Xəbər lenti

 

Bugünkü sayımızda ADP sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə 50 milyonluq Azərbaycan türkünün böyük bir hissəsini təşkil edən İran və Gürcüstandakı soydaşlarımızın ana dilində təhsil ala bilməmələri, onlara qarşı tətbiq edilən basqılar, "Miqrasiya haqqında" Qanuna görə, Azərbaycan Respublikasının vətəndaşı olmayan soydaşlarımızın ingilis, ispan, fransız, hətta afrikalı kimi əcnəbi hesab olunması, onların öz tarixi yurdlarına viza ilə gedib gəlmələri, o cümlədən son günlər Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə və "SOCAR Traiding SA" şirkətinin rəhbəri Anar Əliyevə məxsus olan bir sıra saytlarda Sərdar bəyə qarşı aparılan qarayaxma kampaniyası ilə bağlı söhbətləşdik.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/serdar_celaloglu_quotxaricde_ilham_liyevin_ailesine_qarsi_teskil_olunan_kampaniyanin_eynisi_burda_mene_qarsi_teskil_olunubquot_-_msahib)

- Sərdar bəy, son günlər sizə qarşı başladılan qara piar kampaniyasında iştirak edənlər ünvanınıza xoş olmayan ifadələr səsləndirir, savadsız olduğunuzu iddia edir, hətta övladlarınızı da bu məsələdə hallandırırlar. Onlara cavabınızı öyrənmək maraqlı olardı.

- Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının bəzi akademiklərini yığsınlar, görək, onların hansısa elmdə mənim əldə etdiyim qədər nəticə əldə edibmi? Mən "Hürriyyət" vasitəsiylə bu adamların alim hesab etdiyi insanları elm sahəsində televiziya diskusiyasına çağırıram. Əgər onlar alim olduqları sahədə mənim biliksiz olduğumu sübut edə bilsələr böyük məmnuniyyətlə siyasətdən gedərəm. Bəs, bu kampaniyanı təşkil edənlər necə?! Xalqın gözü tərəzidir və kimin kim olduğunu yaxşı bilir. Ən müxtəlif sahələrə aid onlarla nəzəriyyəm, yüzlərlə elmi məqaləm və cild-cild kitablarım var. Həqiqi elmi ictimaiyyət elmi səviyyəmə bələddir. Çoxlu sayda kitabım işıq üzü görüm və indiyədək heç bir alim, ziyalı hər hansl fikrimə görə məni ittiham etməyib, əsərlərimdə və ya hansısa fikrimdə səhvə yol verdiyimi bildirməyib. Bunlarsa mənim savadsız olduğumu deyir. Yazılarımı, müsahibələrimi izləyənlər bilir ki, mənə qarşı başladılan bu kampaniya boş bir şeydir. Onlara bəllidir ki, Sərdar Cəlaloğlu hakimiyyətdə olanların hamısından kifayət qədər təhsilli, ağıllı, ziyalı və vətənpərvər bir adamdır.

- Sərdar bəy, çox maraqlıdır ki, son bir neçə gündə sizə qarşı aparılan kampaniyanın motivi dəyişdirilib. İndi sizə prezident seçkiləri zamanı irəli sürdüyünüz "Azərbaycan-Türkiyə Konfederasiyası" ideyasına görə hücuma keçiblər. Bunu nə ilə izah edə bilərsiniz?

- İlk baxışdan belə görünə bilər ki, bu kampaniyanı təşkil edənlər diqqəti Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin korrupsiya əməllərindən yayındırmaq və bu kampaniyanın arxasında Prezident Administrasiyasının durduğunu gizlətmək üçün belə addım atıblar. Düşünmək olar ki, mənə qarşı aparılan bu kampaniyada məqsədlərdən biri də hakimiyyətdəki böyük bir korrupsiya şəbəkəsi haqqında diskusiyanı tamam başqa müstəviyə yönləndirməkdir. Yəni bununla da Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin əməllərinin, işçilərinin şəhid ailəsinə qarşı özbaşınalıqlarının, eyni zamanda "SOCAR Traiding SA" şirkətinin rəhbəri Anar Əliyevin cinayətlərinin yaddan çıxmasına çalışırlar. Amma nəzərə alsaq ki, mən bu ideyanı hələ 1994-cü ildə ADP-nin birinci qurultayında "Türk Evi" ideyası kimi irəli sürmüş və həmin il çap etdiyim "Azadlığa məhkumuq" kitabımda bu ideyaya həsr edilən məqalə çap etmişəm. Və bundan sonra ardıcıl olaraq verdiyim müsahibələrdə, geopolitika ilə bağlı yazdığım məqalələrdə bu ideyanı bu və başqa şəkildə yenidən gündəmə gətirmişəm. Son dəfə bunu prezidentliyə namizəd platformamın mərkəzi ideyası kimi cəmiyyətə təqdim etmişəm.

Bütün bu illər ərzində bu gün mənə hücum edənlər, sanki indi bu ideya ilə tanış olublar. Onda aydın olur ki, əslində bu kampaniyanın arxasında Sərdar Cəlaloğluna qarşı qara piardan fərqli, daha ciddi niyyətlər durur. Əgər biz mənə qarşı aparılan kampaniyanın motivinin qəflətən dəyişdirildiyi zamana və bu kampaniyada iştirak edən fiqurların kimliyinə, onların keçmişinə diqqət etsək, əsl həqiqət üzə çıxar. Türk konfederasiyası ideyasına görə mənə qarşı hücumlar İlham Əliyevin TANAP-ın açılışı ilə bağlı Türkiyəyə səfər etməsi və orada Türkiyə-Azərbaycan dövlətləri arasındakı əlaqələrin dünyada analoqu olmaması ilə bağlı verdiyi bəyanatla eyni vaxta düşür.

Gəlin, bu ideyaya qarşı çıxanlara nəzər yetirək. Beləliklə, onlardan biri 20 Yanvar qırğınının törədilməsində dəfələrlə Heydər Əliyev tərəfindən ittiham edilən, haqqında cinayət işi qaldırılmış, Abşeron dövləti ideyasını verən, Rusiyada mühacirətdə olarkən Azərbaycanın bir quberniya kimi Rusiyanın tərkibinə qaytarılmasını açıq şəkildə bəyan edən, SSRİ-nin dağılmasının qarşısını almaq məqsədiylə bir qrup sovet rəhbərinin yaratdığı QKÇP-ni açıq şəkildə dəstəkləyən Ayaz Mütəllibovdur. İndi bu adam öz həyatını Azərbaycanın müstəqilliyi və suverenliyinə həsr etmiş Sərdar Cəlaloğlunu bu ideyanı verməklə Azərbaycan müstəqilliyinə xəyanətdə ittiham edir. O, Rusiya qoşunlarını Bakıya çağırıb, istiqlalçı qüvvələrə divan tutdurduğu vaxt, mən Naxçıvanın müdafiəsi, Azərbaycanın müstəqilliyinin əldə edilməsi üçün rus qoşunlarının qabağına sinəsini verən insanlarla bir cərgədə olmuşam. Burda deyiblər, oğru elə bağırdı ki, doğru özünü ititrdi. İndi görün, kim kimin haqqında nə danışır, kimi nədə ittiham edir?

Bu kampaniyaya qoşulanlardan biri də Araz Əlizadədir. O, vaxtilə Rusiya Sosial Demokrat Partiyasının Azərbaycan şöbəsinin rəhbəri kimi Azərbaycanın Rusiyadan ayrılmasının qəti əleyhdarlarından olub. Onun şəxsiyyəti, ləyaqəti Azərbaycanda hamıya məlumdur. Bu adam məni ittiham edir ki, guya xaricdə, İngiltərədə mükllərim var, həyat yoldaşım məndən ayrı Londonda yaşayır, oğlanlarım korrupsioner məmurların övladlarından da yaxşı yaşayır. Onun haqqında məhkəmə iddiası qaldıracam. Qoy, gəlib dediklərini orada qanun qarşısında sübuta yetirsin. Deyir ki, guya övladlarım Londonda yaşayır. Bu, tamamilə yalandır. Oğlum Londondan xeyli uzaq bir şəhərdə, özü də bələdiyyə evində qalır. Yəni şəxsi evi deyil. Eləcə də Norveçdəki oğlum da bələdiyyə evində kirayədə qalır. Hələ üstəlik, banka 50 min dollar kredit borcu var. Həmin borcu qaytarmaq üçün 3 yerdə çalışır. Yəni övladlarım belə bir vəziyyətdə yaşamasına baxmayaraq, ləyaqətsizcəsinə xaricdə mülklərimin olduğunu iddia edirlər. Qeyd edim ki, bu həmin Araz Əlizadədir ki, Ukraynada xuliqanlığa görə (amma başqa versiyaya görə, daha ağır cinayətdə) ittiham edilərək həbs olunub. İndi o, gəlib mənə əxlaqdan dərs deməyə çalışır. O, övladlarım haqqında ağzına gələni danışır, lakin mən müsəlman olduğuma görə onun övladları haqda bildiyim və onu biabır edəcək faktları demirəm. O uşağın ruhuna qurban olsun.

- Etibar Məmmədov da Türk Konfederasiyası ideyanızı tənqid edənlər sırasındadır. Sizcə, uzun müddət jurnalistlərin daxili siyasətlə bağlı verdiyi sualları cavablandırmaqdan imtina edən Etibar Məmmədov nədən bu məsələdə önə çıxıb?

- Qeyd etməliyəm ki, mənə qarşı kampaniyaya qoşulanlardan biri də Etibar Məmmədovdur. Buradan ona üzümü tutub demək istəyirəm ki, Etibar Məmmədov, seçkidən 2 aydan artıq vaxt seçib və sən də seçki prosesini izləyən bir siyasətçi kimi nədən Türk Konfederasiyası ideyama o zaman münasibət bildirməyib, Rövnəq Abdullayevlə aramda konfrantasiya başladığı, eyni zamanda Prezident Administrasiyası Sərdar Cəlaloğluna qarşı hücum təşkil etdiyi və İlham Əliyevin Türkiyədə səfərdə olduğu bir vaxtda qolunu çırmalayıb bu kampaniyaya qoşulubsan? Mənim onunla şəxsi münasibətim və çox böyük hörmətim var. Etibar bəy, ayıbdır. Gör, səni nədə istifadə edirlər. Mən bilirəm ki, Etibar bəy həmin açıqlamanı verməyə, bu kampaniyaya qoşulmaya bilməzdi. Çünki onun özünün də müəyyən qüvvələr qarşısında öhdəliyi var. Sən bilmədiyin bir şey haqda danışırsan. Amma mən sənin haqqında bildiyimi danışaram, heç bir cavab verə bilməzsən. Bu adam belə bir arqumentə əsaslanır ki, mənim türk konfederasiyası ideyama alternativ olaraq başqaları da İran və Rusiya konfederasiyası ideyasını irəli sürə bilər. Elə mənə qarşı bu kampaniyada iştirak edən insanlar ürəklərində İran və ya Rusiya ilə birləşmək arzusunu yaşadanlar deyilmi? Sən necə Türkiyəni İran və Rusiya ilə bir sıraya qoya bilərsən? Azərbaycan müstəqilliyini dünyada ilk olaraq tanıyan, Qarabağı öz problemi kimi görən, dili dilimizdən, qanı qanımızdan, ruhu ruhumuzdan olan Türkiyəni, uzun əsrlər qanımızı tökən, dilimizi kəsən, ruhumuzu dar ağacından asan Rusiya və ya İranla bir sırada görürsən?! Səni danışdıranlar kim və nədir?

Mənə qarşı aparılan kampaniyaya Tahir Kərimli də qoşulub. O, Azərbaycanda siyasi siması olmayan bir adam kimi tanınır. Elçibəyə xəyanət edən, özü-özünü rüşvətxorluqda ittiham edən, AXC hakimiyyətinin nüfuzdan düşməsində müstəsna xidməti olan, saxta mandat kölgəsində yatan birinin siyasi sifarişlə mənə hücum etməsi mənə yalnız hörmət gətirə bilər. Sən, Tahir Kərimli, türkü sevmirsənsə bu o demək deyil ki, mən də sevməməliyəm. Mən bütün siyasi fəaliyyətim boyu türk konfederasiyası ideyasını dəstəkləmişəm və dəstəkləyəcəm. Azərbaycanın real müstəqilliyi bu konfederasiyadan asılıdır.

Bu kampaniyaya həmçinin, digər saxta mandan sahibləri - Tahir Rzayev, Musa Musayev də qoşulub. Baxın, bu adamlardan biri keçmiş prezident, 4-ü deputat, 1-i partiya lideridir. Əslində bu, Azərbaycanda Azərbaycan-Türkiyə birliyinin əleyhinə güclü bir Rusiyapərəst qüvvələrin olmasını və İlham Əliyevdən fərqli olaraq Türkiyə-Azərbaycan yaxınlaşmasının əleyhinə olan qüvvələrin mövcudluğunu beynəlxalq ictimaiyyətə, xüsusən bağlı olduqları Rusiyaya bəyan etməkdir. Bu gün guya Heydər Əliyevi milli lider hesab edənlər, onu Azərbaycana buraxmayan Ayaz Mütəllibovun, onu dəfələrlə təhqir edən Araz Əlizadəni, 1993-cü ildə Gəncə qiyamında yarı yolda qoyan Etibar Məmmədovu, Milli Məclisdə onu susdurmaqda yarışan Tahir Kərimlini, Heydər Əliyevi fitə basan və onu hacıleyləyə oxşadan Hacı Əbdülü mənə qarşı qısqırdırlar. Bu insanların hamısı bu gün Heydər Əliyevin oğlunun hakimiyyətindən bəhrələnən insanlardır. Əslində bunlara mən yox, İlham Əliyev özü cavab verməlidir. Çünki zahirən bu kampaniya mənə qarşı yönəldiyi kimi görünsə də, əsl həqiqət də İlham Əliyevə və onun Türkiyə siyasətinə qarşı yönəlib.

- Sizə qarşı başladılan kampaniyada Rusiyameylli qüvvələrin hər hansı şəkildə rolu varmı?

- Təbii ki, əsas məsələ bu adamları kimin təşkil etməsi və nədən məhz indi ortalığa düşmələridir. Siz də uzun illərdir jurnalistikadasınız. Etiraf edərsiniz ki, bu insanlarla əlaqə saxlamaq və onlardan ölkənin taleyüklü məsələləri ilə bağlı açıqlama almaq mümkün deyil. Bəs, onda Azərbaycanda az tanınan, korrupsiyadan əldə olunan pullarla saxlanılan və mafiyaya xidmət edən bu mətbuat vasitələri bu insanlardan necə və hansı üsulla asanlıqla açıqlama ala bilirlər? Deməli, burada üçüncü bir tərəf - hər iki tərəfi, həm açıqlama verənləri, həm də alanları idarə edən qüvvə var. Bu qüvvəni necə istəyirsiniz adlandırın. Amma bu qüvvələrin anti-Azərbaycan və anti-türk olduğu gün kimi aydındır.

Bir daha fikir verək, Türk Konfederasiyası ideyasını irəli sürdüyüm üçün mənə qarşı başladılan kampaniya İlham Əliyevin TANAP layihəsinin açılış mərasimində iştirak etmək məqsədiylə qardaş Türkiyəyə səfəri ərəfəsinə təsadüf edib. Bununla da həmin kampaniyanı təşkil edənlər əslində Sərdar Cəlaloğlunu bəhanə edib məhz İlham Əliyevə arxadan zərbə vurmağa çalışırlar. Heç şübhəsiz, bunlar hakimiyyət daxilindəki Rusiyapərəst qüvvələrdir. Görünən odur ki, bunlar bir mərkəzdən idarə olunur. Dəst-xəttə baxdıqda, sifarişin məhz Prezident Administrasiyasından gəldiyi aydın olur.

- Sərdar bəy, məlumatı olmayanlara Türk Konfederasiyası ideyanız haqda daha ətraflı məlumat verə bilərsiniz?

- Əslində bu ideya mənə məxsus deyil. Azərbaycan tarixi sübur edir ki, Azərbaycanın parçalanması, işğal və ilhaq edilməsinin yeganə səbəbi qardaş Türkiyə ilə münasibətlərin düzgün qurulmaması ilə bağlı olub. Əsrin əvvəllərində Azərbaycanda hətta Türkiyəyə birləşməyi məqsəd seçmiş partiyalar fəaliyyətdə olub. Rəsulzadə Azərbaycanın müstəqilliyinin itirilməsi seçimi qarşısında qaldıqda, yəni Rusiyanın işğalı zamanı Azərbaycanın Türkiyə ilə birləşməsi ideyasını müdafiə edib. Eləcə də 1946-cı ildə Pişəvəri və başqaları Cənubi Azərbaycanın işğaldan azad edilməsinin yolunu Türkiyə ilə birləşməkdə görüb. Azərbaycan xalqının böyük liderləri - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əbülfəz Elçibəy nəinki türk konfederasiyası, hətta Turan ideyasını milli xilasımız üçün tək bir ideya kimi müdafiə ediblər. Əslində

Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı Türkiyə ilə Azərbaycanın strateji maraqlarının eyni olduğunu dünyaya bəyan etməkdir. Bu gün "İki və daha çox millət, bir dövlət" mövcuddursa, onda "Bir millət, bir dövlət" ideyası nəyə görə bu insanları qıcıqlandırır? Əslində onlar "Çox millət, bir dövlət" ideyasının - xalqlar həbsxanası olan Rusiyanın tərəfdarlarıdır. Bu adamlar hətta, konfederasiyanın nə olduğundan belə, xəbərsizdirlər. Az qala konfederativ əlaqələri müstəqilliyin və suverenliyin əksinə olan bir əlaqə kimi təqdim edirlər.

Görürük ki, müasir dövrdə millətlər, dövlətlər ümumi maraqlarına görə müəyyən birliklər yaradırlar. Misal kimi, Avropa Birliyini, Şanxay Əməkdaşlıq Təşkilatı və sairə birliklər mövcuddur. Azərbaycanın da müəyyən siyasi və iqtisadi birliklərə qoşulması qaçılmazdır. Burada əsas iki variant var. Məsələn, hakimiyyət daxilindəki Rusiyapərəst qüvvələr təklif edirlər ki, gəlin Avrasiya İttifaqına, Gömrük Birliyinə, Kollektiv Təhlükəsizliyə, bir sözlə rus boyunduruğuna qoşulaq. Hamı bilir ki, bizim Rusiya ilə hər hansı sıx birliyimiz Azərbaycanın müstəqilliyinin aradan qalxması, suverenliyinin məhdudlaşdırılması deməkdir. Mənsə təklif edirəm ki, əgər doğrudan da belə bir ittifaqa ehtiyacımız varsa, o zaman qanı qanımızdan, dini dinimizdən, dili dilimizdən, canı canımızdan olan millətlə bir yerdə olaq. Dəfələrlə qeyd etmişəm ki, təklif etdiyim Türk Konfederasiyası türklərin Avrasiya İttifaqıdır. Özü də bu ideyanı məndən öncə Macarıstanda və Türkiyədə səsləndirilib. Orta Asiya liderləri də bir neçə dəfə bununla bağlı fikir səsləndiriblər. Mən də Azərbaycan siyasətinin təmsilçisi kimi bunun müsbət ideya olduğunu deyirəm. Praqtikada artıq 6 türk dövlətinin sammiti yaradılıb, müvafiq görüşlər keçirilib. Bir Özbəkistan bundan kənarda idi, lakin artıq o da prosesə inteqrasiya edir. Bundan başqa, Türkiyə, Azərbaycan və Orta Asiyanı bir-birinə birləşdirən transnasional layihələr - İpək Yolu, TANAP və sairə həyata keçirilir. Və bu gün Azərbaycanın iqtisadi mövcudluğu Türkiyədən asılıdır. Çünki bütün neft-qaz kəmərləri Türkiyə vasitəsi ilə Avropaya çatdırılır. Belə bir iqtisadi asılılıq, mənəvi bağlılıq olduğu bir yerdə bir siyasi bağlılığın vacibliyini imtina etmək siyasi savadsızlıqdan xəbər verir.

Nəzərinizə çatdırım ki, bu gün Avropa Birliyi özü bir konfederasiyadır. Konfederasiya hər bir ölkənin özünün bütün dövlət atributlarının saxlama, lakin müəyyən məsələlərdə ortaq mövqedən çıxış etməkdir. Məsələn, bu gün Türkiyə Azərbaycan üçün viza rejimini ləğv edib. Eləcə də sabah aramızda gömrüksüz gediş-gəliş tətbiq etsək, o zaman bundan hər iki ölkə xeyir əldə edəcək və daha ciddi iqtisadi əlaqələr qura biləcəyik. Konfederasiya o demək deyil ki, Azərbaycan dövləti, bayrağı olmasın, müstəqilliyimiz əldən getsin. Konfederasiya heç federasiya da deyil. Bu, müstəqil dövlətlərin qurduğu bir birlikdir. İndi isə vaxtilə Rusiyanın Azərbaycandakı maraqlarını müdafiə edən və bu gün də eyni ampluada olan adamlar bu cür ciddi bir ideyanı tənqid edir, mənə qarşı əsassız ittihamlar səsləndirirlər. Onlar hər zaman Rusiyanın lehinə, Azərbaycanın isə əleyhinə olub. Bildiyiniz kimi, Heydər Əliyev deyirdi ki, biz bir millət, iki dövlətik. Belə olan halda, bir millət, iki dövlətin konfederasiya yaratması niyə Ayaz Mütəllibov, Araz Əlizadə, Etibar Məmmədov, Tahir Kərimli, Tahir Rzayev və Musa Musayev və onların sifarişçilərini narahat etməlidir? Niyə türkün adı gələndə Azərbaycanda bu cür kampaniya başlanır? Özü də bu kampaniyanı o adamlar başlayır ki, onların ya Rusiya ilə bu və başqa şəkildə agentura əlaqələri var, ya da mənşəcə türk olmadıqları üçün Azərbaycan türklərinin öz qardaşları ilə bir yerdə olmalarına qarşı çıxırlar.

Buradan bir daha bəyan edirəm, ağılsız köpəklər ulduza hürdüyü kimi, nadan insanlar da ağıllı ideyalara düşmən kəsilər. Mən fəxr edirəm ki, türkəm və bir türk kimi xoşbəxt gələcəyimizi Türkiyə ilə Azərbaycanın daha sıx birliyində görürəm. Və bu istiqamətdə bütün ömrüm boyu mübarizə aparacağam. Məni bu yoldan yalnız ölüm saxlaya bilər. Çünki bu, mənim milli haqqımdır.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU




Ana səhifəyə qayıt        Baxış: 1 134          Tarix: 16-06-2018, 10:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma