Xəbər lenti
 

Ermənistan prezidenti Armen Sərkisyanın ölkəsi tərəfindən işğal edilən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfəri həm təcavüzkar dövlətdə, həm də Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.
        
Erməni ekspertlər dövlət başçılarının Qarabağa qəfil səfərini Xankəndidəki gərginliyin yatışdırılması və bölgədə yaranan yeni hərbi-siyasi şəraitlə izah etməyə çalışırlar. Lakin bu, ekspertlər tərəfindən səfərin yalnız birtərəfli şərhi kimi qəbul edilir.
         
Siyasi şərhçilər A. Sarkisyanın sözügedən səfərinin pərdəarxasında başqa mətləblərin də dayandığını bildirirlər.
         
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu məsələni Moderator.az-a şərh edərkən bildirib ki, Ermənistan prezidentinin Qarabağa bugünkü səfəri əsasən iki məqsəd güdür. Birinci məqsəd Dağlıq Qarabağla bağlı danışıqların məsuliyyətindən yayınmaqdır. 
    
M. Əhmədoğlunun sözlərinə görə, bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri İrəvana gəlir və Ermənistanın yeni rəhbərliyi ilə əhatəli danışıqların aparılması nəzərdə tutulur: 
“Ermənistandakı konstitusiya və hakimiyyət dəyişikliyindən sonra vəziyyət dəyişib və bəzi məsələlərin aydınlaşdırılmasına ehtiyac yaranıb. Bu məsələlərdən biri Ermənistanı danışıqlarda kimin təmsil edəcəyi məsələsi, digəri isə yeni baş nazir Nikol Paşinyanın münaqişənin həlli ilə bağlı son fikirləridir. Yeni konstitusiyaya görə, N. Paşinyanın durumu elədir ki, o, Azərbaycan prezidenti ilə danışıqlar aparmaq statusunda deyil. Belə olan halda prezident kimi Ermənistanı Armen Sərkisyan təmsil etməlidir. Lakin o, dövləti təmsil etsə də, səlahiyyətləri yetərincə deyil. A. Sərkisyan isə bilir ki, indiki məqamda həmsədrlərin əlində olan sənədlərdə Ermənistan üçün məqbul olmayan təkliflər var. Belə olan halda A. Sərkisyan məsuliyyətdən yayınmaq məqsədilə həmsədrlərin İrəvana gəldiyi gün demək olar ki, onlardan qaçdı”.
       
Politoloq hesab edir ki, səfərin ikinci məqsədi, yəni “bəhanəsi” isə o oldu ki, Xankəndidə etiraz aksiyaları səngimir və gərginliyi aradan qaldırmaq üçün Sərkisyan Qarabağa gəlməyə məcbur olub. 
    
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı saytımıza deyib ki, Ermənistanın yeni rəhbərlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri daha çox siyasi mesaj xarakteri daşıyır: 
“Hazırda vasitəçilər də danışıqları fəallaşdırmaq və N. Paşinyanın mövqeyini öyrənmək istəyirlər. Çünki onun danışıqlarda mütləq Dağlıq Qarabağ ermənilərinin iştirak etməsilə bağlı fikirləri əslində prosesi ləngitməyə hesablanmış addımdır. Paşinyan yeni parlament seçkilərinə qədər, yəni hakimiyyətini möhkəmləndirənədək danışıqları bərpa etmək fikrində deyil. Lakin nə Rusiya, nə də digər vasitəçilər onun bu təklifinə müsbət yanaşmırlar. 
       
Buna baxmayaraq Naxçıvanda baş verənlər də bütün tərəfləri narahat edir. Azərbaycan burada xeyli ərazisini azad edib və son dövrlərdə aldığımız yeni silahlarını nümayiş etdirdi. Bütün bunlar göstərir ki, Azərbaycan strateji hədəflərinə doğru addımlayır. Bu da hər kəsi narahat edir. Lakin ermənilər çıxış yolu tapa bilmirlər. Görünür, Ermənistan rəhbərliyi Azərbaycana sanki mesaj xarakterli bir tədbir kimi Qarabağa səfərlər həyata keçirir”. 
Məsələnin digər tərəfi isə təcavüzkar dövlətin rəhbərlərinin beynəlxalq hüququ heçə sayaraq sərbəst şəkildə Azərbaycan ərazisinə səfər etmələri və buna Azərbaycanın necə reaksiya verməsidir.
“Azərbaycan bu səfərlərə daha sərt cavab verməli və məsələni beynəlxalq müstəvidə aktuallaşdırmalıdırmı” sualını cavablandırarkən M. Əhmədoğlu bildirib ki, Azərbaycan onsuz da Ermənistana sərt reaksiya nümayiş etdirir. Naxçıvanda baş verənlər düşmən ölkəyə qarşı ən ağır təsir kimi qəbul edilməlidir. Nikol Paşinyan vəziyyəti bilmədən nadan bəyanatlar verdi və payını da aldı.
       
Siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın cavabı əsasən hərbi müstəvidə sərt olmalıdır: “Prinsipcə, görünən odur ki, biz diplomatik yolla heç bir nəticə əldə edə bilmirik. Əsas rolu ordu oynamalıdır. Ermənistanda elə bir siyasətçi yoxdur ki, Dağlıq Qarabağı Azərbaycana qaytarmağı həyata keçirmək istəsin və ya bunu bacarsın. 
Ona görə də biz həm hərbi təzyiqi artırmalıyıq, həm də diplomatik mesajlarımızı sərtləşdirməliyik. Ancaq 2016-cı ilin aprel döyüşlərindən sonra bizim üçün geriyə yol yoxdur. Ordu öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir və son hadisələr də göstərir ki, bu istiqamətdə müəyyən irəliləyişlər var”.
E. Şahinoğlu onu da əlavə edib ki, ümumiyyətlə, bu münaqişənin sülh və danışıqlar yolu ilə həlli yoxdur. Qarşı tərəf bizim gücümüzü görməlidir ki, masadakı təklifləri də qəbul etsin.



Ana səhifəyə qayıt        Baxış: 562          Tarix: 14-06-2018, 01:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma