Xəbər lenti

  

 ABŞ Prezidenti Donald Trampın dünən Ağ Evdə keçirdiyi mətbuat konfransının gündəmində yenə İran məsələsi vardı.

“Hürriyyət”-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti dünənki brifinqdə ölkəsinin nüvə müqavilədən ayrılacağından sonra yaşana biləcəklərə aydınlıq gətirib.

Jurnalistlərin “Bu qərardan sonra İran yenidən nüvə proqramına davam edə bilərmi” sualına ABŞ prezidenti özünəməxsus təhdidkar üslubla cavab verib:

"İrana bunu etməməsini məsləhət görürəm. Əgər etsələr, nəticələri ağır olacaq".

Donald Tramp çıxışında Şimali Koreya ilə ABŞ arasında son zamanlar müşahidə olunan yaxınlaşmalara da toxunub. O, bu məsələdə də əvvəl dediyi sözlərdən geri çəkilib. Daha əvvəl Kim Jong Unla keçiriləcək görüş üçün ən uyğun yerin iki Koreya sərhədində yerləşən “Əsgərdən Arındırılmış Bölgə” (DMZ - Demilitarized Zone) olduğunu dilə gətirən Tramp dünənki açıqlamasında bunu təkzib edib. Bu dəfə Tramp görüş yerinin 3 gün ərzində açıqlayacağını və buranın DMZ olmayacağını bildirib.

Mətbuat konfransında Şimali Koreya ilə sürətlənən diplomatik addımlarından bəhs edən prezident rəsmi Pxenyanın əlindəki 3 amerikalının azad edilməsi məsələsində Dövlət Departamentinin sədri Mayk Pompeoya və Şimali Koreya lideri Kimə təşəkkür edib və iki dövlət arasında münasibətləri yaxşılaşdırmaq üçün imzalanması gözlənilən müqavilədən danışıb:

"İki tərəf də bir müqaviləni müzakirə etmək istəyir. Güman edirəm ki, bütün dünya üçün yaxşı  nəticələri olacaq bir müqaviləni müzakirə etmək üçün gözəl şansımız var".

Zənnimizcə, Trampın eyni mətbuat konfransında həm İran, həm də Şimali Koreya məsələsi üzərində dayanması təsadüfi deyil. Nədək ki, hər iki mövzunun bir-biriylə üzvi əlaqəsi var.  Bu əlaqəni anlamaq üçün Şimali Koreyanın indiki vəziyyətə gəlib çıxmasının səbəblərinə nəzər salmaq kifayətdir.

Məlum olduğu kimi,  Şimali Koreya ilə ABŞ arasında da 1994-cü ildə nüvə müqaviləsi bağlanmışdı. 2015-ci ildə İranla məşhur “altılıqlar” arasında imzalanan saziş kimi. Rəsmi Pxenyan həmin vaxt da eynilə İran kimi əlindəki bütün zənginləşdirilmiş atom izotoplarını Beynəlxalq Atom Enerjisi Təşkilatına təhvil vermiş, bir neçə nüvə santralını bağlamışdı. Qurumun müşahidəçilərinə ölkədə nəzarət imkanı yaradan Pxenyan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirirdi. Hər şey öz axarında getdiyi bir zamanda  2001-ci ildə ABŞ-da hakimiyyətə Corc Buş gəldi. Eynilə Tramp kimi. Bununla da hər şey alt-üst oldu. ABŞ-ın yeni prezidenti Şimali Koreyanı, İranı və Əfanıstanı öz məşhur “şeytan üçbucağı”na aid etdi və müharibə hədəfi olaraq göstərdi. Beləcə, 1994-cü ildə bağlanan nüvə sazişi də ləğv olundu. Pxenyan da buna laqeyd qalmadı. Ölkəsindəki bütün beynəlxalq müahidəçiləri qovdu və nüvə silahı istehsalına yenidən başladı. Nəticədə 1994-cü ildə Şimali Koreyanın əlində bir və ya iki atom bombası olduğundan şübhə edilirdisə, indi onun ən azı 60 atom bombası var. Ötən il hidrogen bombasını da uğurla həyata keçirən Şimali Koreya özünün toxunulmazlığını təmin etməyi bacardı. İndi onunla hərbi təhdid diliylə danışmaq mümkün deyil. Əks halda Pxenyanın hərbi arsenalındakı nüvə gücü böyük qlobal fəlakətlərə yol aça bilər. Bu qlobal fəlakətin əsas təhdidi altındakı ölkələr - qonşuluğundakı Çin, Hindistan, Pakistan və Rusiya da baş verənlərə laqeyd  qalmaz və dünya nüvə qiyamətiylə üzləşər.

Artıq Pxenyanla yalnız iqtisadi sanksiyalarla danışmaq mümkündür ki,  ABŞ da son zamanlar bunu həyata keçirir və Şimali Koreya liderini ram etməyə çalışırdı. Son zamanlar iki ölkə arasında yaxınlaşmalar da bunun nəticəsidir.

Yeri gəlmişkən, Şimali Koreyanı nüvə silahı istehsalına məcbur edən də yenə ABŞ olmuşdu.  II Dünya müharibəsindən sonra Koreyanın ikiyə bölünməsiylə razılaşmayan Pxenyan hakimiyyəti 1950-ci ildə 38-ci paraleli keçərək, öz ölkəsini silah gücüylə birləşdirməyə çalışmışdı. Beləcə 3 il davam edən Koreya müharibəsi başlamışdı.

Şimali Koreyada daş üstündə daş buraxmayan, əhalinin 20%-dən çoxunun ölümüylə nəticələn bu müharibə sırasında ABŞ-ın həmin ölkəyə nüvə bombası atmaq istədiyi və bunu açıq şəkildə rəsmi Pxenyana çatdırıraq təhdid etdiyi indi sirr olmaqdan çıxıb. Həmin müharibədə ABŞ ordularına komandanlıq edən general Duqlas Makarthur 1954-ci ildə ildə verdiyi geniş müsahibəsində də bunu etiraf etmiş və müharibəni 10 gün ərzində bitirməsinə icazə verməyən Vaşinqtonu “ağ yuyub qara sərmişdi”. Makarthurun planına görə, Şimali Koreyaya 30 və ya 50 atom bombası atılmalı, onun Çinlə sərhədləri nüvə bombardımanı nəticəsində keçilmez hala gətirilməli idı. Beləcə, Çinin Şimali Koreyaya yardım imkanları əngəllənə bilərdi. Ancaq ABŞ Dövlət Departamenti və BMT əvvəl razılaşdıqları bu planı daha sonra rədd etmişdilər.

Müharibədən sonra Pxenyan ayaqda qalmaq, öz suverenliyini qorumaq üçün nüvə gücünə sahib olmağın əhəmiyyətini anlamış və nə qədər çətin şərtlər altında olsa da, bu işə diqqət ayırmışdı. Üzərindən keçən 65 il ərzində Şimali Koreya acından ölməsi bahasına nüvə gücünə çevrilmişdir.

1994-cü ildə bugünkü İran kimi nüvə sazişiylə dinc həyata qədəm qoyacağına inanan, amma üzərindən 7 il keçəndən sonra “şeytan üçbucağı”na daxil edilən Şimali Koreya təcrübəsi İran üçün ibrət dərsi xarakterindədir. Üstəlik, başı Şimali Koreyaya qarışan ABŞ İranla da ixtilafa girə bilmirdi. Tam bu sırada Şimali Koreyadan ABŞ prezidentini rahatladan addım  atıldı. Ağırlaşdırılmış iqtisadi sanksiyalara tab gətirə bilməyən Kim Jong Un bu il Cənubi Koreyada keçirilən qış olimpiyadalarında iki qardaş ölkənin eyni bayraq altında yarışmaq, dünya ilə inteqrasiyaya getmək istəməsini dilə gətirdi və bu istiqamətdə konkret addımlar atdı. Tramp üçün gözəl sürpriz ortaya çıxmışdı. Şimali Koreyanı ram edib İrana daha rahat yüklənmək olardı.

Bununla belə, “gözü çıxmış” Koreyadan ibrət dərsi alan İran da ABŞ-ın təhdidlərinə asanlıqla ram olacağa bənzəmir. Prinsipcə, onun əlində Şimali Koreyadan fərqli bir çox avantajlar var və sözügedən avatajlar barədə aşağıdakı linkini təqdim etdiyimiz yazıda söhbət açmışıq.

http://ovqat.com/manset/20317-ab-rana-hrbi-mudaxil-ed-bilrmi-trampn-nuv-saziindn-imtinas-n-vd-edir.html

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 4 200          Tarix: 10-05-2018, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma