Xəbər lenti

   

Günlərdir, Suriyaya gözlənilən hücumlar bu gecə baş verib.

“Hürriyyət” xarici mətbuata istinadən xəbər verir ki, hava hücumlarını 3 dövlət - ABŞ, Fransa və Böyük Britaniya həyata keçirib.

ABŞ Prezidenti Donald Trampın əvvəlcədən elan etdiyi hücumlar zamanı paytaxt Dəməşq və Xüms şəhərlərində partlayış səsləri eşidilib. ABŞ Müdafiə Nazirliyi Suriyaya hava hücumu etdiklərini təsdiqləyib və hələlik əməliyyatlara son verdiklərini açıqlayıb.

3 dövlətin birgə düzənlədiyi hava əməliyyatından əvvəl ABŞ Prezidenti Donald Tramp planlaşdırılan hücumların anonsunu verərək demişdi: "Qısa müddət əvvəl Amerika hərbi qüvvələrinə Əsədin kimyəvi silah müəssisələrinə hücum etmək tapşırığı verdim”.

Daha sonra ABŞ prezidenti İngiltərə və Fransa ilə birlikdə kollektiv əməliyyat hazırda başladıqlarını bəyan etmiş və hər iki ölkəyə də təşəkkürünü bildirib.

Tramp, həmçinin, hərbi əməliyyatların bəhanəsi kimi göstərilən Suriya diktatoru Bəşər Əsədin Şərqi Qutaya kimyəvi təcavüzünü də qınamış və bunu bir quldurun törətdiyi cinayət adlandırıb:

"Bunlar normal bir adamın hərəkətləri deyil, bir quldurun törətdiyi cinayətlərdir. Bugünkü addımımız kimyəvi silah istehsalına və istifadəsinə qarşı daşındırıcı cavabdır. Suriya rejimi kimyəvi elementlərin silah kimi istifadəsindən vaz keçməyənə qədər İngiltərə və Fransa ilə bunun qarşılığını verməyə davam edəcəyik”.

 

 ABŞ prezidenti öz çıxışında Suriya rejiminə hərbi dəstək verən İran və Rusiyaya da mesaj göndərib:

"Bu gün cinayətkar Suriya rejiminə ən çox hərbi avadanlıq, maliyyə verən və onu dəstəkləyən iki dövlətə - İran və Rusiyaya mesajım var: Hansı millət günahsız qadın, uşaq və kişiləri kütləvi şəkildə qətlə yetirən cinayətlə əlaqəli olmaq istəyər? Cəmiyyətlər dostluqlarını davam etdirdikləri ölkələrlə qiymətləndirilir. Heç bir dövlət vəhşi diktatorları dəstəkləyərək uzun müddət duruş gətirə bilməz. Rusiya indiki qaranlıq yolda yürüyüşünə davam edəcəyinə, yoxsa mədəni millətlər arasında sabitlik və sülh üçün bir güc olacağına qərar verməlidir".

Çıxışında ABŞ-ın İŞİD-lə mübarizədə mühüm bir nailiyyət qazandığını ifadə edən Tramp Suriyada uzun müddət qalmaq niyyətində olmadıqlarını da açıqlayıb: “Vaxtı gələndə əsgərlərimizin yenidən evə qayıtmasını təmin etmək istəyirik".

 Donald Trampın Suriyaya hücum əmrini verdiyini açıqlamasının ardından İngiltərənin Baş naziri Tereza Mey və Fransa prezidenti Emmanuel Makron da media qarşısına çıxıb.

İngiltərənin Baş naziri Suriyaya qarşı hərbi güc işlətməkdən başqa alternativlərinin olmadığını bildirib: “Kimyəvi silahdan istifadə edilməsinin normallaşmasına yol verə bilmərik".

Emmanuel Makron isə orduya müdaxilə əmrini verdiklərini açıqlamaqla yetinib.

Maraqlıdır ki, hücumlar sırasında Suriyanın havadan müdafiə sistemlərinin aktiv fəaliyyətdə olub. Xarici media qurumları isə paytaxtı Dəməşqdə partlayış səslərinin eşidildiyini bildiriblər. Bu da Rusiya və Suriyanın xeyli güvəndikləri havadan müdafiə sistemlərinin çox da işə yaramadığından xəbər verir.

 

Hücumda ABŞ-ın “Tomahawk” raketlərindən istifadə edildiyi bildirilir. “Reuters” agentliyi hücum zamanı ən azı bir elmi-tədqiqat kompleksinin və bir neçə hərbi bazaların vurulduğunu xəbər verib. Suriyanın rəsmi xəbər agentliyi də silah anbarlarının yerlə yeksan olunduğunu təsdiqləyib. Pentaqon isə bu baza və anbarların adi hərbi obyekt deyil, kimyəvi silah deposu olduğu iddiasındadır.

ABŞ Müdafiə naziri Ceyms Mattis və Baş Qərargah rəisi Josef Danford əməliyyatdan əvvəl Rusiyaya "normal brifinqlərdən başqa" hər hansı məlumat verilmədiyi açıqlayıb.

 

 Ceyms Mattis vurulan hədəflərin kimyəvi istehsal və saxlama mərkəzlərinin olduğunu iddia edərək deyib: "Əsəd bir daha kimyəvi silahlardan istifadə edərsə, hücumlar yenidən başlayacaq. Hələlik isə hücumları dayandırdıq”.

Mattis çıxışında ABŞ-ın ötən il də Suriyaya bənzər hücumlar etdiklərini xatırladıb:

"Ötən il kimyəvi hücumuna cavab olaraq ABŞ bu silahlardan istifadə edilən bazaları vurmuşdu. Bu gün də Tramp hərəkətə keçmə qərarını dünyaya çatdırdı. Fransa və İngiltərə ilə birlikdə Suriyanın kimyəvi silah anbarlarını vurmaq qərarı aldıq. Bu hərəkat Suriya rejiminə qarşıdır və mülki can itkisi olmaması üçün səy göstəririk. Əsəd daha əvvəlki müdaxilələrdən lazımi dərsi almamışdır. Kimyəvi silahlardan istifadənin qadağan edilməsi kontekstində bütün dünya ölkələrini Əsəd rejimini qınamağa çağırırıq”.

ABŞ Müdafiə nazirinin bu qınama çağırışına ilk cavab Rusiyadan gəlib. Amma Dumanın Müdafiə Komitəsi sədri Aleksandr Şerin Suriyanı deyil, ABŞ-ı qınayıb: "ABŞ Suriyaya qarşı hücumlar təşkil edərək bütün beynəlxalq normaları pozur və Rusiya bunu təcavüz aktı kimi qiymətləndirir”.

Şerin açıqlamasında Trampa da ilişib və onu Hitlerlə müqayisə edib: "ABŞ Prezidenti Tramp yalnız dünya miqyaslı bir günahkar deyil, ikinci Adolf Hitlerdir. Dəməşq isə ikinci Belqraddır. Bu hücum bir dönüş nöqtəsidir, suveren bir dövlətə qarşı müharibə elanıdır”.

 Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov da hücumlara səssiz qalmayıb. O, hücumla bağlı açıqlamasında hərbi müdaxilənin cavabsız qalmayacağını bildirib:

"Bizi ən çox narahat edən hadisə baş verdi. Çağırışlarımız nəzərə alınmadı. Əvvəlcədən hazırlanan ssenari tətbiq olundu. Biz bu kimi aksiyaların nəticəsiz qalmayacağı barədə ABŞ-a xəbərdarlıq etmişdik. Bu nəticələrin bütün məsuliyyəti Vaşinqton, London və Parisin üzərinə düşür”.

 

Nə baş vermişdi?

Suriyanın paytaxtı Dəməşqə bağlı Şərqi Qutanın Duma qəsəbəsinə 7 Aprel gecəsi həyata keçirildiyi iddia edilən kimyəvi hücum sonrası ABŞ başda olmaqla Qərb ölkələri təcavüzdə Dəməşq rəhbərliyini günahlandıraraq "hərbi cavab veriləcəyi" açıqlamışdılar. 70 nəfərin həyatını itirdiyi bildirilən hücumdan sonra ABŞ və Rusiyanın hadisənin araşdırılması ilə bağlı Birləşmiş Millətlər Təhlükəsizlik Şurasında qaldırdıqları təkliflər qarşılıqlı rədd edilmişdi. ABŞ prezidenti Donald Tramp 11 apreldə paylaşdığı bir statusunda Rusiyaya mesaj verərək, "yeni, gözəl və "ağıllı” raketlər gəlir" demişdi.

 Daha sonra Putinin bu təhdidə mülayim cavabı ABŞ prezidentini də xeyli yumşaltmışdı. Tramp paylaşdığı ikinci mesajında Rusiyanı dostluğa çağırmışdı:

“Rusya ilə münasibətlərimiz, Soyuq müharibə də daxil olmaqla, hər zamankından daha pisdir. Bunun üçün heç bir səbəb yoxdur. Rusiya iqtisadiyyatları bizə yardımçı olmalıdır və bunu etmək çox asandır. Birlikdə işləmək üçün bütün millətlərə ehtiyacımız var. Silahlanma yarışını dayandıraq, bəlkə?”

Bu qarşılıqlı deyişmədən cəmi bir gündən sonra Rusiya Suriyanın Tartus limanındakı gəmilərini tələm-tələsik çıxarmış və Qara dənizə çəkilmişdi. Bunu isə təhlükəsizlik amiliylə əsaslandırmışdı. Ardınca da ABŞ, İngiltərə və Fransanın Suriyaya hücumları başlandı.




Ana səhifəyə qayıt        Baxış: 2 604          Tarix: 14-04-2018, 09:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma