Xəbər lenti

  

Respublikanın əksər ərazilərində elektrik enerjisinin kəsilməsinin səbəbləri aydın olub: Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İES-nin yarımstansiyasında baş vermiş qəza.

Ovqat.com-un rəsmi açıqlamalara istinadən verdiyi məlumata görə, havaların isti keçməsilə əlaqədar yaranmış əlavə yüklənmə səbəbindən yarımstansiyada yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və təcili tibbi yarım xidmətinin əməkdaşları cəlb olunub.

Prezidentin mətbuat xidməti də elektrik kəsintisi ilə bağlı açıqlama verib. Açıqlamada bildirilir:

“İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmışdır. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanmışdır.

Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir”.

Ölkənin əksər yerlərini qaranlığa qərq edən bu hadisənin yarada biləcəyi neqativ halların qarşısını almaq üçün bir çox dövlət qurumlarının fövqəladə iş rejiminə keçdiyi bildirilir. Məlumata görə, yanğının baş verdiyi  Mingəçevir İES-in yarımstansiyasının ərazisinə giriş məhdudlaşdırılıb. Respublikanın səhiyyə sistemi də yaranmış böhrana baxmayaraq, öz fəaliyyətini axsamadan davam etdirməyə çalışıb. Bildirilir ki, həkimlər xəstələrə tibbi yardım göstərmək üçün səfərbər olunublar.

Azərbaycan polisi də gücləndirilmiş iş rejiminə keçib. Xüsusilə işıqforların işləməməsi səbəbindən yol hərəkətlərini tənzimləmək yol polisləri dərhal işə çağırılıblar.

Artıq qəza ilə əlaqədar yaranmış problemlərin böyük ölçüdə aradan qaldırıldığı xəbər verilir. Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə operativ məlumatında qeyd olunur ki, elektrik enerjisi təminatı Şimal və Qərb bölgələrində tam, Mərkəzi Aran bölgəsində 60 faiz, Bakı şəhərinin Yasamal rayonunda 100 faiz, Sabunçu 30, Xəzər rayonunda 80 faiz, Binəqədi rayonunda 90 faiz, Nəsimi rayonunda 40 faiz, Nərimanov rayonunda 30 faiz, Səbail rayonunda 20 faiz və Nizami rayonunda 10 faiz bərpa olunub.




Ana səhifəyə qayıt        Baxış: 1 100          Tarix: 3-07-2018, 07:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma