Xəbər lenti

  

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə budəfəki söhbətimiz Qarabağ mitinqi və Ermənistan-Azərbaycan münasibətləri ərtafında idi. Bununla belə, arada zaman tapıb Ayaz Mütəllibov və onun komandasının son vaxtlar fəallaşmasının səbəbləri barədə də fikir mübadiləsi apardıq.

 

Millət vəkilinin Ovqat.com-a müsahibəsini təqdim edirik.

 

-Ötən həftənin ən önəmli hadisəsi Qarabağ Azadlıq Təşkilatının keçirdiyi mitinq idi. Mitinq barədə müxtəlif fikirlər irəli sürülür. Əsasən də aksiyada iştirak edənlərin sayı mübahisə predmetinə çevrilib. Siz nə fikirləşirsiniz bu barədə: iştirakçıların sayı qənaətbəxş idimi?

 

-Əlbəttə, qənaətbəxş deyildi. Mitinqdən əvvəl mən özüm də ictimaiyyətə müraciət edərək bildirmişdim ki, aksiyaya geniş xalq kütlələri qatılmalıdır. Aksiyanın təşkilatçıları tərəfindən ictimaiyyətə elə mesajlar verilməli idi ki, insanlar mitinqin yalnız Qarabağ məsələsinə görə çağırıldığına əmin olsunlar. Əmin olsunlar ki, kimlərsə Qarabağ problemindən  istifadə edib siyasi hakimiyyət uğrunda mübarizə aparmayacaq. Nə yazıq ki, mitinqin təşkilatçıları cəmiyyətə bu mesajı verə bilmədilər. Mitinq zamanı edilən çıxışlar da sübut etdi ki, siyasi hakimiyyət uğrunda mübarizə daha ön plana çıxıb.

-Sizcə, Qarabağ problemi ilə bağlı etiraz aksiyası hansı zərurətdən doğmuşdu? Ehtiyac var idimi bu mitinqə?

-Çox böyük ehtiyac var idi. Azərbaycan həm dünya birliyinə, həm ermənilərə, həm ermənilərin arxasında dayanan Rusiyaya, həm region dövlətlərinə, həm də problemin həlli ilə məşğul olan Minsk qrupuna səbrimizin tükənməsi ilə bağlı mesajlar verməli idi. Və bu mesajlar Ermənistan hakimiyyətinə qarşı təzyiqləri stimullaşdırmalı idi. Hesab edirəm ki, haqqında danışdığımız aksiyaya onminlərlə etirazçı çıxsaydı, müsbət təsiri olardı. Erməni xalqı başa düşməlidir ki, Azərbaycan işğal faktı ilə barışmayacaq və Qarabağ problemi gec-tez böyük bir müharibəyə çevriləcək. Çox təəssüf ki, bu mesajı lazımınca verə bilmədik.

-Fikrimcə, bu məsələdə hakimiyyət də maraqlı olmalıydı. Ən azı ona görə ki, beynəlxalq danışıqlarda ən çox təzyiqlərə məruz qalan tərəf Azərbaycan hakimiyyətidir. Niyə o zaman hakimiyyət bu mitinqin keçirilməsinə nəinki kifayət qədər dəstək vermədi, hətta həmin təşəbbüsün qarşısını almağa çalışdı?

-Aydın məsələdir ki, hakimiyyət müxalifət düşərgəsində gedən prosesləri, aparılan müzakirələri izləyir, necə ki, müxalifət də hakim komandanı eyni şəkildə müşahidə edir. Bir çox hallarda alınan qərarlarda, atılan addımlarda həmin müşahidələrin də mühüm rolu olur. Bildiyimiz kimi, mitinq müzakirələrinin getdiyi ilk dövrlərdə YAP rəhbərliyindəki bəzi yetkililər açıq şəkildə bu təşəbbüsü alqışladılar. Çünki aksiyanın təşkilatçıları iqtidara da müraciət etmişdi və bəyan olunmuşdu ki, mitinq iqtidara etiraz aksiyası kimi təşkil olunmur, siyasi hakimiyyət uğrunda mübarizə aparan siyasətçilər çıxış etməyəcəklər. Hakimiyyət biləndə ki bu söz tutulmayacaq, istər-istəməz geri çəkildi. Məncə, hakimiyyətin bu mövqeyi başa düşüləndir. Özünüz fikirləşin: tutalım, mən tərəfdarlarımı toplayıb sizin aksiyada iştirak edirəm ki, siz mənim əleyhimə təbliğat aparasınız , bu, sağlam məntiqə sığırmı?

Səmimi etiraf edək ki, iqtidarın dəstəyi olmasa, hazırda on minləri meydanlara toplamaq qeyri mümkündür. Mitinq təşkilatçılarının bəzi səhvləri və şəxsi ambisiyalarını kənara qoya bilməmələri bu çox önəmli aksiyanın iflasına, sönük keçməsinə yol açdı.

 

-Əslində indi soruşacağım suala nə cavab verəcəyinizi təxmin edirəm. Çünki aksiyada Sizin partiyanın rəhbər üzvlərindən bir çoxunu şəxsən gördüm. Amma Siz, deyəsən, orda deyildiniz. Hesab edirəm ki, oxucularımız indiyə qədərki fikirlərinizlə tanış olanda xəyalən Sizə bu sualı ünvanlayacaqlar: Qüdrət bəy, bir halda ki mitinq bu qədər önəmli idi, özünüz niyə iştirak etmirdiniz?

-Bəli, bizim bir çox üzvlərimiz aksiyada iştirak etdi. Mən özüm hətta mətbuatda da mitinqi dəstəkləyən mövqe ortaya qoymuşdum. Şəxsən özümün o aksiyaya qatılmamağıma gəlincə, bunun səbəbi mitinqin öz məramından kənarlaşacağını bilməyim ilə bağlı idi. Bütün siyasi qüvvələr ora dəvət olunmuşdusa, deməli, qarşılıqlı ittihamlar və təhqirlər olmamalı idi. Həmin mitinqdə qaçqınlar çıxıb öz problemlərindən danışsaydılar,ata-baba yurdlarına qayıtmağı tələb etsəydilər, Qarabağ əlilləri, müharibə veteranları, şəhid ailələrinin təmsilçiləri çıxış etsəydilər, daha effektli olardı, nəinki  hansısa siyasi qüvvələrin Qarabağ mitinqini hakimiyyət uğrunda mübarizə vasitəsinə çevirməsi. Mən qarşıya qoyulan məramın dürüstlüyü şübhəli olan heç bir aksiyaya qatılmıram. Amma Qarabağ adına görə partiya üzvlərinə tövsiyyə etdim ki, qatılsınlar.

Bu sözlərlə demək istəmirəm ki, bu tipli aksiyalarda hakimiyyət tənqid olunmamalıdır. Əlbəttə, problemin indiyə qədər həll edilməməsi istər-istəməz vətəndaşların hakimiyyət qarşısında sırf bu məsələylə bağlı sərt tələblər qoymasını şərtləndirir. Eyni tələblər beynəlxalq vasitəçilər və təşkilatlar qarşısında da irəli sürülə bilər. Amma tələblər irəli sürülərkən müəyyən səviyyə qorunmalıdır. Mən də mitinqdən əvvəl xəbər almışdım ki, təşkilatçılar dedikləri sözü  tutamayacaqlar. Bilirdim ki, ümumxalq problemi olan Qarabağ məsələsini hakimiyyət uğrunda mübarizə predmetinə çevirəcəklər. Mitinqə özümün qatılmamağımın səbəbi bu idi.

-Qüdrət bəy, mən demirəm ki, kimsə Qarabağ problemindən siyasi hakimiyyət uğrunda mübarizə silahı kimi istifadə etsin. Amma məsələ burasındadır ki, bizdə siyasi hakimiyyət uğrunda mübarizəyə ən böyük cinayət, vətənə xəyanət kimi baxılır. Halbuki, siyasi partiyaların ən önəmli vəzifələri də, hüquqları da budur. Heç uzağa getməyək, Siz prezidentliyə namizədlərdən olubsunuz. Deməli, ən yüksək siyasi post uğrunda mübarizə aparıbsınız. Bəs, niyə cəmiyyətimizdə hakimiyyət uğrunda mübarizəyə cinayət kimi baxılır?

-Heç kim siyasi hakimiyyət uğrunda mübarizəyə cinayət kimi baxmır. Kim istəyirsə, hakimiyyətin istənilən qanadında təmsilçiliyə iddia edə və mübarizə apara bilər. Amma bunu açıq bəyan etməli, siyasi tələblərini və məramlarını dürüst şəkildə ortaya qoymalı, hər kəsi bu məqsədlə özünə qoşulmağa çağırmalıdır. Məsələn, deməlidir ki, Azərbaycanda qanunun aliliyi, insan hüquqları, sosial-iqtisadi və s. məsələlərlə bağlı problem var, korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir və biz bununla əlaqədar hökumət əleyhinə mitinq keçiririk. Mən də bunu normal qarşılayaram. Amma deyirsən ki, mən sırf Qarabağla bağlı mitinq keçirirəm və bundan istifadə edib xalqı meydana toplayırsan, sonra isə onu iqtidar əleyhinə etiraz aksiyasına çevirirsən. Bizim qarşı çıxdığımız bu dürüstsüzlükdür, hiyləgər mübarizə metodudur. 

Kim deyir ki, mən hakimiyyət uğrunda siyasi mübarizəyə pis baxıram. Əksinə, hakimiyyətin iqtisadi, məhkəmə-hüquq islahatları, sosial, təhsil, hərbi quruculuq siyasəti ilə bağlı tam fərqli konsepsiyalar ortaya qoymuşam. Adı ilə mahiyyəti bir-birindən fərqlənən siyasi manevrlərlə məqsədə çatmaq olmaz. Əksinə, həm öz mübarizəni, həm də adından istifadə etdiyin dəyərləri gözdən salar, ona ictimai marağı azaldarsan. Necə ki, Qarabağ mitinqdə bu baş verdi. Qarabağ bizim ümumi bəlamız olduğu halda, bəzilərinin məkrli taktikaları bu siyasi aksiyaya daha az adamın qatılmasına yol açdı.

Bilirsinizmi, Qarabağ mitinqini təşkil edən bəzi adamların bu məkrli taktikaları mənə nəyi xatırlatdı? 2008-ci ildə rəhmətlik Heydər Əliyevin doğum günü münasibətilə Gülüstan sarayında bir tədbir keçirilirdi. Tədbiri keçirən “Avrasiya Dialoq” adlı Fəthullah Gülən tərəfdarı təşkilat idi. Mən də o tədbirə dəvətli idim. Tədbirə qatıldıq. Gördük ki, həmin toplantı ilə bağlı xüsusi jurnal buraxıblar. İçərisində yalnız bir-iki məqalə mərhum Heydər Əliyevə həsr olunmuşdu. Jurnalın qalan hissəsi Fəthullah Gülən və onun hərəkatından bəhs edirdi. Sanki Heydər Əliyevin adıyla insanları Gülüstan sarayına toplayıblar, amma orda Gülənçilik təbliğ olunurdu. Bu, əlbəttə, doğru hərəkət deyildi. Dürüst insanlar belə davranmırlar.

Eynilə bu mitinq də bənzər məntiqlə hazırlanmışdı. Ümummilli problem adıyla Qarabağ məsələsi əldə rəhbər tutulacaq, hər kəs, o cümlədən iqtidar mənsubları ora dəvət olunacaq, mitinqdə isə hakimiyyətin əleyhinə sərt şüarlar səsləndiriləcəkdı...

-Təsvir etdiyiniz tablo lap “O olmasın, bu olsun” filmindəki bir epizoda bənzədi. Məşədi İbadın təbirincə desək, “mənə “meymun” deməyin bəs deyil, hələ bir əl də uzadırsan?”.

-Bəli, Heydər bəy, məhz bu məqam qəbulolunmazdı. Yoxsa, heç kim heç kimə “siyasi mübarizə aparma”, demir.

 

-Yeri gəlmişkən, bayaq “Avrasiya Dialoq”un məlum toplantısını xatırlatdınız. Eşitdiyimə görə, Siz o toplantını nümayişkarənə şəkildə tərk edibsiniz. Digər rəsmi dəvətlilər isə başını aşağı salıb FETO-çuların möuzələrini sonuna qədər dinləyiblər. Bununla da özlərini “Hoca əfəndi”nin müridlərinin yanında şirin salmağa çalışıblar. Azərbaycan hakimiyyətinin Türkiyənin tələbləri ilə FETO-çuluğa qarşı mübarizə apardığı indiki zamanda belə, həmin hər kəsə şirin görünən rəsmilər yenə öz postlarındadırlar...

-Bu məsələyə bir daha qayıtmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, dürüst olmayan bu hərəkətə etiraz edərək toplantını tərk etmişdim. O ki qaldı orda sonuna qədər iştirak edənlərə, fikrimcə, məsələyə bu qədər maksimalist yanaşmamalıyıq. Həmin toplantıya qatılanların hər biri Fəthullah Gülənə duyduğu məhəbbətə görə yox, mərhum prezident Heydər Əliyevə görə ora gəlmişdi.

İkincisi, o zamanlar Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanla Fəthullah Gülənçilər arasında yaxın münasibətlər var idi. Toplantıda axıra qədər iştirak edənlər də Türkiyənin iqtidar partiyasına və Ərdoğana simpatiyalarını büruzə vermək üçün orda idilər. İnanmıram ki, həmin adamların hamısı hansısa ideologiyaya bağlıdırlar. “Avrasiya Dialoq” adlanan qurum o vaxt Ərdoğanı ciddi şəkildə müdafiə edən təşkilatlardan idi. Fəthullah Gülənin müridləri seçkilərdə ciddi şəkildə Ərdoğana dəstək verirdilər. Ərdoğanın İsraillə münasibətləri korlanandan sonra Fəthullah Gülənlə də yolları ayrıldı. O vaxta qədər isə həmin qüvvələr bir yerdə olublar və bir-biriləri barədə yaxşı sözlər deyiblər, ehtiramla danışıblar...

-Belə deyək, o vaxta qədər Ərdoğanın özü ən böyük “FETÖ”-çü idi.

-Bu baxımdan, mən ora qatılanları qınamıram. Qınanacaq olanlar təşkilatçılar idi.  Amma onu da deyim ki, etiraz edən tək mən deyildim. Məndən sonra ən ciddi etiraz edənlərdən biri də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olmuşdu. Xatırlayıram ki, Əli Həsənov o zaman tədbirin təşkilatçılarını bu əməllərinə görə ciddi tənqid atəşinə tutmuşdu.

Onu da xatırlayıram ki, həmin tədbirdən iki gün sonra MM-in sessiyası keçirilirdi və mən bəhs etdiyim jurnalı özümlə parlamentə gətirmişdim. Çıxış edərək söyləmişdim ki, axı, bizim qanunlara görə, din dövlətdən ayrıdır. Amma Gülüstan sarayında keçirilən toplantıda iştirakçılara paylanan jurnalda açıq şəkildə  din siyasiləşdirilir. Fikrimi əsaslandırmaq üçün jurnaldakı bir məqalədən sitat da gətirmişdim. Sitatda deyilirdi: “Beyni biliklə, qəlbi  nurla dolmayan insanlar ədalətli cəmiyyət qura bilməzlər”. Mənim fikrimcə, bu sırf açıq çağırış idi ki, hakimiyyətdə yalnız dini dünyagörüşlü nurçular təmsil olunsalar ədalətli cəmiyyət qurmaq olar. Bu isə nurçuluğun ideoloji əsasları idi.

-İstərdim, yenidən Qarabağ məsələsinə qayıdaq. Paşinyan hakimiyyətə gələndə bizim bir çox siyasi xadimlərimiz, o cümlədən də Siz belə bir fikir səsləndirmişdiniz ki, bu hadisədən sonra Rusiya ilə Ermənistan  arasında gərginliklər yaranacaq və Azərbaycan bundan faydalanıb öz torpaqlarını geri qaytara bilər. Amma deyəsən, tam tərsinə oldu. Paşinyandan sonra Ermənistanın da, Azərbaycanın da Qarabağla bağlı ritorikası dəyişdi. Əvvəl biz savaş ritorikasından çıxış edirdiksə, indi Paşinyan bizi hədələyir. Bizim Xarici İşlər Nazirliyinin rəsmiləri isə daha təmkinli görünməyə çalışırlar. Bu mövqe dəyişikliyini necə izah edərdiniz?

-Səhv etmirəmsə, bu fikri sizin sayta müsahibəmdə demişdim.

-Bəli.

-Heydər bəy, mən hər zaman söyləmişəm ki, dövlət başçılarının bir-biri ilə münasibətləri dövlətlərarası münasibətlərə də öz təsirini göstərir. Amma bu fakultativ bir səciyyə daşıyır. Beynəlxalq münasibətləri müəyyənləşdirəm əsas  amil isə dövlətlərin milli maraqlarıdır. Dövlətləri yaxınlaşdıran da, uzaqlaşdıran da bu maraqlardan qaynaqlanır. İnsanları maraqlar birləşdirdiyi və ya düşmən etdiyi kimi, dövlətlər də  öz maraqlarının tələblərilə hərəkət edir. Məsələn, insanlar siyasi partiyalarda niyə birləşirlər? – öz siyasi maraqları, ideyaları üst-üstə düşdüyünə görə. Bu birləşmə nəticəsində komandalar hakimiyyətə gəlir və komanda üzvülərinin hərəsi bir vəzifə tutur...

-Üzr istəyirəm, Sizin sözün qüvvəti, Adam Smitin belə bir fikri var: Londondakı hansısa çörəkçi çörəyi ona görə bişirmir ki, bu şəhərin sakinlərinə xidmət etsin. O, pul qazanmaq üçün öz işini görür. Amma nəticədə London sakinlərinə xidmət edir. Hansısa gizli əl fərdi maraqları ümumi maraqlarda birləşdirir.

-Bəli, əsas məqsəd orda xalqa xidmətdən çox, öz yaşayışını təmin etməkdir. Siyasi münasibətlərdə də belədir. İstənilən komanda öz üzvünü özündən uzaqlaşdırırsa, həmin adam əvvəlki komandasına eyni sədaqətlə bağlı qala bilməz.

2016-cı ilin 2 aprel savaşında Rusiya Azərbaycanın irəliləməsinə 3 gün susdu. Ona görə ki, Rusiya Qərbə meyllənən Ermənistan rəhbərliyinin cəzalandırılmasında maraqlı idi. Maraqlı idi ki, Azərbaycan Ermənistana qulaqburması versin, torpaqlarının bir hissəsini işğaldan azad etsin. Bunun nəticəsində isə Sarkisyanı hakimiyyətdən uzaqlaşdırsın. Hamı bilirdi ki, Kreml artıq Sarkisyanın timsalında İrəvana inanmır. Çünki Sarkisyan hakimiyyəti Avropa İttifaqı ilə assosiativ üzvlük sazişi imzalamağa hazırlaşırdı. Rusiyanın ciddi təpkisi olmasaydı, Sarkisyan bu addımı atacaqdı. Moskvanın fikrincə, Sarkisyanı qovmaq üçün xarizmasını sındırmaq lazım idi. Sarkisyan hərbi səhra komandirliyindən böyük siyasətə gəlmişdi, məğlubedilməz, Azərbaycan üzərində qələbə çalan sərkərdə imici qazanmışdı. 4 günlük aprel döyüşləri bu imicin sabun köpüyündən başqa heç nə olmadığını ortaya qoydu. Putin bizə imkan yaratdı ki, onun bu imicini sındıraq. Bundan sonra Moskva həm bizim, həm də Ermənistan hərbi rəhbərliyini çağırıb atəşkəsi bərpa etməyə çağırdı. Çünki artıq öz istəyinə nail olmuşdu.  Moskva Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmaqla, həm də Paşinyanın iqtidara gəlməsinə yol açdı. Burada da məqsəd eyni idi: Qərbə bağlı və təcrübəsiz birini hakimiyyətə gətirib, uğursuz siyasəti nəticəsində nüfuzdan salmaq. Təcrübəsiz Paşinyan ətrafında güclü komanda formalaşdırmaq iqtidarında da deyil. Moskvanın fikrincə, Paşinyan və onun təcrübəsiz komandası təcili hakimiyyətə gətirilərək tez bir zamanda nüfuzdan salına bilər. Beləcə, bütün Qərb yönümlü qüvvələr iflasa uğrayar. Necə ki, eyni ssenarini 1992-93-cü illərdə Azərbaycanda sınaqdan çıxartmışdı.

 

Mənim istəyim odur ki, Azərbaycan indiki halda Rusiya ilə çox intensiv danışıqlar aparsın və Paşinyanın cəzalandırılmasında rol oynasın. Bunun müqabilində isə öz torpaqlarını qaytarsın.  Necə ki, bizdə hakimiyyət çevrilişi baş verəndə ermənilər bundan istifadə edib Qarabağ ətrafındakı rayonları da ələ keçirdi. Eyni fürsət artıq bizim üçün doğub...

-Amma, Bəy, görünən odur ki, Rusiya heç də Paşinyanın ya ümumiyyətlə, ya da bizim vasitəmizlə cəzalandırılmasını istəmir...

 

(Ardı var)

Söhbətləşdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 475          Tarix: 4-10-2018, 00:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma