Xəbər lenti

 

“Yad deyil, məhz Azərbaycan vikpediyasında Azərbaycan türk tarixini saxtalaşdırıblar. Bu saxta tarixçiliyə görə, Azərbaycana türklər gəlmədirlər, özü də 11-ci əsrdə Səlcuqlar ya da Oğuzlar zamanında gəliblər. Buranın qədim xalqı da, "Qafqazdilli albanlar" və "İrandilli midiyalılar", ya da "İrandilli azərilər" imiş və s. Guya, hər iki "xalqı" 11-ci əsrdə Səlcuqlar türkləşdiriblər?! Başdan ayağa saxtakarlıq”.

Ovqat.com xəbər verir ki, bu sözləri türkoloq Faiq Ələkbər özünün facebook səhifəsində paylaşıb.

Bu tarixi saxtalaşdırmanı əsl faciə kimi qiymətləndirən alimin fikrincə, Azerbaycan vikperdiyaçıları yazdıqlarına mənbə kimi Böyük Sovet Ensiklopediyasını, Britannika Ensiklopediyasını göstərirlər: “Hər ikisi də düşmən mənbəsidir”.

Türkoloq, qəzəbinə səbəb olan mətndən bir parçanı də öz paylaşımına əlavə edib. Həmin mətndə qeyd olunur:

"Bu gün əslində azərbaycanlılar türkdilli xalq olsalar da, bu hadisə XI əsrdə baş verib. Şimali Azərbaycanlılar və Cənubi Azərbaycanlılar da XI əsrdə türkləşib və türkləşənə qədər başqa-başqa xalqlar olublar. Şimaldakılar Qafqazdilli albanlar olublar. Onların yaşadığı əraziyə Albaniya, ərəb işğalından sonra isə Aran deyilib. Cənubi Azərbaycandakılar isə İrandilli azərilər olublar. Onlar Atropatenada yaşayıblar və ərəb işğalından sonra Atropatenaya Azərbaycan deyilib. Azərbaycan adını Arana Məhəmməd Əmin Rəsulzadə vermişdir. Bu 2 xalq isə XI əsrdə Səlcuq türkləri tərəfindən türkləşdirilmişdir. Böyük Sovet Ensiklopediyasına görə, azərbaycanlıların etnogenezində (en) qədim Atropatena və Qafqaz Albaniyasının yerli(ru) əhalisi ilə yanaşı, bura b.e.ə. I minillik və b.e.nın I minilliyində gəlib çıxmış irandilli (madaylar, parflar) və türkdilli tayfalar hunlar, bulqarlar, xəzərlər, oğuzlar, peçeneqlər və s. ) iştirak etmişdir[12].

Britannika Ensiklopediyasına görə, azərbaycanlılar qarışıq etnik mənşəyə malikdirlər – azərbaycanlıların etnogenezində iştirak etmiş ən qədim element isə Şərqi Zaqafqaziyanın yerli əhalisi və bir də ola bilsin, İranın şimalında yaşamış irandilli midiyalılar olmuşdur. Bu əhali Sasanilər sülaləsinin hakimiyyəti dövründə (b.e. III—VII əsrlərində) farslaşmışdı. Əhalinin türkləşməsi(ru) isə, hesab edilə bilər ki, XI əsrdə regionun səlcuqlar tərəfindən tutulması ilə başlamış və bu proses sonrakı əsrlərdə türk xalqlarının yeni miqrasiya axınları, o cümlədən, XIII əsrdəki Monqol istilaları dövründə kütləvi köçləri ilə (monqol ordusunun tərkibində olan və həm də monqol hücumları nəticəsində köç edib başqa ölkələrə sığınmağa məcbur olan xalqların əksər hissəsi türk idi) davam etmişdir[57]. Britannikdə etnik azərbaycanlıların dominant irsi komponenti, XI əsrdə oğuzların hücumları vaxtında Azərbaycana gəlib çıxmış türklər hesab edilir[58].

Böyük Laruss ensiklopedik lüğətinə (fr) görə, "azərbaycanlılar XI əsrdə türkləşmiş qədim irandilli əhalinin törəmələridirlər"[59]."

Göründüyü kimi, xarici mənbələr Azərbaycan xalqının soy-kökünü türk göstərməmək üçün doğrudan da dəridən-qabıqdan çıxmış, güneylə quzeyi müxtəlif iki fərqli xalq kimi təqdim etmiş və onların Səlcuqlular və Monqollar tərəfindən türkləşdirildiyini irəli sürmüşlər. Həm də bu iddialarını əsaslandırmaq üçün konkret tarixi faktlara belə istinad etmək zəhmətinə qatlanmağa gərək duymamışlar. Sadəcə, “ola bilsin”, “hesab edilə bilər” kimi təsdiqlənməmiş ehtimal nəzəriyyələrinə söykənmişlər. Sağ qulağı sol əllə qaşımağa bənzəyən bu soy araşdırmasının elmi əsası olmadığı ortadadır. Azərbaycan tarixçiləri, elm xadimləri niyə bu saxtalaşdırma faktına etiraz etmir, əksinə, həmin iddiaları elmi kəşf kimi xalqımızın ictimai şüuruna yeridirlər, anlamaq mümkün deyil. Axı, bu əsassız iddialar tarixi gerçəkliyi əks etdirmədiyi kimi, həm də xalqımızı təhqir edir. Bizi hər yad təsirə asanlıqla boyun əyən, özündən, soy-kökündən rahatlıqla imtina edən sosial varlıq kimi görürlər. Bu isə, təbii ki, xalqımızı təhqirdən başqa bir şey deyil.

Azərbaycanın elm ictimaiyyəti, dövlətimizin müvafiq qurumları bu təhqirə reaksiya verməli, hansısa axmaq mülahizələrlə tarix yaradıcılığını dayandırmağa çalışmalıdır. Bu işə isə ilk öncə özümüzdən başlamalıyıq.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 905          Tarix: 22-07-2018, 09:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma