Xəbər lenti

 

Rusiyanın soyuq müharibədən bu yana keçirəcəyi ən böyük hərbi təliminə 3 gün qaldı.

Ovqat.com xəbər verir ki, “Vostok-2018” adlanan hərbi təlimdə 300 mindən artıq hərbi qulluqçunun iştirakı gözlənilir.

Məlumata görə, hərbi təlimdə Çin və Monqolustan hərbçiləri də yer alacaqlar.

“Vostok-2018” hərbi təliminin ABŞ-a qarşı güc nümayişi olduğu əslində rus rəsmiləri tərəfindən də istisna edilmir. Düzdür, onlar açıq ifadə etməsələr də, açıqlamalarının sətir aralarından bu fikir tam mənası ilə ortaya çıxır. Kremlin sözçüsü Dmitri Peskovun “Rusiyaya qarşı dost olmayan və aqressiv münasibətlər bu miqyasda hərbi təlimə qanuni zəmin hazırladı” şəklində bəyanı bu cür etiraflardandır.

Sirr deyil ki, Peskov “Rusiyaya qarşı dost olmayan aqressiv münasibətlər” deyəndə NATO-nun Şərqi Avropada fəaliyyətlərini və keçirdiyi hərbi təlimləri nəzərdə tutur. Xüsusilə, Rusiyanın “isti su”lara açılan ən önəmli qapısı Qara dəniz ətrafında keçirilən NATO təlimlərinə sərt reaksiyalar göstərdiyini nəzərə alsaq, “Vostok-2018”-in bu təşəbbüslərə cavab xarakteri daşıdığını anlaya bilərik. Bu zamana qədər NATO-ya Qərb cəbhəsində hərbi təlimlərlə cavab varməyə çalışan Rusiyanın hazırda Şərqə yönəlməsi əslində ABŞ-a göndərilən mesajdır. Bununla sanki Rusiya gözlənilən hərbi qarşıdurmalar nəticəsində əsl hədəflərinin Qərb deyil, Şərq olacağını göstərmək istəyir.

Moskvanın Şərqə yönələn bu hərbi mesajının başlıca səbəblərindən biri də ABŞ-ın bu zamana qədər “rus xofu” ilə özünə bağladığı Avropanı psixolojik olaraq rahatlatmaq istəyindən irəli gələ bilər. Mümkündür ki, Rusiya hədəfinin Qərbə yönəlmədiyini göstərməklə NATO çətiri altında toplanmış Avropa ölkələrinin Alyansdan uzaqlaşmaq meyllərini artırmağa çalışır. Axı, ABŞ məhz rus təhlükəsini əldə rəhbər tutaraq, NATO üzvlərini silahlanmağa təşviq və öz ÜDM-nın 2%-ni hərbə ayırmalarını tələb edir. Daha çox sosial layihələrə vəsait ayırmaq istəyən və bununla da yaşlanmış əhalisini qorumağa çalışan Avropa ölkələri isə müdafiə büdcəsini artırmağa həvəs göstərmirlər. Çünki bu soyuq müharibədən qazananların ABŞ-dakı müharibə lobbiləri olduğunu gözəl başa düşürlər.

 

Ayrıca, hərbə ayrılan pullar Yaxın Şərq və Afrikadakı bir sıra dövlətləri darmadağın etməklə qalmır, bu coğrafiya insanlarını Avropaya köçə sürükləyir. Nəticədə Avropa ölkələrinin həm etnik xarakteri dəyişilir, həm də “qoca qitə” sosial narazılıqların, dini terrorizmin məkanına çevrilir.

O da maraqlıdır ki, silahlanma tələblərinə xoş baxmayan Avropa ölkələrinə Tramp kimi ABŞ rəhbərləri “Bizə nə? Ən çox siz düşünün. Biz ki müharibə təhdidi altında deyilik” deyərək, minnət də qoyurlar. Sözsüz ki, bu durumda Rusiyanın öz təhdidini Qərbdən Şərqə yönəltməsi Avropa ölkələri üçün rahatladıcı amildir.

 “Vostok-2018”-in hədəfləri arasında ABŞ-la yanaşı, super gücün Sakit Okeandakı müttəfiqləri də var. Məlum olduğu kimi, ABŞ xüsusilə Çin təhlükəsindən istifadə edərək Yaponiya, Avstraliya, Hindistan kimi ölkələrlə iqtisadi və hərbi əməkdaşlıqlarını gücləndirir, Pekinin Cənubi Çin dənizində hərbi varlığını artırmasına qarşı çıxır. Üstəlik, Tramp hakimiyyətinin Çinə qarşı açdığı ticarət savaşı da onu Moskvaya yaxınlaşmağa təhrik edir. Bu mənada rəsmi Pekinin “Vostok-2018” təlimlərinə qatılması ABŞ-Rusiya-Çin münasibətləri baxımından da böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Putinin mətbuat katibi Peskov Çinin bu təlimdə yer almasını Moskva və Pekinin bütün sahələrdə əməkdaşlıq etdiyinin işarəsi kimi qiymətləndirib.

Peskovun məntiqindən məsələyə baxarsaq, “Vostok-2018” vaxtilə Çin-SSRİ arasında ziddiyyətlər yaratmağı bacaran ABŞ-ın bu iki böyük düşməninin hərbi əməkdaşlığının da əsasını qoya bilər. İndiyədək Çinlə rəqabət halında olan Rusiya Hindistan və Monqolustanı dəstəkləyirdisə, 3 gündən sonra gerçəkləşəcək hərbi təlimlər ABŞ-ın yeni müttəfiqliklər arayışına girdiyi Sakit okean bölgəsində geopilitik tarazlığı tamamilə dəyişə bilər. Məsələ burasındadır ki, Obama hakimiyyəti dövründə Çin iqtisadi təhlükəsinə qarşı yaradılmağa çalışılan  Trans-Sakit Ticarət və Əməkdaşlıq Sazişi (TPP) ittifaqı Donald Tramp tərəfindən ləğv edilmiş və bu addım region ölkələrində böyük xəyal qırıqlığı yaratmışdır. Hətta bəzi Sakit okean ölkələri yeni himayədar kimi Çinə sığınmaq barədə düşünməyə başlamışdılar. Bu cür xəyal qırıqlıqlarının yaşandığı indiki mərhələdə dünyanın 2-ci və 3-cü ordularının müştərək hərbi təlimlər keçirməsi Sakit okeanda mərkəzdənqaçma meyllərini daha da gücləndirə və ABŞ-ı öz “məhəlləsində” təkləyə bilər.

 

 Moskvanın dünya ağalığı yolunda tarixinin ən böyük güc nümayişi sayılan “Vostok-2018”-ə ciddi hazırlaşdığı da nəzərdən qaçmır. Rusiya Müdafiə naziri Sergey Şoyqunun bildirdiyinə görə, 11-15 sentyabr tarixləri arasında keçiriləcək hərbi təlimə 36 min tank və zirehli texnika, 1000-dən artıq döyüş təyyarəsi qatılacaq. Sibirdən Rusiyanın uzaq şərqinə qədər uzanan təlim coğrafiyasındakı bütün hava qüvvələrinin və dəniz donanmalarının iştirakı gözlənilən “Vostok-2018” SSRİ-nin 1981-ci ildə keçirdiyi “Zapad-81” təlimindən belə, daha geniş miqyaslılığı ilə seçiləcək. Qeyd edək ki, 37 il əvvəl Rusiyanın qərbində keçirilən “Zapad-81” NATO ölkələri arasında ciddi narahatlıq yaratmış, Qərb ölkələrini silahlanma yarışına girməyə sürükləmişdi.

Məhz bu məqama diqqət çəkən Rusyanın Müdafiə naziri  Serqey Şoyqu “Vostok-2018” təlimini “Zapad-81” ilə müqayisə edərkən deyib: “Bəzi cəhətlərdən, “Zapad-81” təkrarlanacaq, amma başqa aspektlərdən baxanda miqyası ondan da böyük olacaq".

Çin Müdafiə Nazirliyi də “Vostok-2018” təlimlərinə qatılacaqlarını təsdiqləyib. Nazirliyin yaydığı açıqlamaya görə, təlimdə Çinin 3 min 200 hərbçisi ilə yanaşı, 30-u döyüş təyyarəsi və helikopteri olmaqla, 900 hərbi texnikası yer alacaq. Təbii ki, Çinin də bu hərbi təlimdən qazanacağı xeyli siyasi dividentlər var.

Əvvəla, Pekin onu getdikcə Cənubi Çin dənizində sıxışdıran ABŞ-a yalnız olmadığını göstərəcək.

Digər tərəfdən, özünün regional rəqibi olan Hindistanın Rusiya ilə yaxınlaşmasından doğa biləcək təhlükələri zərərsizləşdirəcək.

Ən əsası isə, son dövrlərdə BRİCS, Şanxay kimi inkişaf etməkdə olan dövlətlərin iqtisadi ittifaqları hərbi əməkdaşlıqlarla daha güclənəcək.

Bütün hallarda, “Vostok-2018” hərbi təlimləri qlobal imperializmə qarşı böyüməkdə olan nəhənglərin güc nümayişi kimi tarixə düşəcək. O, başqa məsələdir ki, indi böyükməkdə olan həmin güclər də imperialist niyyətlidirlər və onların bu siyasətlərinə ən çox məruz qalanlar Türk xalqları olmuşlar.

Heydər Oğuz

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 808          Tarix: 8-09-2018, 16:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma