Xəbər lenti

 

“Qəndilə qarşı son əməliyyatlarda separatçı terror təşkilatının iclas keçirdiyi sahə vuruldu. Əməliyyatın nəticələri barədə hələ müfəssəl məlumat almamışıq, amma vurulduqları dəqiqdir. Sizə bir neçə gün ərzində yaxşı xəbərim var dediyim bu idi".

Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan dünən telekanallara verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, Qəndil əməliyyatına 20 təyyarə ilə başlayan Türk ordusu PKK-ya aid 10 mühüm hədəfi vurub. Bunların arasında silah anbarları və terrorçuların toplantı məkanları da var. Əməliyyatın nəticələri barədə məlumatların yaxın saatlarda Türkiyə ordusunun Baş qərargahı tərəfindən veriləcəyini bildirən Ərdoğan əməliyyatların davam etdiyini vurğulayıb.

 

TSQ-dən R.T. Ərdoğanın dediyi müjdə xəbəri bu sabah erkən saatlarda gəlib. Məlumata əsasən, Qəndilə düzənlənən hava əməliyyatında ən azı 35 terrorçu zərərsizləşdirilib. Zərərsizləşdirilənlər arasında PKK-nın rəhbər kadrlarının olduğu da bildirilir.

TSQ-dən gələn bu informasiyalar xeyli məhdud olsa da, mətbuata sızdırılan bəzi informasiyalar Qəndil əməliyyatı barədə daha geniş ipucları verir. “Sabah” qəzetinin yazdığına görə, Türk əsgərləri PKK-nın əsas yuvası Qəndildə əməliyyatın ikinci mərhələsinə başlayıb. İlk mərhələdə hava hücumları ilə Qəndildəki ən önəmli məntəqələr vurulub, ikinci mərhələdə isə quru əməliyyatına keçilib:

“Hərəkatın ikinci mərhələsinə keçilməsinin ardından terrorçuların İran tərəfə, cənubdakı Mahmur düşərgəsinə, qərbdəki Qara və Basan bölgələrinə qaça biləcəkləri bildirilir. Bu qaçışın ikinci Qəndil halına gələn Sincara və oradan da Suriyanın şimalına qədər uzanacağı təxmin olunur.

Terror təşkilatına qarşı İraqın şimalındakı əməliyyatlar gecə-gündüz demədən fasiləsiz davam edir. Bayramı atəş xəttində keçirən Türk əsgərləri illərdir terror yuvası halına gələn Qəndili təmizləməkdə qərarlıdırlar. Qurudan və havadan koordinasiyalı şəkildə davam edən əməliyyatlarda terror təşkilatı kütləvi itkilər verməyə başlayıb”.

 

Xəbərdə əməliyyatın birinci mərhələsinin başa çatmaq üzrə olduğuna, sərhəddən 30 kilometr uzaqlığa gedildiyinə və terror təşkilatının Türkiyəyə sızmalarına qarşı sədd yaradıldığına diqqət çəkilir. Hərəkatın ikinci mərhələsində də Qəndilə intensiv hava əməliyyatları davam etdiriləcək. Hədəflər havadan sıx bombardman ilə yumşaldıldıqdan sonra Qəndilin mərkəzinə doğru qurudan süpürmə hərəkatına üstünlük veriləcək.

 Terror təşkilatı üzvlərinin Qəndilə gedən əsgərlərə qarşı kiçik qruplar halında pusqu qurmağa çalışdıqları, ancaq İHA-larla (insansız hava aparatları) müəyyən edilərək havadan vurulduqları bildirilir. Geniş quru hərəkatının başlamasıyla PKK liderlərinin Qəndildən qaçmaq istəyəcəklərinə diqqət çəkilir. Afrinden qaçan terrorçuların Qəndildə de yaşaya bilməyəcəkləri və daha etibarlı gördükləri düşərgələrə dağılacaqları bildirilir.

 

Terrorçuların qaçma ehtimalını istisna etməyən Ankara mümkün keçid marşrutlarını da havadan məngənəyə alıb. Qaçmaq istəyərkən müəyyən edilən terrorçular havadan təsirsiz hala gətiriləcək. Süpürmə hərəkatı başlayanda terror təşkilatının Qəndilin cənubuna və şərqdən İrana sızmağa çalışması gözlənilir. Ancaq burada İranın sərhəddindəki tədbirləri artırması və terrorçulara keçid verməməsi halında bəzi terrorçuların cənubdakı Mahmur düşərgəsinə yönələcəyi istisna edilmir.

PKK-nın hazırkı lideri Murad Qarayılanın Qəndil əməliyyatının başlaması ilə birlikdə Suriyanın şimalına qaçdığına dair informasiyalar yayılmışdı. Onun və digər terrorçu liderlərin Qəndildən qaçarkən Sincara yönəlməsi ehtimalı üzərində də durulur.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 563          Tarix: 17-06-2018, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma