Xəbər lenti

 

Tramp hakimiyyətinin 200 milyard dollar dəyərində Çin məhsulunun vergi nisbətini 10%-dən 25%-ə çıxarmasına qarşı, rəsmi Pekin də 60 milyard dollarlıq Amerika malına 4 mərhələli əlavə gömrük vergisi tətbiq edə bilər.

Ovqat.com-un məlumatına görə, Çin Ticarət Nazirliyinin yaydığı açıqlamada belə deyilir.

Açıqlamada bildirilir ki, hər hansı birtərəfli təhdid və ya şantaj yalnız çəkişmələrə yol açacaq, bütün tərəflərin maraqlarına zərər vuracaq və qəbul ediləcək yeni vergi nisbətlərinin tarixi ABŞ-ın hərəkətlərindən asılı olacaq.

Xatırladaq ki, ABŞ Ticarət Palatasının nümayəndəsi (USTR) Robert Laytizer ABŞ Prezidenti Donald Trampin Pekinə cavab olaraq 200 milyard dollar dəyərində Çin məhsullara tətbiq ediləcək gömrük vergisini 10%-dən 25%-ə çıxarılmasına göstəriş verdiyini açıqlamışdı.

 ABŞ Prezidenti Donald Trumpın 18 iyunda müəyyənləşdirilməsini tələb etdiyi 200 milyard dollar məbləğində 5 min adda Çin malı siyahısına dəniz məmulatlarından idman əlcəyinə, təbii və kimyəvi minerallardan meyvə-tərəvəzə, tütün məmulatlarından avtomobil rezininə qədər bir çox məhsullar daxildir. Çinin ABŞ mallarına yeni vergi nisbətlərinin tətbiq olunması ilə bağlı qərarı məhz bu açıqlamadan sonra gəldi.

ABŞ administrasiyası nə qədər gömrük vergisini artırmaq savaşında Çini günahlandırsa da, özünün addımlarının isə cavab xarakteri daşıdığını iddia etsə də, əslində hər şey Trampın idxal mallarına gətirdiyi yeni vergi tarifləriylə başladı. Tramp hakimiyyəti bu ilin 23 mart tarixində idxal polad və alüminium mallarına müvafiq olaraq 25% və 10% əlavə gömrük vergisi gətirmiş, beləcə dünyanın bir çox ölkələriylə ticarət müharibəsinin əsasını qoymuşdu. Çin də Vaşinqtonun bu qərarına cavab olaraq, aprelin əvvəlində ABŞ-da istehsal olunan 128 adda məhsula 15% ilə 25% arasında gömrük vergisi tətbiq etmişdi. Beləcə, iki dünya nəhəngi arasında iqtisadi sahədə "qisasa qisas" müharibəsi başlamışdı. Hər iki ölkənin rəsmiləri bu savaşı dayandırmaq üçün bir neçə dəfə ikitərəfli səfərlər etsələr də, çoxsaylı görüşlər keçirsələr də, bu səylər hələ ki heç bir nəticə verməyib.




Ana səhifəyə qayıt        Baxış: 745          Tarix: 4-08-2018, 09:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma