Xəbər lenti

  

ABŞ-ın İrana qarşı embarqolar tətbiq etməsinə və noyabrın 5-də bu sanksiyaları daha da genişləndirmək istəməsinə baxmayaraq, rəsmi Tehran öz ənənəvi neft siyasətindən geri çəkilmək fikrində deyil.

Ovqat.com xəbər verir ki, İran nəinki neft hasilatını dayandırmaq və ya azaltmaq barədə fikirləşmir. Əksinə, İraq neftini də öz tankerləri vasitəsilə dünya bazarına çıxarmaq niyyətindədir.

Hər halda İran rəsmilərinin fikrindən belə çıxır.

İranın Neft naziri Bijen Zəngənə ABŞ-ın “Bloomberg” informasiya agentliyinə verdiyi açıqlamada İraqla neft mübadilələrinə davam edəcəklərini və Kərkük neftini tankerlərlə ünvanına daşıyacaqlarını bildirib.

Sirr deyil ki, ABŞ prezidenti Donald Trampın İrana qarşı embarqo tətbiq etməsinin əsas səbəbi onu iqtisadi cəhətdən tam çökdürmək və özündən asılı vəziyyətə salmaqdır. Noyabrın 5-dən sonra genişləndiriləcəyi gözlənilən növbəti sanksiyalarda İrandan neft ixracatını tamamilə dayandırmaq nəzərdə tutulur.

Bu isə düşünüldüyü qədər də asan deyil. Nədən ki, dünyanın ən böyük neft hasilatçılarından olan İran gündəlik 3.8 milyon barrel neft ixrac edir. Bu qədər məhsulun dünya bazarından kənarlaşdırılması neftin qiymətinin həddən artıq yüksəlməsindən və defisit yaranmasından tutmuş dünya iqtisadiyyatına başqa mənfi təsirə qədər ən müxtəlif problemlərə yol aça bilər. Deməli, embarqolardan sonra yaranacaq təklif boşluğunun yerini doldurmadan sözügedən radikal addımı atmaq təkcə İrana deyil, həm də qlobal iqtisadiyyata da ciddi zərbə vurar. ABŞ hökuməti də həmin təhlükənin qarşısını almaq üçün müxtəlif variantları gözdən keçirir, digər hasilatçıları bu işə cəlb etmək istəyir. Xüsusilə Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatını artıracağına ümid bəsləyən Ağ ev öz Enerji naziri Rik Perrini Rusiya və Səudiyyə Ərəbistanı yetkililəri Aleksadr Nova və Xalid Falehlə görüşə göndərmişdi. 3 ölkənin neft nazirlərinin bu görüşü İranda xüsusi narahatlıqla qarşılanmış və ölkənin OPEK-dəki nümayəndəsi Hüseyin Kazımpur Ərdəbili tərəfindən qınanmışdı. Ərdəbili bu cəhdi İranın bazar payına göz dikmək kimi qiymətləndirmişdi.

ABŞ təkcə Rusiya və Səudiyyə Ərəbistanını deyil, digər neft hasilatçısı ölkələri də ixracatı artırmağa təşviq etməyə çalışır. ABŞ prezidenti Donald Trampın ötən gün “Twitter” səhifəsində Yaxın Şərq və körfəz ölkələrinə minnət qoyarcasına paylaşdığı status da bu fikri təsdiqləyir. Həmin paylaşımında ABŞ lideri Yaxın Şərq ölkələrinə Vaşinqtonun sayəsində güvəndə olduqlarını, əks halda uzun müddət stabil qala bilməyəcəklərini xatırladaraq, körfəz ölkələrini bir növ siyasi iğtişaşlarla təhdid etmişdi. O, fikrinin mabədini isə bu cür dilə gətirmişdi:

 “Buna baxmayaraq, onlar qiymətləri artırmaqda davam edirlər. İnhisarçı OPEK ölkələri neftin qiymətlərini dərhal aşağı salmalıdır”.

ABŞ prezidentinin amiranə göstərişinə baxmayaraq, dünya neft bazarında ciddi bir ucuzlaşma baş vermədi. Ötən gün Brent markalı neftin qiyməti 78,23 - 80,12 dollar arasında var-gəl etməyə başlada da həftəni 78.70 dollarla tamamladı. Trampın basqılarının nəticəsi - neft qiymətlərinin necə olacağı gələn bazar ertəsi günü birja açılışında ortaya çıxacaq. Mütəxəssislər isə neft birjalarımda ciddi dəyişiklik gözləmirlər.

 

Trampın neçə vaxtdan bəri neft qiymətlərini aşağı salmaq cəhdinin alınmaması bir neçə səbəblə izah olunur. Səbəblərdən biri ABŞ-ın öz hasilatını yetərli qədər artırmaması ilə bağlıdır. Bu ehtimala görə, ABŞ körfəz ölkələrini İrana qarşı sanksiyaların yerini doldurmaq üçün fədakarlığa sövq etsə də, özü çiynini bu ağır yükün altına vermək istəmir. Super gücün neft hasilatı ilə bağlı rəsmi statistikası da bu nigaranlığı artırır. Məlumata görə, ABŞ-ın neft sənayesinin mənzərəsinin və xam neft hasilatının göstəricisi kimi qəbul edilən qazma qurğusu sayı bu həftə azalıb. “Baker Hughes”un 15-21 sentyabr həftəsi hesabatına görə, ABŞ-ın bir əvvəlki həftədə 867 olan neft qazma qurğusunun sayı bu həftə 866-ya geriləyib. Bu isə, qlobal bazarda təklifin tələbi üstələməsi sahəsində ABŞ-ın faktiki olaraq heç bir iş görmədiyindən xəbər verir.

Məlum siyasətin istənilən nəticə verməməsinin bir başqa səbəbi İranın neft bazarının kifayət qədər böyük olmasından irəli gəlir. Digər neft hasilatçılarının İranın bazar payını -gündəlik 3.8 milyon barreli kompensasiya etmələri uzun zaman ala bilər ki, bu da iqtisadi savaşda Pirr qələbəsinə bənzər nəticə ortaya çıxarar.

İranın region dövlətlərlə yürütdüyü neft strategiyası da ABŞ-ın öz niyyətini tam həyata keçirməyə imkan vermir. Bilindiyi kimi, Trampın sanksiya qərarından sonra İranın neft hasilatında xeyli önəmli yer tutan Fransanın “Total” şirkəti dərhal bu ölkəni tərk etdi. Amma bu addım İranın yeni tərəfdaş tapmasına mane olmadı. “Total”ın bütün səhmlərini alan Çin dövlət neft şirkəti faktiki olaraq İranda neft hasilatının 80%-ni ələ keçirdi. Belə ki, Total, iyul 2017-ci il tarixində imzalanmış 4,8 milyard dollar dəyərindəki saziş əsasında, İrandakı Cənubi Pars Qaz Sahəsi konsorsiumunun 50,1%-lik hissəsinə malik idi. Layihənin digər iştirakçıları 30%-lə Çinin CNPC şirkəti və 19.9%-lə İranın Petrobras şirkətləri idi. CNPC “Total”-ın bütün hissələrini alaraq, öz payını 80.1%-ə çıxarmış oldu. Bununla da dünyanın ən iri neft idxalatçısı kimi, ABŞ-ın embarqolarına əhəmiyyət verməyəcəyini ortaya qoydu.

İranın sanksiyalara qarşı müqavimət strategiyasından biri də regionun digər neft hasilatçıları hesabına olsa belə, öz bazar payını artırmaqdır. Yuxarıda qeyd etdiyimiz kimi, rəsmi Tehranın Kərkük neftinin nəqlinə bu qədər önəm verməsi də bu strategiyanın tələbindən irəli gəlir. Ölkə rəsmilərinin inancına görə, neft ixracatını nə qədər artırsalar, dövlətlərinə qarşı yönələcək embarqoları bir o qədər imkansız hala gətirmiş olarlar. İranın Neft naziri Bijen Namdar Zəngənənin sanksiyalar yeni tətbiq olunanda dilə gətirdiyi aşağıdakı fikirləri də bu iddianı qüvvətləndirir:

 "Gündəlik 4 milyon barrel neft ixrac etsəydik, ABŞ-ın sanksiyalara əl atması mümkün olmazdı".

 

Şəkildə: Bijen Namdar Zəngənə

Bununla belə, İranın embarqoların ağır nəticələrindən tam sığortalandığını da deyə bilmərik. Tehran rejimi vəziyyətin nə qədər mürəkkəb olduğunun fərqindədir. ABŞ-ın Rusiya və Səudiyyə Ərəbistanını neft hasilatını artırmağa təşviq etməsini özü üçün ən böyük təhlükə hesab edən İran tamamilə Moskvanın insafına bel bağlayıb. Bijen Zəngənənin “Blomberg”ə müsahibəsində də  bu çarəsizlik açıq hiss olunur. Jurnalistin ABŞ Enerji naziri Rik Perrinin ötən həftə Rusiya və Səudiyyə Ərəbistanından olan həmkarları ilə görüşünü şərh edən Bijen Namdar Zəngənə Rusiyanın ABŞ ilə birlikdə hərəkət edəcəyini düşünmədiyini vurğulayıb:

"Məncə, bu, bir təbliğatdır. ABŞ mütəmadi olaraq müxtəlif yerlərə gedərək təhdidlər yağdırır. Bizimlə əlaqə saxlayan şirkətlərə yarım saat içində telefon açır və bütün işlərini təqib edir".

Dünya bazarında azalan neft təklifini bərpa etməyə çalışanların ABŞ-ın müttəfiqi olduğunu bildirən nazir fikrini belə əsaslandırıb:

“Bunu edənlər İrana qarşı sanksiyalar üçün ABŞ-a yaşıl işıq yandırırlar. Rusiyanın ABŞ hədəflərinə uyğun addım atdığına isə inanmıram. Rusiya belə bir şeyi etməyəcək qədər böyük bir ölkədir. Amma Rusiya ilə əməkdaşlıq edən bəziləri bundan faydalana bilərlər".

Sanksiyalara qarşı region dövlətləri ilə ticari əlaqələrini artırmaq istəyən Tehranın qarşısında dayanan problemlərdən biri də Türkiyə ilə münasibətlərdə yaşana bilər. Nədən ki, gündə 350 min barrel həcmindəki Şimali İraq neftinin dünya bazarına nəqlində Türkiyə də iddialıdır. Ötən ilə qədər Şimali İraq nefti Ceyhan limanı vasitəsilə nəql olunurdu. 25 sentyabr 2017-ci ildə keçirilən müstəqillik referendumundan sonra rəsmi Bağdad Şimali İraqa müdaxilə etdi və Kərkükü ələ keçirdi. Bundan sonra Kərkük neftinin Türkiyə vasitəsilə nəqlinə son qoyuldu. Bölgə neftinin daşınması İranın nəqliyyat şirkətlərinə həvalə olundu. Ankara öz torpaq bütünlüyü məsələsinə görə Bağdadın bu müdaxiləsini dəstəkləsə də, neftin marşrutunun dəyişilməsi, sözsüz ki, onu  qane etmir. Odur ki, bu məsələdə Yaxın Şərqin iki güclü dövləti arasında münasibətlərin pozulacağı istisna olunmur.

Bir sözlə, İranın ABŞ embarqolarına qarşı müqavimət strategiyası müxtəlif zəif həlqələrlə doludur. Hər an qırılmağa hazır olan bu siyasi xəttin nə qədər uğurla davam etdirilə biləcəyi isə Tehranın incə düşünülmüş diplomatik manevrlərindən asılıdır. Regional güclərin hamısının maraqlarını təmin edəcək orta yol tapılacaqmı? Bu sualın ən yaxşı cavabını yaxın günlərdə Əlahəzrət Zaman verəcək.

Heydər Oğuz

Ovqat.com

P.S. İran rəsmilərinin açıqlamasına inansaq, bu ölkənin embarqolara qarşı əsas müqavimət strategiyası Hörmüz boğazını bağlamaq olacaq. Bu təhdidi real hesab etmədiyimizdən üzərində dayanmadıq.




Ana səhifəyə qayıt        Baxış: 895          Tarix: 22-09-2018, 15:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma