Xəbər lenti

 

“Ölkədə hər gün daha da şiddətlənən iqtisadi böhranın qarşısı alınmasa, İran Sovet İttifaqı kimi parçalanacaq”.

Ovqat.com-un bildirdiyinə görə, bu xəbərdarlıqla Tehran Universitetinin Politologiya və Hüquq Fakültəsinin professoru Elahe Kulayi çıxış edib.

Kulayi sosial media hesabında paylaşdığı mesajında sovet təcrübəsindən dərs çıxarmağı məsləhət görüb: "Sovet İttifaqının təcrübəsindən dərs çıxarmasaq, onların getdiyi yola doğru gedəcəyik. Çünki İrandakı mövcud iqtisadi vəziyyət Sovet İttifaqının son dövrlərinə bənzəyir. Xahiş edirəm, Tehran Universitetinin yayımladığı “Sovet İttifaqının süqutunun iqtisadi səbəbləri” adlı kitabı oxuyun".

İqtisadi böhranla əlaqədar tədbirlərin dərhal görülməsinin lazım olduğunu vurğulayan professora görə, bu qaçılmaz vəziyyətə düşməmək üçün İranın çox məhdud zamanı qalıb.

Qeyd edək ki, professorun nigarançılığı əsassız deyil. Artıq neçə gündür ki, Tehranda yerləşən Böyük bazarda satıcılar ölkədəki iqtisadi problemlərə və valyuta kursundakı yüksəlişə etiraz etmək məqsədilə dükanları bağlayıblar.

İranda dolların qısa müddət ərzində 4 min tüməndən 7 min 500 tümənə yüksəlməsindən sonra Həsən Ruhani hökuməti aprel ayında dolların 4 min 200 tüməndə qalması barədə qərar vermiş və qara bazarda dollar alqı-satqısını qadağan etmişdi. Amma məzənnə sahəsindəki bu inzibati qərara baxmayaraq, devalivasiyanın qarşısını almaq mümkün olmamışdır. Baxmayaraq ki, bu gün də yerli valyutanın rəsmi məzənnəsi yenə eyni qaydada təklif edilir, amma banklarda valyuta mübadiləsi etmək mümkün deyil. Qara bazarda isə 1 dollar 8 min 100 tümənədir.

 İranın birdən-birə böyük devalivasiya ilə qarşılaşması ABŞ prezidenti Donald Trampın ötən ay nüvə müqaviləsindən çəkildiyini və bu ölkəyə yeni sanksiyaların tətbiq olunacağını açıqlamasından sonra baş verib. Böyük həcmli devalivasiya İran iqtisadiyyatına mənfi istiqamətdə təsir göstərib, xüsusilə ticarəti durğun hala salıb. Qara bazarda dayanmadan davam edən yerli valyutanın zəifləməsi prosesinin nə zaman sona çatacağı isə bilinmir.

 Bu da azmış kimi, Tehran rəhbərliyi ölkə xaricində dondurulmuş onmilyardlarla dollarlıq kapitalın çəkib ölkə iqtisadiyyatını yaxşılaşdırmaq əvəzinə, əlindəki son tümənini də Yaxın Şərqdə nüfuzunu artırmaq üçün özünə bağlı silahlı qrupları maliyyələşdirməyə sərf edir və bu da əhali arasında birmənalı qarşılanmır.

İranın bu siyasətinə ən çox qarşı çıxan elm xadimlərindən olan professor Elahe Kulayinin bu cür siyasi ritorika ilə meydana atılması isə təsadüfi deyil. Professor reformist kimi tanınan keçmiş prezident Məhəmməd Xatəmi dövründə deputat kimi fəaliyyət göstərib. O, son bələdiyyə seçkilərində Tehranın bələdiyyə sədrliyinə namizədliyini qoyub, lakin seçilməyib.




Ana səhifəyə qayıt        Baxış: 1 216          Tarix: 30-06-2018, 11:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma