Xəbər lenti

 

Son günlər ADP sədri Sərdar Cəlaloğlu ilə bağlı bir sıra saytlarda kəskin yazılar yayılır.

Sərdar Cəlaloğlunu yalançı patriotluqda, yalançı alimlikdə suçlayırlar.

 

Ortada hər hansı bir seçki kampaniyası və bu kimi siyasi gündəmi qızışdıran prosesin olmadığı bir vaxtda bu cür yazıların nədən qaynaqlandığı maraqlıdır. Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ona qarşı haqsız kampaniya aparılır və bu kampaniyanı arxasında kimlərin dayandığını bilir: “Seçkilərdən öncə də belə bir kampaniya olmuşdu. Mənim təsisçisi olduğum “Hürriyyət” qəzetində “Azadlıq” Radiostansiyasında yayılmış bir karikatura dərc olunmuşdu. Karikaturada Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu xan geyimində vermişdilər. Bundan dərhal sonra Naxçıvana aid dairələrdən olan deputatlar və digər bir neçə nəfər mənə hücuma keçmişdilər. Elə bilirdilər ki, bu karikaturanı mən təşkil etmişəm. Halbuki, mən ümumiyyətlə “Hürriyyət”in işinə qarışmıram. Kitab yazdığım və vaxtım olmadığı üçün hətta çox vaxt “Hürriyyət”i oxuya da bilmirəm. Hətta bəzən o qəzetdə mənim öz əleyhimə yazı çıxır. O zaman bir müddət mənə qarşı təhqir kampaniyası aparıldı.

 

Bu dəfə ki, mənə qarşı başlanan hücum keçən dəfəki hücumla mahiyyətcə eynidir. Belə ki, mənim aprel şəhidi olan qardaşım oğlu rəhmətlik mayor Rasim Məmmədovun ailəsinə təxminən bir il əvvəl Ramanıda tikdiyimiz kiçik evin hasarını bu yaxınlarda söküblər. Divarları şəhidin uşaqlarının üstünə uçurublar. Rasimin uşaqlarına o evin tikildiyi iki sot torpağı yığışıb öz pulumuzla almışıq, çünki uşaqların qalmağa evi yox idi, bacım oğlu gildə qalırdılar. Şəhid ailəsinə ev tikilməsinə icazə verilməsinə Prezidentin köməkçisi Əli Həsənovun köməyi olmuşdu. Sabunçu rayonunun icra başçısı da o evin tikilməsinə köməklik göstərmişdi.

 

Həyətin divarı alçaq olduğu üçün küçədən keçənlər evin içini görürdü. Evdə isə şəhidin xanımı və iki qız uşağı yaşayır. Buna görə də yaxınlarda qərara gəlinib ki, divarın üstündən iki-üç sıra daş əlavə edilsin. İki həftə əvvəl gəlib divarı uçurublar. Halbuki, əvvəldən bilirdilər ki, orada şəhid ailəsi yaşayır. Ümumiyyətlə, insanın mülkiyyət hüququ ölkənin Konstitusiyası ilə qorunur. Heç kimin bu hüquqa məhkəmə qərarı olmadan müdaxilə etmək ixtiyarı yoxdur. “Hürriyyət” qəzeti də bax bu baş verənlərlə bağlı açıq məktub yazıb. Şəhid ailəsinə qarşı bu qanunsuzluğu edənlər barədə dövlətin tədbir görməli olduğunu qeyd edib. Bundan sonra bir sıra qaranlıq işlərə bulaşmış, haram yerdən maliyyələşən bəzi saytlarda mənə qarşı kampaniya başlanıb. Qəzet qalıb kənarda, o yazını verənlər qalıb qıraqda mənə hücuma keçiblər. Mənə qarşı guya öz aləmlərində kompromat tapıblar, yazırlar ki, Sərdar Cəlaloğlu bir kəlmə ərəb dilində bilmir, amma Qurana təfsir yazmağa çalışır, üç oğlu var əsgərliyə getməyiblər. Tualet kağızı rolunu oynayanlardan mənim əleyhimə açıqlamalar alıblar. Ağızlarına gələni mənim ünvanıma yazırlar, açıq kampaniya aparılır”.

 

S.Cəlaloğlu ona qarşı kampaniyaya dünən eks-prezident Ayaz Mütəllibovu da qoşduqlarını qeyd etdi: “İndi də kampaniyaya Ayaz Mütəllibov kimi şəxsiyyəti və ləyaqəti şübhəli olan bir adamı qoşublar. Ayaz Mütəllibov məni vətənin maraqlarını nəzərə almamaqda suçlayıb. Azərbaycana rus qoşununu Azərbaycana dəvət edən, xalqının qanına əli bulaşmış bir adam utanmadan məni vətənin maraqlarını nəzərə almamaqda ittiham edir. Ayaz Mütəllibov şəhid övladlarının evinin hasarını uçuranlara qarşı çıxmaq əvəzinə mənə hücum edir. Birazdan yəqin digər utanmaz, abır-həya nədir bilməyən adamları bu kampaniyaya qoşacaqlar”.

 

S.Cəlaloğlu oğlunun hərbi xidmətə getməməsi ilə bağlı deyilənlərin qərəzdən və bəlkə məlumatsızlıqdan doğduğunu da dedi: “Gedib Müdafiə Nazirliyindən və Hərbi Komissarlıqdan soruşsunlar ki, Sərdar Cəlaloğlunun oğlu niyə əsgərliyə getməyib. Onda onlara deyiləcək ki, həmin oğlanın ayağının bir birindən nisbətən qısa olduğu üçün hərbi xidmətə yararlı deyil. Oğlum dəfələrlə təkid edib ki, onu əsgər aparsınlar, lakin qeyd etdiyimi məsələni əsas göstərib aparmayıblar. Hətta mən də xahiş etmişdim ki, hərbi xidmətə aparsınlar. Lakin aparmadılar”.

 

 

Etibar SEYİDAĞA,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 740          Tarix: 12-06-2018, 00:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma