Xəbər lenti

 

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu bildirilir.

Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.

FaktLa bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

***

Ovqat.com xəbər verir ki, Elmar Vəliyev sui-qəsdilə bağlı Baş Prokurorluq, DİN və DTX  da birgə məlumat yayıb.

Məlumata görə, 2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və xəstəxanaya yerləşdirilmişlər.

Сinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilmişdir. 

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və  228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunmuşdur.

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcəkdir.

Həyata keçirilən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.                




Ana səhifəyə qayıt        Baxış: 1 297          Tarix: 3-07-2018, 22:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma