Xəbər lenti

 

Bu yaxınlarda Kanadada keçirilən G-7 sammitində ABŞ prezidenti Donald Trampla digər ölkə liderləri arasında ciddi mübahisələrin yaşandığı bəlli idi. İş o yerə çatmışdı ki, ABŞ prezidenti sammiti yarımçıq tərk edib Sinqapura, Şimali Koreya lideri Kim Jongla görüşə yollanmışdı. Həmin görüşdən sonra televiziya kanallarına verdiyi müsahibəsində kanadalı həmkarını “xəyanətdə və ikiüzlülük”də günahlandıran Trampın G-7 bəyannaməsinə imza atmaması da həmin toplantıda üzünə “yaxşı baxılmadığının” xəbərçisi idi.

ABŞ-da nəşr olunan “Wall Street Journal” qəzetinin dünən dərc etdiyi bir məqalə toplantıda baş verən gizlinlərə işıq tutub. Məlum olub ki, Donald Trampla digər ölkə liderlərinin arasında həqiqətən də ciddi insidentlər və gərgin anlar yaşanıb.

Ovqat.com xəbər verir ki, G7 mənbələrinə istinad edən “Wall Street Journal”ın məlumatına görə, Trampın ilk sataşdığı lider Yaponiyanın Baş naziri Şinzo Abe olub. ABŞ-ın və Qərb ölkələrinin miqrantlarla bağlı siyasətini tənqid edən Abenin sözlərinə bərk əsəbiləşən Trampın cavabı da ənənəvi sərtliyi ilə seçilib. Çıxışında köçün Avropa üçün böyük problem olduğunu xatırladan Tramp Yaponiya Baş nazirinə dönərək deyib: "Şinzo, sənin belə bir problemin yoxdur, amma mən sənə 25 milyon meksikalını göndərərəm və sən də çox qısa müddətdə işindən olarsan".

Fransa prezidenti Makron və Avropa Komissiyasının sədri Jan Klod Yunker də Trampın danlaqlarından öz nəsibini alanlardandır. Makrona qəzəblənərək “bütün terrorçuların Parisdə" olduğunu deyən ABŞ prezidenti Jan Klod Yunkeri "amansız qatil” adlandıraraq təhqir edib.

Trampın danladığı bu liderlərin günahına gəlincə, Fransa prezidenti Emmanuel Makron G-7 toplantısındakı çıxışında ABŞ-ın İran siyasətini tənqid edirmiş. Bu da özünü dünyanın ağası sayan Donald Trampın xətrinə dəyib. Avropa Komissiyasının sədri Jan Klod Yunker isə Aİ-nin ABŞ-ın texnologiya şirkətlərinə qarşı inhisar qurulmasını qarşısını aldığına görə Trampın gözünə “amansız qatil” kimi görünübmüş.

Qeyd edək ki, Trampla G-7 müttəfiqləri arasındakı gərginlik sammitdən öncə başlamışdı. Hətta iş o yerə çatmışdı ki, Fransa prezidenti Makron G-6-nın ABŞ-dan böyük olduğunu həmkarına xatırlatmış, bundan sonra ABŞ-sız fəaliyyətə davam edə biləcəklərinə eyham vurmuşdu.

Tpampın isə bu təhdidə qarşı əlində çox gözəl bir silahı var – Rusiya. Təsadüfi deyil ki, Tramp G-7 sammitindən öncə verdiyi açıqlamasında Rusiyanı əməlli-başlı müdafiə edərək, onun da toplantılara qatılması təklifini irəli sürmüşdü. O, ABŞ-dan ayrılmazdan əvvəl mətbuata verdiyi açıqlamasında demişdi: "İstəsəniz də, istəməsəniz də G7 sammitində Rusiya da olmalıdır”.

Maraqlıdır ki, bu təklifə əsas etiraz Fransa prezidentindən gəlmişdi. Makron, Trampın təklifinə cavab olaraq Rusiyanın Ukrayanın bir bölümünü işğal etdiyini xatırlatmış və öz şərtini belə açıqlamışdı:

"Rusiya Minsk Müqaviləsinin tələblərini yerinə yetirərsə, ertəsi gün G-7-yə daxil ola bilər. Avropa ABŞ-ın çıxışlarına məhkum olmamalıdır. Lazımdırsa, fəaliyyətimizə 6-lıq olaraq davam edə bilərik."

Almaniya Baş Naziri Merkel də sammit öncəsi çıxşında "ABŞ-la digər ölkələr arasında ciddi fikir ayrılıqlarının olduğunu” etiraf etmişdi.

 Görünən budur ki, ABŞ prezidenti Avropanın və digər inkişaf etmiş böyük dövlətlərin ona arxa çevirməsi ehtimalında Rusiya ilə ittifaqın indidən əsasını qoymağa çalışır və ya bunu bir təhdid ünsürü kimi önə sürür. Tramp komandasının seçki öncəsi Rusiya ilə ciddi əlaqələr qurmasının və Moskvanın dəstəyilə hakimiyyətə gəlməyə  çalışmasının əsl səbəbləri, deyəsən, yavaş-yavaş üzə çıxır.




Ana səhifəyə qayıt        Baxış: 1 016          Tarix: 17-06-2018, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma