Xəbər lenti

Sentyabrın 19-da "Kitab Evi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Əsəd Qurbanlının “Azərbaycan türklərinin ermənistan ssr-dən deportasiyasi (1947-1953-cü illər)” elmi əsərinin ingilis dilinə tərcüməsi, kitab halında nəşri və bu mövzu üzrə Bakıda beynəlxalq elmi konfransın təşkili” layihəsi çərçivəsində “Azərbaycan türklərinin Ermənistan SSR-dən deportasiyası (1947-1953-cü illər)” adlı beynəlxalq elmi konfrans keçirib.
Konfrans öncəsi Fəxri xiyaban, Şəhidlər xiyabanı, Bakı Türk Şəhidliyi xatirə kompleksi və Tarix muzeyi ziyarət edilib.
Konfrans Azərbaycan Dövlət Himninin səslənməsi, ardınca 7 dəqiqəlik videoçarxın nümayişi ilə açılıb. Layihənin rəhbəri "Kitab Evi" İctimai Birliyinin sədri filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova konfrans iştirakçılarını salamlayıb. O, öncə demokratik dövlət quruculuğu prosesində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ölkədə ictimai problemlərin həllinə yönələn tədbirlərin keçirilməsi, həmçinin vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi istiqamətində rolunu vurğulayıb və layihənin məzmunu, məqsədi və gözlənilən nəticələrindən danışıb.
A.Nəzərova tarix elmləri üzrə fəlsəfə doktoru Əsəd Qurbanlının “Azərbaycan türklərinin Ermənistan SSR-dən deportasiyası (1947-1953-cü illər)” elmi əsərinin ictimai birlik tərəfindən ingilis dilinə tərcümə və nəşr olunan kitabını layihənin predmeti olaraq təqdim edib. O, sözügedən mövzudan bəhs edən digər əsərlər haqqında da qısa məlumat verib.
Tarixçi-alim Əsəd Qurbanlı, tarixçi-alim Həsən Qəniyev, tarixçi-alim Nazim Mustafayev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni mövzu ilə bağlı məruzə ediblər.
Konfransda Türkiyədən dəvət olunmuş yazar, naşir Şeref Yılmaz, Rusiyadan dəvət edilmiş, kumuk dilində nəşr olunan "Tanqçolpon" jurnalının baş redaktoru, şair Supiyanat Mamayeva, Gürcüstandan dəvət olunmuş yazıçı-publisist Elbəyi Mehdiyev və digər qonaqlar çıxış ediblər. Onlar Sovet hakimiyyətinin deportasiya siyasətinə məruz qalan xalqlar arasında Azərbaycan türklərinin daha çox haqsızlığa uğradığını bildiriblər.
Daha sonra siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirov, akademik Hümeyir Əhmədov, professor Qulu Məhərrəmli, Yunus Emre İnstitutunun direktoru, dosent-doktor Cihan Özdemir, əməkdar jurnalist Azər Həsrət, tarixçi-alim Nazim Mustafa, ADPU-nun Türkiyəli tələbələrin yönətim konseyi başkanı, pedaqoq Hakan Köşe, Qərbi Azərbaycana (Ermənistana) qayıdış İctimai Birliyinin sədri Rizvan Talıbov və başqaları öz çıxışlarında qeyd ediblər ki, Ermənistan SSR-dən azərbaycanlıların köçürülməsi Sovet-Türkiyə münasibətləri kontekstində yaranan amillərlə bağlıdır. Sovet İttifaqının Türkiyəyə qarşı ərazi tələbləri, Ermənistanın isə Azərbaycana qarşı ərazi iddiaları və Azərbaycan türklərinin tarixi dədə-baba torpaqlarından kütləvi deportasiyasını həm bilavasitə, həm də dolayısı ilə şərtləndirən amillərdi.
Sonda iştirakçılar bu konfransın keçirilməsinin məlum həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm platforma rolunu oynayacağını vurğulayıblar.

 

 




Ana səhifəyə qayıt        Baxış: 918          Tarix: 20-09-2018, 17:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma