Xəbər lenti

  

Son zamanlar hakimiyyət daxilindəki parçalanmalar özünü mətbu orqanlarda da göstərməyə başlayıb. Bir qrup tərəfindən maliyyələşən media qurumları əks düşərgə mənsublarına qarşı açıq təxribat yazıları tirajlamaqla qalmır, bəzən onların fikirlərini təhrif edərək, onları ölkə rəhbərliyi qarşısında çətin vəziyyətə qoymaqdan da  çəkinmirlər.

Bu təhrif və təxribat prosesində xüsusilə Haqqin.az və Virtualaz.info saytları xüsusi canfəşanlıqlarıyla diqqəti cəlb edirlər.

Təcrübəli jurnalist (bu fakt təhriflərin təsadüfdən qaynaqlanmağını təsdiqləyir) Eynulla Fətullayevə məxsus olan bu saytlarda bu gün yenə bənzər hadisə yaşanıb. Maraqlıdır ki, təcrübəli jurnalist heyətinin budəfəki hədəfi Bütöv Azərbaycan Xalq Cəhbəsi partiyasının sədri, MM-in deputatı Qüdrət Həsənquliyev olub.

   

Ovqat.com xəbər verir ki, deputatın Milli Məclisin bugünkü payız sessiyasının ilk plenar iclasında səsləndirdiyi fikirlər tamamilə başqa konteksdə Haqqin.az və Virtualaz.info saytlarında ictimaiyyətə təqdim edilib.

Belə ki, deputat həmin çıxışında Ermənistanın arxasında Rusiyanın dayandığını qəsd edərək, Qarabağla bağlı müzakirələrin Moskvayla aparılması təklifini irəli sürüb: “...Hamımız bilirik ki, bizim torpaqlarımızın işğal altında qalmasının səbəbkarı bizim düşmən elan etdiyimiz Ermənistan deyil. Ermənistan olsaydı biz bu problemi çoxdan həll etmiş olardıq. Qarabağ məsələsində siyasi məqsədlər üçün istifadəyə cəhd edən bəzi insanlar zaman-zaman bununla bağlı manipulyasiya etmək istəyirlər ki, niyə biz Ermənistamnın öhdəsindən gələ bilmirik? Axı söhbət ondan gedir ki, bu işğalın arxasında Rusiya dayanıb və mən hər zaman söyləmişəm ki, danışıqlar Rusiya ilə aparılmalıdır. Biz onu da düşünməliyik. Həmin adamlar da insanlarda xüsusi olaraq əlavə əsəb gərginliyi yaratmaq əvəzinə bu barədə düşünməlidirlər. Biz nə qədər hərbi potensialımızı artırsaq da, əgər Rusiya Ermənistana dəstək verəcəksə, bizim o torpaqları hərb yolu ilə azad etmək imkanlarımız ciddi şəkildə şübhə altında olacaq. Ola bilər ki, bizim yeni ərazilərimiz də bu cütlük tərəfindən işğal olunsun. Ona görə də, daha təmkinli siyasət yürütmək lazımdır”.

Mənbə: http://baymedia.az/news.php?id=78015

Fikrimizcə, Qüdrət Həsənquliyevin bu fikirləri kifayət qədər aydın və övrün tələblərindən doğan incə düşünülmüş təkliflərdir. Peşəkar jurnalist Eynulla Fətullayevin saytlarında isə bu fikirlər Dağlıq Qarabağın Rusiya tərəfindən işğal edilməsi kimi təqdim olunub:

  

“Bizim torpaqlarımızı işğal edən ölkə Rusiyadır”. Bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Virtualaz.org-un xüsusi müxbiri Milli Məclisdən xəbər verir ki, deputatın sözlərinə görə, ermənilər işğal olunmuş ərazilərimizdə təbii sərvətlərimizi istismar edirlər:

“Bundan əlavə, o ərazilərdə xarici şirkətlərin sayı artır. Hesab edirəm ki, biz bununla bağlı qanun qəbul etməliyik. Bundan sonra da həmin şirkətlər haqqından qanuna uyğun olaraq qərarlar qəbul edilməlidir”.

Q.Həsənquliyevin sözlərinə görə, hamıya da bəllidir ki, bizim torpaqlarımızı işğal edən ölkə Ermənistan deyil:

“Belə bir fikirlər səsləndirilir ki, Azərbaycan Ermənistanın öhdəsindən gələ bilmir. Bizim torpaqlarımız işğal edən ölkə Rusiyadır. Biz nə qədər hərbi potensialımızı artırsaq da, Rusiya Ermənistana hərbi dəstək verdiyi halda bizim torpaqlarımız işğaldan azad edilə bilməz. Hətta ola bilər ki, bu ölkələrin əlbirliyi ilə bizim yeni ərazilərimiz də işğal olunsun”.

Göründüyü ki, deputatın fikirləri tamamilə təhrif olunmuş və Rusiya Azərbaycan ərazilərini birbaşa işğal etməkdə günahlandırılmışdı. Bu isə Rusiyaya qarşı açıq düşmənçilik ritorikasıdır. BAXCP sədri isə indiyədək bütün çıxışlarında qonşu dövlətlərlə (Ermənistandan başqa) bu cür açıq düşmənçilik mövqeyindən çıxış etməyən siyasətçi kimi tanınır. Onun indi antirus obrazında təqdim olunması hansısa bəd niyyətdən qaynaqlanmış kimi görünür.

Maraqlıdır ki, Haqqin.az və Virtualaz.info saytlarının Qüdrət Həsənquliyevin yaxın olduğu düşərgəyə bu təxribatçı hücumu ilk belə hadisə deyil. Bundan əvvəl 200-ə qədər jurnalistin işini itirdiyi APA-nın bağlanmasında da Eynulla Fətullayevin xüsusi xidmətləri olmuşdu. Hər halda bunu yalnız biz yox, APA-nın redaktoru Vüsalə Mahirqızı da etiraf edirdi. Belə ki, APA-nın kiçik bir səhfindən istifadə edən Eynulla Fətullayev agentliyin bütün kollektivini qaralayan yazı qələmə almış və həmin kollektivin rəhbərinin cavabı özünü çox gözlətməmişdi. Keçmiş redaktor hadisə ilə bağlı yazdığı facebook açıqlamasında bildirirdi:

“Lakin məndən fərqli olaraq rusdilli Eynulla Fətullayev Prezidentin nitqindən yanlış yazılmış və çox kobud səslənən həmin ifadəni saytının başlığnda yerləşdirib və Prezident Administrasiyasının müdaxiləsi olmayana kimi də dəyişdirməyib. Hətta dərhal yazının içində APA-dan olan “screen-shot” da peyda olub. Azərbaycanda yüzlərlə sayt, televiziya, agentlik, qəzet APA-nn minlərlə xəbərinə istinad edib, kim indiyə qədər “screen-shot” bazası yığıb?!”

Vüsalə xanım həmin yazısında Eynulla Fətullayevin açıq-aşkar kimlərinsə sifarişi ilə bu təhrifləri etdiyini və APA-nın əleyhinə məqalələr qələmə aldığını bildirərək yazırdı:

“Bunu mən Eynulla Fətllayevdən əvvəl ona bu yazını hazırlatdıranlara da demişəm”.

 

Xanım redaktor açıq şəkildə ad çəkməsə də, burada söhbətin Prezident Aparatının məsul bir şəxsindən getdiyi məlum idi. Bu həmin şəxsdir ki, vaxtilə  rayon məhkəmələrindən birində adi bir hakim olduğu halda, mərhum Heydər Əliyevin bir nömrəli düşməni sayılan Ayaz Mütəllibov tərəfindən birdən-birə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü vəzifəsinə gətirilmiş və indiki karyerası da bu yüksəlişdən sonra başlamışdı. Bu mənada bir çoxları həmin adamı Rusiyapərəstliyi şübhə doğurmayan Ayaz Mütəllibovun kadrı hesab edirlər.

O da maraqlıdır ki, Qüdrət Həsənquliyevin parlamentdəki bugünkü çıxışında da əsas hədəflərindən biri Ayaz Mütəllibov və onun komandası idi:

 “Sentyabrın 15-də bilirsiz ki, Bakının işğaldan azad olunması ilə bağlı möhtəşəm bir parad keçirildi. Bu, burada rusiyayönümlü siyasətçiləri xeyli qıcıqlandırmışdı, o cümlədən əminəm ki, Araz Əlizadəni. Araz Əlizadəni qıcıqlandıran mənim çıxışımdakı məsələ, Oqtay müəllim, o məsələ deyil ki, biz Rusiya Ermənistan ittifaqına qalib gələ bilmərik. Onu qıcıqlandıran odur ki, mən söylədim ki, bu konfliktin arxasında Rusiya dayanır. Onun Mütəllibovla əlaqəsi, vaxtilə 90-cı illərə parlamentdə etdiyi çıxışı, Mütəllibovun Moskvada sığınacaq tapması... Biz bunun hamısını bilirik. İndi bu cür çıxışlar keçmişini Araz Əlizadəyə unutdura bilməz. Onun kimliyi Azərbaycanda hər kəsə bəllidir. Hamı bilir ki, o hara, hansı qüvvələrə bağlıdır”.

Qüdrət Həsənquliyevin çıxışındakı altını cızdığımız son cümlədə Azərbaycandakı bəzi Rusiyaya bağlı qüvvələrin komanda şəkilində işlədiyi iddia olunur. Görünür, bu məqam hədəfə götürülən həmin qüvvələr tərəfindən əsk-düşərgənin hücumu kimi qəbul edilib və onlar da buna təhriflə cavab veriblər. Məqsəd, bəlkə də, deputatın fikirlərini konteksdən çıxararaq, Rusiyanın təpkisini onun və mənsubu olduğu komandanın üzərinə yönəltmək olub. Zənnimizcə, bu da səbəbsiz deyil. Görünən budur ki, hətta Azərbaycan ictimaiyyətinin Evrovizyon yarışlarındakı seçiminə qədər ən xırda məsələlərdə belə, rəsmi Bakını məsul tutan Rusiyanın ölkəmiz üzərində həlledici nüfuzu hakimiyyətdaxili qüvvələri öz mübarizəsinə Moskvanı da qatmağa həvəsləndirir və buna görə də təcrübəli jurnalist təhriflərinə əl atılır. Bu yolla bəlkə də ölkə rəhbərini Moskvanın tələbləri qarşısında çətin vəziyyətdə qoyaraq, onu əks-düşərgəni zərərsizləşdirməyə vadar etmək istəyirlər.

Ovqat.com

 

P.S. Yazı çapa hazırlanana qədər Haqqin.az saytdakı təhrif olunmuş məlumatlar yayımdan çıxarılmış, yerinə məlum çıxışın orjinalı qoyulmuşdu. Görünür, xoş olmayan bu niyyət ölkə rəhbərliyi tərəfindən sezilib və çox yuxarılardan lazımi tədbirlərin görülməsi barədə əmr gəlib.




Ana səhifəyə qayıt        Baxış: 1 701          Tarix: 1-10-2018, 22:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma