Xəbər lenti

  

Dünyanın bir çox ölkəsinə sanksiyalar tətbiq edən və qlobal ticarət müharibəsi başladan Donald Tramp hökuməti ABŞ-ın strateji müttəfiqi sayılan İngiltərəyə də təhdidlər yağdırıb.

Ovqat.com xəbər verir ki, İngiltərəyə ABŞ-ın adından barmaq silkələyən onun Böyük Britaniyadakı səfiri Vudi Conson olub.

Səfir Britaniyanın İrana qarşı sanksiyaları dəstəkləməsinin lazım olduğunu, əks halda "ciddi nəticələr”lə qarşılaşa biləcəyini dilə gətirib.

İngiltərənin “Telegraph” qəzetinə yazdığı məqaləsində Conson İranın əlindəki pulu xarici müharibələrə sərf etdiyini irəli sürüb və London rəhbərliyini bu ölkəyə qarşı diplomatik təsir gücünü işə salmağa çağırıb. Daha sonra isə qeyd edib:

"Prezidentimiz açıq şəkildə bildirib ki, İrandakı kommersiya maraqlarını, qlobal faydanın önünə qoyacaq olanlar, ABŞ ilə apardığı ticarətdə ciddi nəticələrə dözmə riski daşıyacaqlar”.

ABŞ səfirinin London rəsmilərinə barmaq silkələməsi təsadüfi deyil. Belə ki, ötən həftə İngiltərənin Yaxın Şərq məsələləri üzrə dövlət müşaviri Alistayr Burt İranla bağlanan nüvə sazişini müdafiə etmişdi. Müşavir bildirmişdi ki, bu sazişi bölgənin təhlükəsizliyinin mühüm tərkib hissəsidir: “Biz bu müqavilənin əhəmiyyətli olduğunu düşünürük, bir çox tərəfdaşımızın qəbul etdiyi sazişə sadiqik".

 ABŞ-ın İrana qarşı sanksiyalarına təkcə İngiltərədən yox, dünyanın bir çox ölkələrindən sərt reaksiyalar gəlib. Nüvə sazişinə imza atan ölkələrdən olan Rusiyanın İranla ticarət əlaqələrini dayandırmayacağı şübhəsizdir. 5+1-lərdən Çin də Fransanın “Total” şirkətinin İran neft hasilatındakı hissələrini alaraq, faktiki Cənubi Pars Qaz Sahəsindəki payını 80%-ə yüksəltmişdi. Bununla da ABŞ-ın sanksiyalarını dələcəyini ortaya qoymuşdu.

Nüvə müqaviləsinin subyektlərindən biri Almaniyanın İqtisadiyyat naziri Altmeyer də dünən yaydığı bəyanatda ABŞ-ın sanksiyalarına əhəmiyyət verməyəcəklərini ortaya qoymuşdu. Nazır  bildirmişdi:

 "Digər ölkələrlə ticarət əlaqələrində Vaşinqtonun diktəsinə icazə verməyəcəyik".

İranın neft ticarətində önəmli tərəfdaşlardan olan Türkiyə də ABŞ-ın basqılarına ilk dirənən və bədəl ödəyən ölkələrdəndir.




Ana səhifəyə qayıt        Baxış: 597          Tarix: 13-08-2018, 21:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma