Xəbər lenti

  

“Müasir hekayəyə bir nəzər”ə bir nəzər

Azərbaycan ədəbiyyatşünaslığında ən ciddi problem yaşayan sahə ədəbi tənqiddir. Sovet hakimiyyətinin qurulmasıyla klassik ənənələrindən qoparılan ədəbiyyatımız kimi, ədəbi tənqidimiz də yeni dövrün qaydalarına uyğun şəkildə dar çərçivələrə sığdırıldı. Sovet ədəbi prinsipləri sosialist nəzəriyyələrin arxasınca süründü, əsərlərdə siyasi çalarlar axtarıldı, mətnlərə ağ-qara gözlüyündən baxan yeni ədəbi tənqid ənənələri  yarandı. Keçmişindən qoparılmış bugünümüz bədii-estetik dünyagörüşümüzü də qısırlaşdırdı. Bu da səbəbsiz deyildi. Keçmişi olmayan zaman anlayışına söykənən ədəbi yanaşmalar yeni insan tipi yaratmağa hesablanmışdı – sovet insanı tipi. Ədəbi tənqiddən çox, toplum mühəndisliyi vəzifəsini icra edən bu anlayış hər şeyə “məndən deyilsənsə, mənə qarşısan”, “tanıdıqlarım mütləq yaxşı, tanımadıqlarım isə mütləq pisdir” prinsipini mənimsəmişdi.

Ötən əsrin 30-cu illərində Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad kimi ədəbi dühalar məhz bu özgə-doğma yanaşmalarının qurbanı oldular. Çünki bu insanlar sovet ədəbi ənənələrinə uyğun əsərlər yarada, boğazdan yuxarı şüarçılıqların əsirinə çevrilə bilmirdilər. Onların ilk represiyası isə ədəbi tənqidlə başlayırdı. O dövrün ədəbi tənqidçiləri isə yaradılan əsərlərin mahiyyətinə varadan mətnləri iki müxtəlif kateqoriyaya ayırırdılar: sosialist ideyalarını təbliğ edən və ya sosialist ideyalarına cavab verməyən əsərlər.

Müasir ədəbi tənqidimiz də məhz bu kateqoriyalara bölmək prinsipləri üzərində formalaşdı. Müasir çağımızın gətirdiyi prinsiplər isə daha dayazdır. İndi heç hansısa siyasi nəzəriyyə də axtarılmır. “Müəllif mənə yaxındırsa və ya işim düşə bilərsə, yaxşı; tanımadığımdırsa, pis yazır” prinsipi ədəbi tənqidimizin əsas meyarına çevrilib. Məhz bunun nəticəsidir ki, əsərlərin dəyərləri də müəlliflərin kimliyi və ya sosial statusları ilə ölçülür. Adətən hansısa tanınmış ədiblərin, vəzifə sahiblərinin bütün cızma-qaraları belə, mükəmməl sənət nümunəsi kimi təriflənir, tənqid edilənlər isə tanınmayanlar olurlar. Bunun ən bariz nümunəsi yazıçısı Anarın 3-ci sinif şagirdinin cızma-qarasını xatırladan şeirlərinə uzun-uzadı mədhiyyələrin qoşulmasıdır.

Ən maraqlı cəhət isə bundan ibarətdir ki, müasir ədəbi tənqidçilər pisin niyə pis, yaxşının niyə yaxşı olduğunu da izah etməyə ehtiyac duymurlar. Sadəcə “filan əsərlər şedevrdir, filan əsərlər isə ədəbi mükəmməllikdən uzaqdır” deməklə işlərini tamamlanmış sayırlar. Bir növ məhkəməsiz cəzalandırma yolunu tuturlar.

Əslində müasir ədəbi tənqidimizin  ən ciddi nöqsanı da budur. Normalda ədəbi tənqid, əsərlərin zəif və uğurlu tərəfini göstərdiyindən, bundan ən çox faydalananlar da elə tənqid atəşinə tutulanlar olurlar. Müəlliflər öz nöqsanlarını əyani şəkildə gördüyündən əsərlərinə çəki-düzən verirlər və ortaya daha yaxşı ədəbi nümunələr çıxır. Amma qeyd etdiyimiz kimi, bütün bunlar olmalı olanlardır. Azərbaycan həqiqətində isə tənqidçilər pislədikləri əsərlərin detallarına varmadıqlarından bu ədəbi faydadan da danışmaq mümkün deyil. Nəticədə bugünkü ədəbi tənqid yazılarında hədəfə alınan şairlərin, yazıçıların öz səhvlərini görə bilmədiklərindən özlərini düzəltmək şansı da yoxdur.

Bu yaxınlarda “Ədəbiyyat qəzəti”ndə dərc olunan “Müasir hekayəyə bir nəzər” sərlövhəli bir məqalə də əsərləri ağ-qaraya ayıran və detallara varmayan ədəbi tənqid nümunələrindəndir. Nərmin Cahangirova adlı tənqidçinin qələmə aldığı bu geniş məqalədə onlarla hikayədən bəhs edilir. Amma həmin hekayələrin məzmunu, sənətkarlıq keyfiyyəti üzərində durulmur. Sadəcə müəyyən əsərlərin “bədii-estetik” cəhətdən mükəmməlliyindən, bəzilərinin isə uğursuzluğundən söz açılır. Məsələn, müəllif yazır:

“İlin ilk hekayə kitabı Kamal Abdullanın əksər hissəsi ötən illərdə çap olunmuş hekayələrindən ibarət olan, adı da bu hekayələrin birinin adından götürülmüş "Edam vaxtını dəyişmək olmaz" toplusu oldu.  "Adaşlar", "Platon, deyəsən, xəstələnib", "Sirri-zəmanə", "Mağara", "Mənə uçmağı öyrət", "Kölgə", "Göyəzən dağının ilahəsi", "Sağlıq" "Səsimdən yapış" hekayələri maraqlı olduğu qədər, bədii-estetik baxımdan seçilən, simvolik məqamlarla zəngin, şüuraltı düşüncənin ön planda olduğu, dünyanının  fərqli halını anladan hekayələrdir.” Bu qədər. Təsəvvür edirsinizmi, bir kitabda yer alan 10 hekayə bir cümləyə sığışdırılaraq, hamısı barədə yekun rəy verilir: “maraqlı olduğu qədər, bədii-estetik baxımdan seçilən, simvolik məqamlarla zəngin, şüuraltı düşüncənin ön planda olduğu, dünyanının  fərqli halını anladan hekayələr”.

Daha sonra digər yazarların əsərlərinə keçilir: “Ötən ildə  tanınmış şair Faiq Balabəylinin son illərdə qələmə aldığı "Lənətlənmiş həyat" povesti, hekayələri və publisistik yazılarının  yer aldığı "Bayıldan bayıra" kitabı oxucuların ixtiyarına verilmiş, hər zaman maraqlı nəsr nümunələri ilə qarşımıza çıxan Natiq Məmmədlinin "Tiflis yolçuları", "Sevgi məbədində qətl", "Tututquşunun günahı" və s. hekayələri əsasında "Bekketə salam" toplusu nəşr olunmuşdur. Yazıçı-publisist, Əməkdar jurnalist Sadıq Elcanlının son illərdə yazdığı hekayə, esse, ədəbi-tənqidi və publisistik yazılarının daxil edildiyi "Sirli söz qapısı" kitabı da 2017-ci ildə  çapdan çıxan toplulardandır”.

Üç yazarın 3 kitabına cəmi 2 cümlə. Özü də heç bir qiymət verilmədən, sadəcə xəbər xarakterli. Yəni filan yazarların filan əsərləri dərc olunub.

Sual olana bilər: Ədəbi tənqid bunun harasındadır? Bir tənqidçi haqqında danışdığı əsərlərin möhtəfasına işıq tutmayacaqsa, onları niyə ələ alır? Bu “tənqidi xəsisliyi”n mənası nədir - sadəcə, oxuculara hansısa kitabın çıxması barədə xəbər verməkmi? Elədirsə, məqalənin sərlövhəsi niyə “Müasir hikayəyə bir nəzər”dir? Düzünü desəm, mən bu abzastlarda heç bir nəzərlə qarşılaşmadım.

Bir çoxları bəlkə bunu tənqidçi tərəfsizliyi ilə izah etməyə çalışa bilər. Əvvəla, tənqidçilik və tərəfsizlik anlayışları bir-birinə ziddir. Xüsusilə əbədi tənqid əsərlərində tərəfsizlik olmur. Tənqidçi əsərləri öz təfəkkür süzgəcindən keçirib onlara qiymət verir, Mirzə Ələkbər Sabirin təbirilə desək, “düzü düz, əyrini əyri, pisi həmvar” göstərməyə çalışır. Nərmin Cahangirovanın sözügedən mühakimələrində isə bu təşəbbüs gözə dəymir.

Digər tərəfdən bir çox yazarlara bu cür tərəfsiz yanaşan müəllif bəzi qələm əhlini isə bacarıqsızlıqda, təcrübəsizlikdə, həyatı bədii cəhətdən yetərsiz təsvir etməkdə günahlandırır. Yenə də öz ənənəsinə sadiq qalaraq, həmin müəlliflərin əsərlərində hansı məqamların zəif olduğu üzərində dayanmır. Sadəcə, konkret hökm verməklə işini tamamlayır:

“Son illərdə müşahidə etdiyimiz hekayə axınının nəticəsi olaraq maraqlı nümunələrin yarandığı inkaredilməz olsa da, nəsrdə yeni qələm təcrübələrini sınaqdan keçirən hekayəçilər haqqında bu fikri bildirmək asan deyil. Qəzet və məcmuələrdə boy göstərən bu mətnlərdə müasir həyatı əks etdirmək, dövrün mənzərəsini yaratmaq məqsədi qoyulsa da, problemin bədii həllinin kifayət qədər hərtərəfli işlənməməsi əsərlərin bədii gücünü zəiflədir. Xuraman Hüseynzadənin "Qatır Qulam", Aləm Kəngərlinin "Velosiped", "Oğru", Şəhla Aslanın "Quran", Məmməd Namazoğlunun "Beş manat" hekayələri bu qəbildəndir. Müəllif təhkiyəsi üzərində qurulan, banal süjetə əsaslanan bu hekayələrin modern ədəbiyyat nümunəsi kimi oxuculara təqdim edilməsi, fikrimizcə, ədəbiyyyata qeyri-ciddi münasibətin ifadəsi kimi dəyərləndirilməlidir”.  

Təsəvvür edirsinizmi, təriflənən əsərlərdə ya “jurnalist tərəfsizliyi”ni qoruyan, ya da bayağı mədhiyyəçilik üslubuna əl atan müəllif tənqidə məruz qoyduğu əsərləri “banal sənət nümunəsi” adlandıracaq qədər acımasızdır. Həm də bu “banal”lığın özünü nədə ifadə etdiyini bildirmək zəhmətinə belə qatlanmaq istəmir. “Banaldır, vəssalam”.

Doğrusunu desəm, müəllifin təriflədiyi və pislədiyi hekayələrin böyük əksəriyyətini oxumamışam. Onların nə qədər tənqidə və tərifə layiq olduğu barədə də hər hansı fikir söyləməkdən uzağam. Sadəcə, ədəbi tənqidçinin məsələlərə bu cür fərqli və mübahisəli mövqelərdən yanaşmasını qəbul etmirəm. Hətta mənim fikrimcə, hər hansı ədəbi tənqid yazısı onlarla hekayəni bir araya toplayıb ümumi qərar verəcək sahə də olmamalıdır. İŞİD-in toplu cəza məhkəməsinə və qətliam mənzərələrinə, yaxud yetimxana uşaqlarının sünnət toyuyla mükafatlandırılmasına bənzəyən bu yanaşmanın əsla ədəbi tənqidin üslubu olacağına da inanmıram. Zira ədəbi tənqidçi nə İŞİD müftüsüdür, nə də İstanbulun Böyükşəhər bələdiyyəsi. Ədəbi tənqidçi hər bir əsəri ayrıca ələ alıb, mənfi və müsbət tərəflərini göstərən peşə sahibinin adıdır. Onlarla məqaləyə eyni anda nəzər salmaq isə yalnız xəbər xarakterli yazı ola bilər. İnformatik yazılarda isə hansısa əsərə qiymət verilməz, sadəcə hansı ildəsə hansı əsərlərin dərc olunduğundan bəhs edər. Nərmin Cahangirovanın “Müasir hekayəyə bir nəzər” məqaləsi isə bu tərəfsizlikdən xeyli uzaqdır.

Qeyd edək ki, ədəbi tənqidin son zamanlar ciddilikdən uzaq araşdırma sahəsinə çevrilməsi təkcə siyasi publisist olaraq mənim deyil, bu işlə mütəmadi məşğul olan mütəxəssislərin də diqqətini cəlb edir. “Ədəbiyyat qəzeti”nin eyni sayında dərc olunan filologiya elmləri doktoru Cavanşir Yuiflinin “İlin ədəbi təndiqi: Zaman konteksindən baxış” məqaləsi də eyni narahatlığı bölüşür.  Müəllif xüsusilə ədəbi tənqidin son dövrlərdə bayağılaşdığından və bazarlığa çevrildiyindən şikayətlənərək yazır:

“Milli tənqiddə bədii əsərlərinin ciddi araşdırılma ənənəsi itmək üzrədir. Səbəblərdən biri:  tənqid təfəkkürü mutasiyaya uğrayıb, müstəqilliyini itirib, tənqid bazarlıq meydanına çevrilib. Tənqidə bu qədər ehtiyac olduğu bir zamanda onun, belə deyək, naxələfliyi dəhşətli proqnozlar doğurur. Əvvəllər bir əsəri tənqid edən adam ikinci təsadüfdə onu tərifləməyə ən azı utanardı, indi utanmaq nədir, bu işi bir neçə dəfə, təkrar-təkrar (buna karusel üsulu deyilir), usanmadan görən adamlar var”.

Toplu (kütləvi)  tənqidə də bu konteksdən nəzər salanda az sözlə, onlarla müəllifə qiymət verməyin əsl mahiyyəti üzə çıxır. Görünür, ədəbi tənqid həqiqətən də artıq kapitalistləşib.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 172          Tarix: 12-06-2018, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma