Xəbər lenti

 

“Düzü, nə və niyə baş verdiyini anlamıram. Bu tərəfdən də Əli Kərimlinin zombiləri dünəndən düşüblər mənim üstümə: təhqir, böhtan, qaralama. Əli Kərimlinin məni niyə hədəf seçib, bilmirəm. Aslan İsmayılovun da istəyi mənə aydın deyil. Nəyi araşdırmalıyam mən? Vidadi İsgəndərlinin çəkdiyi adları mən tanımıram axı”.

Ovqat.com xəbər verir ki, bu sözləri tanınmış ictimai xadim və hüquqşünas Qurban Məmmədov həmkarı Aslan İsmayılovun bu gün facebook səhifəsindən paylaşdığı statusu şərh edərkən deyib.

Onun sözlərinə görə, bu cür məsələləri araşdırmaq jurnalistlərin işidir. Bununla belə, Aslan İsmayılovun ona böyük köməyi keçdiyini etiraf edən Qurban Məmmədov deyib:

“Aslan mənim vəkilim olub, övladlarıma mənim ağır günlərimdə mənəvi dayaq olub. Yolumda əziyyət çəkib təmənnasız. Son vaxtlar mənə qarşı sərgilədiyi ögey münasibəti başa düşə bilmirəm. O mənə qarşı nə desə də, mən ona qarşı pis mövqe sərgiləmərəm heç vaxt. Bu, ilk növbədə millətə yazıq olar. Özümüz bir şey olmasaq da, ictimai rəyə ziyan dəyir, gənclərin ümidləri ölür, cəmiyyətdə ruh düşkünlüyü dərinləşir”.

Həmsöhbətimiz Əli Kərimli ilə başqalarının eyni vaxtda onun üstümə gəlmələrinin səbəbini anlaya bilmir: “İndiki məqamda bu kimə lazımdır? Birləşmək, cəmiyyəti birləşdirmək vacib olan bir məqamda bu baş verənlər kimin maraqlarına xidmət edir? Əli Kərimli öz zombiləri vasitəsilə məni nüfuzdan salmağa çalışmaqla nəyə nail olmaq istəyir? Mənim ki, heç bir iddiam yoxdur. Yalnız ölkədə sivil, əxlaqlı, normal siyasi mübarizə şəraitinin olmasını istımişəm. Aslan İsmayılovu isə xalqımın gərəkli şəxsiyyətlərindən hesab edirəm”.

Qeyd edək ki, tanınmış hüquqşünas Aslan İsmayılov öz facebook səhifəsində bunları yazmışdı:

“Əgər tanıdığım bir neçə nəfər Vidadi İsgəndərlinin haqqımda səsləndirdiyi böhtan və təhqirlərə cavab verməyimi təkid etməsələr, heç nə yazmayacaqdım. Haqqımda deyilənlər böhtan və təhqirdir. Səbəbini də bilmirəm. Sadəcə səhifə vasitəsi ilə adları çəkilən şəxsləri tanıyanlardan xahiş edirəm ki, deyilənlərə onların özlərinin münasibətini öyrənib yaysınlar.

Bir də çox xahiş edirəm ki, savadlı hüquqşünas kimi tanıdığım, V. İsgəndərlinin özünə ağsaqqal hesab etdiyi Qurban Məmmədov deyilənləri araşdırıb sosial şəbəkələrdə bir məlumat yaysın”.




Ana səhifəyə qayıt        Baxış: 3 148          Tarix: 30-03-2018, 01:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma