Xəbər lenti

  

Son zamanlar narazı insanların bəzi məmurlar tərəfindən Heydər Əliyev Fonduna yönlədirilməsi məqsədli şəkildə ölkə rəhbərliyini nüfuzdan salma kampaniyasının aparıldığı ehtimalına yol açır. Xatırlayırsınızsa, bir müddət əvvəl fondun qarşısında toplanan şikayətçilər bunu açıq etiraf edir və başqa dövlət qapısından oraya göndərildiklərini bildirirdilər.

Bir başqa şikayətçi Cəlilabad rayon şakini Faba Nuriyevi də yerli “padşahlar” ölkə rəhbərliyinə minnətçi salıblar. Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti təqdim edirik:

  

Ovqat.com-un e-mail ünvanına göndərilən digət məktub isə bu kampaniyanın bir neçə istiqamətdə də yürüdüldüyünü təsdiqləyir. Məktubda bildirildiyinə görə, bir vətəndaşı aldadaraq, 90 min manatını alan fırıldaqçı mənimsədiyi vəsaiti Heydər Əliyev Fonduyla böldüyünü iddia edirmiş. Sözsüz ki, kifayət qədər geniş imkanlara sahib həmin fondun kiminsə fırıldaq yoluyla mənimsədiyi pula göz tikməsi qətiyyən inandırıcı görünmür. Bunun da bir nüfuzdan salma kampaniyanın tərkib hissəsi olduğunu düşünür və dövlət maraqları üçün təhlükəli hesab edirik. Məhz bu səbəbdən də şikayət məktubunu ictimailəşdirərək müvafiq qurumları təhlükədən xəbərdar etmək istəyirik:

  

Azərbaycan Respublikasının Prezidenti

Cənab İlham Əliyevə

 

Azərbaycan Respublikasının Baş Prokuroru

Cənab Zakir Qaralova

 

Azərbaycan Respublikasının Ədliyyə Naziri

Cənab Fikrət Məmmədova

 

M Ü R A C İ Ə T

 

Hörmətli Cənablar!

28 aprel 2015-ci il tarixində, yaxın tanışımız Hüseynbəyli Təbriz Famil oğluna borc müqaviləsi əsasında notarial qaydada nəğd şəkilində 90.000 (doxsan min) manat borc pul vermişəm. Həmin şəxs borcu vaxtında qaytarmadığına görə, Yasamal rayon məhkəməsinə müraciət etmişəm və məhkəmə 2(004)-10978/2016 saylı mülki iş üzrə iddiamı tam əsaslı sayaraq 19 sentyabr 2016-cı il tarixində, Hüseynbəyli Təbriz Famil oğlundan gecikmə  faizi ilə birlikdə cəmi 96.030 manat pulun tutularaq mənə verilməsi barədə qətnamə çıxarmışdır.

Qətnamə icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə icra vərəqi göndərilməsinə baxmayaraq,  bu günə qədər ödəniş təmin edilməyib və borclu barəsində heç bir tədbir görülməyib. Hansı ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində göstərilir ki, İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər.

Həmin qanunun 12.3-cü maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur.

İcra haqqında Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində xüsusilə qeyd olunur ki, İcra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun ərizəsinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə sala bilər.

Göründüyü kimi, qanunvericilikdə icra hərəkətlərinə mane olacaq heç bir məhdudiyyət qoyulmayıb. Əksinə, icra məmuru üçün kifayət qədər əsas var ki, borclu barədə ciddi tədbirlər görüb borcun tam şəkildə ödənilməsini təmin etsin.

Əgər icra məmuru qanunlarımızın tələblərini icra etməkdən hansısa maraqlarına görə yayınırsa, birmənalı şəkildə məsuliyyətə cəlb edilməlidir. Yox, əgər borclu öz borcunu ödəməkdən boyun qaçırırsa, bu zaman icra məmuru borclunun məsuliyyətə cəlb olunması məqsədi ilə uyğun hərəkətlər etməli və aidiyyatı üzrə məhkəməyə təqdimat verməlidir. Bu hallar baş vermirsə, deməli icraçı və borclu arasında maddi sövdələşmə faktı mövcuddur. Əks halda, icra məmuru qanunlarımıza qarşı bu qədər laqeyd davranmaz və hörmətsizlik etməz.

Bir məqamı da qeyd etmək istəyirəm ki, Hüseynbəyli Təbriz Famil oğlu məndən başqa ayrı-ayrı şəxslərə də, külli miqdarda pul borcludur. Belə ki, 2(103)-4142/14 saylı digər mülki iş üzrə iddiaçı Quliyev Nadir Nuruş oğlunun iddiası təmin edilsə də, Hüseynbəyli Təbriz Famil oğlu onun da borcunu ödəməyib və icra sənədinin icrası Yasamal rayon İcra şöbəsi tərəfindən bu günə qədər təmin edilməyib. Bu da sübut edir ki, borclu ilə icra məmuru arasında ciddi razılaşma var və buna görə də, borclu Hüseynbəyli Təbriz Famil oğlu hər yerdə özündən razı şəkildə bildirir ki, lazımi yerlərin haqqını lazımi qədər çatdırmışam və heç kim mənə heç nə edə bilməz. Hətda, Hüseynbəyli Təbriz Famil oğlu yaxın qohumlarımızdan birinə bildirmişdir ki, guya, bizdən aldığı borcun 50% hissəsini Heydər Əliyev fonduna köçürüb və orada çalışan yüksək vəzifəli şəxs ona deyib ki, bundan sonra heç kim sənə güldən ağır söz deyə bilməz. Heç kimin borcunu ödəmə və heç kimində çağırışına getmə.

Hörmətli Cənablar!

Ulu öndərimiz Heydər Əliyevin qızıldan qiymətli kəlamını belə məqamda xatırlamaya bilməzdim: - Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.

Göründüyü kimi, borclu Hüseynbəyli Təbriz Famil oğlu cəzalanmamasından sui istifadə edərək, mötəbər təşkilatın, Heydər Əliyev Fondunun adını hallandırmaqla qanunlarımıza hörmətsizlik etməkdədir. Bu isə faktiki olaraq cinayətdir!

Odur ki, yuxarıda göstərdiklərimi və mənə dəymiş külli miqdarda maddi zərərin ödənilməsinin zəruriliyini nəzərə alaraq, müraciətimi nəzarətə götürməyinizi və lazımi qaydada sərt tədbirlərin görülməsi məqsədi ilə, əlaqədar şəxslərə göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Qanunlarımızın aliliyinin qorunması naminə, mənə göstərəcəyiniz köməkliyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

İmza:

Əhmədov Ruslan Rafiq oğlu




Ana səhifəyə qayıt        Baxış: 2 939          Tarix: 22-05-2018, 00:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma