Xəbər lenti

 

Xəzər dənizinin sahil ölkələri tərəfindən bölüşdürülməsi və istifadəsi məqsədilə 20 ildən artıq davam edən müzakirələrə bu gün son qoyulub.

Ovqat.com xəbər verir ki, sahil ölkələrinin liderləri Xəzərin hüquqi statusu barədə Konvensiya imzalayıblar

 Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin liderləri sammitində Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, İran prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov iştirak ediblər.

 Xəzərdə iqtisadiyyat, nəqliyyat, ətraf mühit, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu sammitdə ötən ilin dekabr ayında Moskvada keçirilən Xəzəryanı ölkələrin Xarici İşlər nazirlərinin görüşündə əldə olunan razılıq əsasında hazırlanan layihə məqbul görülərək imzalanıb.

Konvensiyaya görə, Xəzər Dənizinin dibi və torpaqaltı bölgələri fərqli sahələrə ayrılıb. Dənizin səthi isə dəniz sahəsi, dəniz sərhədi, balıqçılıq sahələri və resursların istifadəsi kimi kateqoriyalara əsasən bölüşdürüləcək.

 Sahildən 15 dəniz mili məsafə qədər olan bölgələr ortaq ərazilər ərazisi kimi qəbul ediləcək. Bu məsafəyə 10 dəniz mili əlavə olunaraq cəmi 25 mil hər bir ölkənin balıqçılıq sahəsi olaraq müəyyənləşdiriləcək. Digər hissələr isə birgə istifadəyə açıq, tərəfsiz region olacaq.

 Xəzəryanı ölkələrin əməkdaşlıq prinsiplərini və hüquqi məsuliyyətlərini ehtiva edən və beş dövlət üçün bərabər şərtlər gətirdiyi vurğulanan layihəyə görə, Xəzərin dibi yan-yana və qarşı-qarşıya olan ölkələr arasında bölgələrə paylanacaq.

 Xəzər dənizinin hava məkanının istifadəsinə dair məsləhətləşmələrə müqavilənin imzalanmasından sonra davam ediləcək. Ancaq, müqavilə ilə Xəzəryanı beş ölkənin dənizdə xarici hərbi qüvvələrə yer verməsi qadağan olunacaq.

 Təxminən 50 milyard barel neft və 9 trilyon kubmetrlik qaz ehtiyatının olduğu təxmin edilən Xəzərin bu gün imzalanan müqavilədə dəniz kimi tərif edildiyini və bölüşdürüldüyü bildirilir.

 

Qeyd edək ki, 20 ildən bəri Xəzərin hüquqi statusunun müəyyənləşdirilməməsinin başlıca səbəbi onun dəniz kimi,  yoxsa göl kimi bölüşdürülməsində ortaq məxrəcə gələ bilməməkdən qaynaqlanırdı. Xəzərdə 14%-lik payı olan İran dənizin bərabər əsaslarla 5 yerə bölünməsini, dolayısıyla hər ölkəyə 20% düşməsini tələb edirdi. Azərbaycan, Türkmənistan və Qazaxıstan isə bu təkliflə razılaşmırdılar. Onlar Xəzərin göl olması məntiqinə əsaslanıb, quru sərhədlərindən başlayaraq dənizin orta xəttini müəyyənləşdirməyi və bu əsasda bölünməsini tələb edirdilər. Bu təklif hər 3 ölkənin mənafeyinə uyğun idi. Çünki Qazaxıstan Xəzər sahillərinin 29%, Türkmənistan 20%, Azərbaycan isə 21% hissəsinə sahibdir. Xəzər sahillərinin cəmi 16%-i Rusiyanın, 14%-isə İranın nəzarəti altındadır. Məhz bu səbəbdən də hər iki ölkə Xəzərin dəniz statusu əsasında bölünməsini istəyirdilər. Bu bölgüyə əsasən, sahildən 12 mil uzunluğundakı sahə ölkələrin sərhədlərini təşkil edir, qalan sahələr isə ortaq bölgə hesab olunmalıdır.  Belə olacağı təqdirdə, daha çox əraziyə malik olan Azərbaycan, Qazaxıstan və Türkmənistan dəniz dibindəki təbii sərvətlərin istismarını digər sahil ölkələrlə bölüşdürməlidir. Bu da xüsusilə Xəzərin ortalarında neft istehsal edən Azərbaycan üçün xeyli itki deməkdir.

Xatırladaq ki, Xəzərin 3 türk dövləti arasında da vahid fikir birliyi yox idi. Məsələn, Türkmənistan ən rentabelli neft mədənlərindən olan Azəri, Çıraq və Kəpəz yataqlarına haqq iddia edir və bizi beynəlxalq məhkəməyə verməklə hədələyirdi. İndisə belə görünür ki, iki qardaş ölkənin bir-birilə paylaşa bilmədiyi yataqlara həm də İran, Rusiya və Qazaxıstan şərik çıxacaq.

Verilən informasiyalardan o da anlaşılır ki, Xəzərin təki başqa, səthi başqa şərtlərlə bölüşdürülüb. Əgər dənizin dibi 5 barəbər hissəyə bölünübsə, uduzan yenə Azərbaycan və Qazaxıstan olacaq. Dənizin hardasa 30%-nə nəzarət edən Qazaxıstan öz sərvətlərinin bəzi hissəsini Rusiya ilə, Azərbaycan isə İranla bölüşdürməli olacaq. Nədən ki, İranın yerləşdiyi coğrafiya yalnız bizdən və Türkmənistandan haqq iddia etməyə imkan verir.




Ana səhifəyə qayıt        Baxış: 2 645          Tarix: 12-08-2018, 17:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma