Xəbər lenti

 

ABŞ-ın tətbiq edəcəyi yeni sanksiyalar səbəbindən İranın neft ixracatı dayanarsa, bölgədəki heç bir ölkə xaricə “qara qızıl” sata bilməyəcək.

Ovqat.com xəbər verir ki, bu təhdidkar bəyanatı İranın dini lideri ayətullah Əli Xamneyi özünün rəsmi internet saytı üzərindən yayıb.

Xamneyinin bu fikirlərindən rəsmi Tehranın Hörmüz boğazında gərginlik yaradaraq, körfəz ölkələrinin “qara qızıl” ixracatına mane olacağı məntiqi ortaya çıxır. Bu da əslində rəsmi Tehranın yeni kəşf etdiyi strateji silah deyil. 8 il davam edən İran-İraq müharibəsi zamanı tərəflər ən çətin anlarında Fars körfəzindəki tankerləri güllə-barana tutaraq, dünya ictimaiyyətini hadisələrə müdaxilə etmək məcburiyyətində qoyurdular. Sonunda dünya nəhəngləri bu gedişatla qlobal neft böhranının yaranacağı, “qara qızıl”ın qiymətlərinin astronomik bahalaşması və nəticədə sənaye ölkələrinin iqtisadi çöküş yaşayacağı ehtimalını nəzərə alıb müharibənin dayandırılmasını tələb etmişdilər. Beləcə, tərəflər arasında sülh sazişi imzalanmış, xüsusilə İran onu gözləyən təhlükəni zərərsizləşdirə bilmişdi.

Dini liderin sözlərindən belə çıxır ki, Tramp öz inadını davam etdirərsə, dünya yenidən eyni böhranla qarşılaşa bilər.

ABŞ-ın sanksiyalarına qarşı İranın Hörmüz kartını ortaya atacağı təhdidi ilk dəfə bir ay əvvəl ölkə prezidenti Həsən Ruhanı tərəfindən dilə gətirilmişdi. O, açıq şəkildə ABŞ-ın sanksiya tətbiq etməsi halında, Fars körfəzinin Hind okeanına açıldığı Hörmüz boğazından neft tankerlərinin keçişinə mane ola biləcəklərini söyləmişdi. Ruhaninin bu sözlərini İran İnqilab Mühafizəçiləri komandirlərindən İsmail Kövsəri dərhal müdafiə etmişdi. Qısa müddətdən sonra sözügedən təhdid dini lider tərəfindən də dəstəklənmişdi.  Xamneyi bir ay öncəki açıqlamasında prezidentlə həmrəyliyini ifadə edərək demişdi: “Prezidentin görüşləri, yəni İranın neft ixracatının dayandırılması halında bölgədəki heç bir dövlətin xaricə neft sata bilməyəcəyi istiqamətindəki sözləri İranın siyasətini və islam rejiminin bu məsələyə münasibətini əks etdirməsi baxımından çox önəmlidir".

Məlumat üçün bildirək ki, İran rəsmilərinin strateji silah kimi istifadə etmək istədiyi Hörmüz boğazı dünya neft ehtiyatlarının 40-dən çoxunun cəmləşdiyi Fars körfəzini Oman körfəzinə bağlayır.  Boğazın Şimal sahilində İran, cənub sahilində isə Birləşmiş Ərəb Əmirlikləri və Omanın eksklavı olan Musandam yerləşir. Boğazın ən ensiz yerindəki genişliyi 54 km (34 mil) dir. Hörmüz boğazı neftlə zəngin Fars körfəzinin geniş sahələri üçün açıq okeana yeganə dəniz keçididir və dünyanın strateji cəhətdən ən əhəmiyyətli tıxanma nöqtələrindən sayılır. Təbii ki, Hörmüz boğazı tıxanarsa, dünya bazarlarında neftin qiyməti astronomik səviyyədə yüksələr, sənaye məhsullarının qiyməti kəskin şəkildə bahalaşar, qlobal iqtisadi münasibətlərdə istehlakçıların alıcılıq qabiliyyəti aşağı düşər. Bu isə trans-milli sənaye müəssisələrin də ciddi böhranla qarşılaşması deməkdir.

Sual oluna bilər: İranın dünya iqtisadiyyatını alt-üst edə bilən bu “silahı” Tramp hakimiyyətini çəkindirəcək gücdədirmi?

Nə yazıq ki, ABŞ-ın İrana qarşı sanksiyaları tətbiq edib-etməyəcəyini də müəyyənləşdirən bu suala müsbət cavab vermək olmur. Çünki İranın bu təhdidi ABŞ-a yox, enerji mənbələrini xaricdən alan Avropa və Çin iqtisadiyyatına zərbə vura bilər. Nədən ki, ABŞ öz daxili ehtiyaclarından daha çox neft və qaz hasil edir, artığını dünyaya satır. Onun hazırda amansız rəqabət halında olduğu, hətta mallarına əlavə gömrük vergisi qoyduğu Çin və Avropa ölkələri isə enerji mənbələri sarıdan xaricə bağlıdır.

Faktiki olaraq qlobal bazarda öz rəqiblərinə getdikcə uduzan ABŞ İrana embarqo tətbiq etməklə, onun Hörmüz körfəzini bağlamasını tətikləyə, dolayısıyla bir düşməninin əliylə digər düşmənini də sıradan çıxara bilər. Buna da “bir daşla iki quş vurmaq” deyirlər.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 636          Tarix: 22-07-2018, 16:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma