səhifəyə qayıt        Baxış: 1 232          Tarix: 17-03-2018, 22:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma