Xəbər lenti

 

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə budəfəki söhbətimiz Qarabağ mitinqi və Ermənistan-Azərbaycan münasibətləri ərtafında oldu. Arada zaman tapıb Ayaz Mütəllibov və onun komandasının son vaxtlar fəallaşmasının səbəbləri barədə də fikir mübadiləsi apardıq.

 

Millət vəkilinin Ovqat.com-a müsahibəsini təqdim edirik.

II Hissə

(əvvəli bu linkdə: http://ovqat.com/25365-bilirdim-ki-qaraba-mslsini-hakimiyyt-urunda-mubariz-predmetin-cevircklr-qudrt-hsnquliyev.html )

 

-Amma, Bəy, görünən odur ki, Rusiya heç də Paşinyanın ya ümumiyyətlə, ya da bizim vasitəmizlə cəzalandırılmasını istəmir...

 

Paşinyan mütləq hakimiyyətdən qovulacaq, amma məsələ burasındadır ki, Ermənistandakı Qərb yönümlü hakimiyyətin devrilməsi naminə Rusiyanın bizə Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etməyimizə imkan verəcəyini  düşünmək sadəlövhlük olardı. Hesab edirəm ki, Azərbaycan öz siyasətində Rusiyanın regiondakı maraqlarını nəzərə alacağına  dair müəyyən təminatlar verməlidir. Biz bilirik ki, Rusiya böyük dövlətdir, regional hədəfləri var və biz Cənubi Qafqazda öz maraqlarımızı bu hədəflərlə uzlaşdıra bilərik. Mən ona görə söyləyirəm ki, Azərbaycan öz suverenliyinə zidd olmayan müəyyən güzəştlərə gedə bilər. Məsələn, Rusiyanın liderliyi altındakı bəzi ittifaqlara – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya Birliyi və s. kimi qurumlara qoşula bilərik. Əgər kimsə hesab edirsə ki, daha qabiliyyətlidir, bunlarsız Rusiyanın Qarabağ probleminin ədalətli həlli istiqamətində razılığını ala bilər, buyursun, bunu necə edəcəyini söyləsin, biz də  peyğəmbər kimi onun ətəyindən yapışaq. Amma mən  bir praqmatik siyasətçi kimi, möcuzələrə inanmıram və hesab edirəm ki, Rusiya Qarabağ kartını Paşinyanın devrilməsi naminə əlindən verməz. Bunun üçün Azərbaycan gərək daha təşəbbüskar olsun ki, Dağlıq Qarabağın işğaldan azad edilməsinə nail olaq. Düşünürəm, bunun üçün çox əlverişli vəziyyət yaranıb. Çünki dəfələrlə söylədiyim kimi, Paşinyan hakimiyyətə iflas üçün gətirilib və biz də bundan yararlanmalıyıq. Bizsiz də, bizli də Rusiya onu rahatlıqla çökdürə biləcək. Biz bu prosesdə yer alsaq, müəyyən dividentlər əldə edərik. Yaxşı olardı ki, bu proses bizim iştirakımızla həyata keçirilsin.

-Siz hesab edirsiniz ki, bizim hakimiyyətin Rusiyaya bağlılıq zəmanətinə ehtiyac var? Onsuz da Rusiya nə istəsə, bizimkilər dərhal yerinə yetirir...

-Yox, bu fikirlə razılaşmıram. Rusiya  böyük məmnuniyyətlə istəyərdi ki, Azərbaycan KTMT-nın üzvü olsun, Avrasiya İttifaqına girsin. Azərbaycan isə  bunları etmir.

-Bəs, niyə bunarı etmir? Onsuz da istəsək də, istəməsək də Moskvanın təsir dairəsində, orbitindəyik.

-Mən onu deyə bilmərəm ki, hansı səbəbdən Azərbaycan hakimiyyəti bu ittifaqlarda yer almaq istəmir. Amma bir onu bilirəm ki, mən də prezident olsaydım, Qarabağsız bunların heç birini etməzdim. Hər zaman söyləmişəm ki, Qarabağın azadlığı qarşılığında Rusiyanın liderlik etdiyi ittifaqlarda yer ala bilərik. Görünür, Rusiya Azərbaycanın indiki statusda qalmasını daha məqbul sayır və Qarabağın bizə qaytarılmasını istəmir. O bilir ki, Qarabağ problemi mövcud olduqca, hər iki respublika ondan asılı vəziyyətdə qalacaq. Buna görə də Azərbaycan, Qarabağ işğaldan azad olmayacağı təqdirdə, nə KTMT-yə, nə də Avrasiya İttifaqına  girməməlidir. Əgər Azərbaycan Rusiyanın bu istəklərinə Qarabağsız razı olarsa, əvvəllər də dediyim kimi, bu, bizim üçün birbaşa kapitulyasiya olacaq. Azərbaycan bu məsələdə ciddi təminat almayacağı müddətcə, nə KTMT-ə, nə Gömrük Birliyinə, nə də Avrasiya İttifaqına qoşulmamalıdır və Rusiya ilə müəyyən məsafədə dayanmalıdır. Mən demirəm ki, biz Rusiya ilə münasibətlərimizi pozmalıyıq, amma onunla aramızda məsafə mütləq olmalıdır və bu məsafəni bir az da artırmalıyıq. Ona görə ki, bizim topraqlarımızın işğal altında qalmasının səbəbkarının Rusiya olduğunu uşaqdan-böyüyə hər kəs bilir. Mən məhz bu faktı əsas gətirib o gün parlamentdəki çıxışım zamanı bildirmişdim ki, bəzi insanlar iqtidara torpaqları niyə azad etməməsini irad tutur, amma bu məsələdə söhbət Ermənistandan getmir. Təkcə Ermənistan olsaydı, əminəm ki, Azərbaycan çoxdan Qarabağı azad etmişdi. Sadəcə olaraq, biz hamımız bilirik ki, Ermənistanın arxasında hərbi müttəfiq kimi Rusiya dayanır. Rusiya ona ən böyük dəstəyi verir, güclü və müasir silahlarla təchiz edir, zaman-zaman bizi hədələyir. Yadınızdadırsa, 2008-ci ilin avqustunda Rusiya Gürcüstan torpaqlarını işğal edəndə Kollektiv Təhlükəsizlik Müqaviləsinin Baş katibi də, Rusiyanın prezidenti də, baş naziri də, digər rəsmiləri də dəfələrlə region dövlətlərini xəbərdar edirdilər ki, hər kəs bundan nəticə çıxarmalıdır. Biz hamımız bilirik ki, Rusiya bölgədə status-kvonun dəyişdirilməsinə imkan vermir, müxtəlif vasitələrlə bölgə dövlətlərinə təsir göstərir. Heç uzağa getməyək, Aprel savaşında Azərbaycanı Rusiya dayandırdı. Baş Qərargah rəislərini Moskvaya dəvət edib onlara yenidən atəşkəs sazişi imzalatdı...

-Bəli, heç uzağa getməyək, Moksvanın iradəsinə qarşı çıxan Ukraynanın başına gələnlər də region dövlətləri üçün bir dərsdir.

 

-Tamamilə doğrudur. Bəziləri məni siyasətçi kimi populist çıxışlar etməməkdə günahlandırırlar. Amma mən Ali qanunvericilik orqanın - Milli Məclisin deputatıyam. Mən xalq qarşısında öz məsuliyyətimi başa düşürəm və kimlərəsə xoş gəlmək üçün populist çıxışlar etmirəm və etməyəcəyəm. Bir qrup siyasətin dərinliyinə vara bilməyən  populist insanların “sağ ol”una görə “Qarabağa hücum etməliyik”, “biz güclüyük” və s. kimi real əsası olmayan şüarlar səsləndirmək fikrində deyiləm. Bir çoxları kimi, dilimdə dediyimə beynimdə inanmayacaq qədər ikiüzlü həyat yaşamaq istəmirəm. Özü də bu cür təkliflər Azərbaycanı çətin vəziyyətə sala bilər.  Rusiyanın tərəfsizliyini təmin etmədən hərbi əməliyyatlara başlamaq Azərbaycanın intiharına bərabərdir.

 

O ki qaldı Ukrayna dərsinə, mən sizə bəzi məsələləri xatırlatmaq istəyirəm. Yadınızdadırsa, SSRİ dövründə azərbaycanlılar  hərbi xidmətdən yayınmağa çalışır, rüşvət verib övladını ya çörəkkəsən etdirir, ya da tikinti sahələrinə göndərirdilər. Amma rus ordusunun ən aparıcı sahələrində xidmət göstərənlərin böyük hissəsini ukraynalılar təşkil edirdi. Generallar, yüksəkçinli zabitlər arasında xeyli sayda ukraynalılar var idi. Ukraynanın özündə böyük hərbi sənaye kompleksləri qurulmuşdu. Bu gün belə, Ukrayna dünyaya silah ixrac edən ölkələrdəndir. Ağır silahlar, raketlər istehsal edir və s.

-Bir sözlə, hərbi dövlətdir.

-Bəli. Açıq deyək, biz kənd təsərrüfatı sahəsində ixtisaslaşdığımız kimi, onlar da hərbi sənaye sahəsində xeyli irəli gediblər. Üstəlik, əhalisi də bizdən dəfələrlə çoxdur – 44 milyon. Arxasında da ABŞ , Avropa İttifaqı  durub. Bilirsiniz ki, ABŞ son vaxtlar Ukraynanı Rusiyaya qarşı ən müasir silahlarla təchiz edir, ərazi bütövlüyünü tanıyır. Dəfələrlə ABŞ və Avropa rəsmiləri çıxışlarında Krımın Ukraynanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan ediblər. Bizim üçün eyni sözləri deyən isə yoxdur.  44 milyonluq hərbiləşmiş bir xalqı bu gün Rusiya zəlil gününə qoyub. Krımı bir güllə atmadan onun əlindən alıb. Donetskidə də vəziyyəti görürsünüz. Belə bir vəziyyətdə 44 milyonluq bir xalq öz ərazi problemini həll edə bilmirsə, Azərbaycanın Rusiyanın razılığı olmadan müharibəyə başlaması nə dərəcədə ağlabatandır?

2008-ci ildə Gürcüstanı da Avropa və ABŞ dəstləklədi, Sarkozi Tbilisiyə gəldi və müəyyən bir barış yaratdı. Nəzərə alaq ki, o zaman Rusiya ilə Avropa arasında müəyyən dialoq var idi. İndisə Rusiya heç bir ölkəylə hesablaşmır. Ona söz deyə biləcək elə bir ölkə qalmayıb. ABŞ-la, Avropa Birliyi ilə münasibətləri tamamilə korlanıb. Hər ikisi ona qarşı sanksiyalar tətbiq edib. Belə bir vəziyyətdə Rusiyanın iradəsinin əksinə getmək Azərbaycan üçün ölümcül nəticələr doğura bilər. Bəzi ağzı köpüklənə-köpüklənə mənim üstümə gələn adamlar bu reallıqları unutmamalıdırlar...

-Söhbətləşə-söhbətləşə ən maraqlı məqama gəlib çıxdıq. Açığı, planımda bu sualı da soruşmaq var idi. Maraqlıdır ki, hər zaman Rusiyanın kuklası kimi tanınan qüvvələr sizi Moskvaya işləməkdə günahlandırır. Bir tərəfdən də bu komandanın bəzi üzvləri Azərbaycanın əleyhinə yalan olduğu şübhə doğurmayan iddialarla media orqanlarında at oynadır. Ölkədə nə baş verir?

 

-Hər bir insanın kimliyini müəyyənləşdirən əsas amil onun keçmişidir. Mənə qarşı olan,mətbuatda fikirlərimi təhrif edən bu adamların da kimliyini müəyyənləşdirmək üçün keçmişinə nəzər salmaq kifayətdir. Araşdırsanız, görərsiniz ki, bu adamlar Ayaz Mütəllibov tərəfindən zamanında yüksək vəzifələrə təyin olunmuşlardır və indi də hökumətdə kifayət qədər yüksək vəzifə tutanlar var. Eləcə də Ali qanunverici orqanın özündə də belələri var. Bu adamların mənim üstümə gəlmələrinin səbəbi odur ki, mən  Qarabağ konfliktinin arxasında Rusiyanın dayandığını deyirəm. Bu da onları qıcıqlandırır və ağalarına nə qədər sadiq olduqlarını nümayiş etdirməyə çalışırlar. Deyirlər ki, sən Rusiyanı niyə Azərbaycan xalqının gözündən salırsan. Bunlar istəyirlər ki, Rusiya Azərbaycanda sülhpərvər, stabilliyin və təhlükəsizliyin təminatçısı olan bir dövlət kimi tanınsın. Bu adamlar öz məramlarına hiləgərcəsinə milli-vətənpərvərlik donu geyindirirlər. Yadınızdadırsa, 2016-cı ilin Aprel döyüşlərində də həmin şəxslər hökuməti qınayırdılar ki, niyə atəşi dayandırdı, irəli gedilmədi. Deyirdilər ki, nə olsun, Şoyqu çağırmışdı, Putin belə istəmişdi, biz gərək savaşı davam etdirərdik.

İndi də mənə qarşı çıxış etməklə iki məqsəd güdürlər. Biri məni xalqın gözündən salmaqdır. Əsas məqsədləri isə Azərbaycanı müharibəyə təhrik etməkdir. Bilirlər ki, bu müharibədə Azərbaycanın qarşısında Rusiya dayanacaq və məğlubiyyəti qaçınılmaz olacaq. Ermənistan-Rusiya ittifaqının əks-hücumu nəticəsində Azərbaycan, ola bilsin ki, yenə torpaq itirsin və indiki hakimiyyət xalqın etirazları ilə qarşılaşsın. Bilirsiniz ki, ermənilər növbəti hədəflərinin Kür çayı olduğunu bildirirlər. Azərbaycanı müharibəyə təhrik edənlərin məqsədi  də budur. Fikirləşirlər ki, erməni-rus hərbi birləşmələri bu müharibədən istifadə edərək, Gəncəni, Yevlaxı işğal edə bilərlər və nəticədə bu avanturist müharibəyə qərar vermiş siyasi hakimiyyətin iqtidarda qalması mümkün olmaz. Sonra Rusiyanın dəstəyi ilə bu qüvvələr hakimiyyətə gələrlər və danışıqlar yolu ilə o ərazilərin bəzi qismini geri qaytararlar. Tutaq ki, Kreml  onun əlini öpməyə hazır olanlardan birini hakimiyyətdə oturdar və erməniyə deyər ki, əvvəlki sərhəddinə çəkil...

-Üzr istəyirəm, yadımdan çıxmamış bir söz soruşmaq istəyirəm. Sizin sözlərinizdən belə çıxır ki, Kremlin də bu cür planı var. Putin öz “dostlarını” Azərbaycanın növbəti məğlubiyyəti sayəsində hakimiyyətə gətirmək istəyir...

-Hesab edirəm ki, bu, Moskvanın planıdır. Moskvanın göstərişi ilə buradakı tərəfdarları Azərbaycanı avanturist savaşa təhrik edirlər. Cəsarət yaxşı şeydir, amma həddində. Axı sən bilirsənsə ki, girəcəyin savaşda qələbə ehtimalı yoxdur, niyə bu avanturaya gedirsən? Bu gün Avropa Birliyi, Amerikanın özü Rusiya ilə üzbəüz savaşa girmək istəmir.  Bir milyondan artıq əsgəri, nüvə silahı, uzaqmənzilli raketləri olan bir ölkəylə necə savaşacaqsan? Biz nə qədər böyük hərbi potensial yaratsaq belə, bu savaşı qazana bilmərik...

-ABŞ belə, bu güclə savaşa girmək istəmir...

-Bəli, savaşa girmək istəmir və onunla hesablaşmaq  məcburiyyətindədir. Belə olduğu halda, biz Rusiya-Ermənistan ittifaqına qarşı necə döyüşə bilərik? Ukraynanı misal gətirmişdim. 44 milyonluq hərb ölkəsi olan Ukraynanı zəlil gününə qoyan Rusiyaya qarşı bizim dirəniş gücümüz varmı? Bu mənasız müharibə Azərbaycanın igid, qəhrəman övladlarını döyüş meydanında öldürməkdən başqa bir şey deyil.

Digər tərəfdən biz  Rusiyanın razılığını almadan bu avanturist müharibədə torpaqlarımz üzərində nəzarəti tam bərpa  etməsək, Avropa Birliyi də, ABŞ da Qarabağın müstəqilliyini tanıya da bilər. Mən bunu sizə dəqiq deyirəm: bəzi Qərb dairələri açıq şəkildə Azərbaycana hədələyirlər ki, yeni hərbi əməliyyatlara başlayacağımız təqdirdə Qarabağı tanıyacaqlar və Ermənistana hərbi yardımlar edəcəklər. Ona görə də, mənim fikrimcə, Qarabağda hərbi əməliyyatlar o zaman olmalıdır ki, biz ən azı Rusiyanın neytrallığını təmin edək, torpaqlarımızı azad etdikdən sonra Qərb ölkələri istədikləri qərarları versinlər. Qarabağa nəzarəti tam təmin etdikdən sonra, onun müstəqilliyinin kim tərəfindənsə tanınmasının heç bir əhəmiyyəti yoxdur.

-Qüdrət bəy, sizin bu fikirlərinizi dinlədikcə, ağlıma qorxunc bir ssenari gəlir. Bir tərəfdən Azərbaycanın Rusiyapərəst qüvvələri, digər tərəfdən isə Ermənistan bizi savaşa təhrik edir. Paşinyanın verdiyi bəzi müharibə ritorikalı bəyanatlar, atdığı konkret addımlar da sırf buna hesablanıb. Sanki Azərbaycanı zorla müharibə meydanına çəkirlər. Sizə elə gəlmir ki, Rusiya bu ssenari ilə bir daşa iki quş vurmaq istəyir. Həm əvvəlcə Ermənistan vasitəsilə bizə məğlubiyyət daddırıb Azərbaycan hakimiyyətini, daha sonra yeni Azərbaycan hakimiyyətinə qələbə qazandırıb Paşinyanı devirmək istəyir...

-Açıq sizə deyim; hazırda iqtidar komandasının içərisində şəxsi mənafeləri naminə hər şeyə hazır olan destruktiv şəxslərin olmasına baxmayaraq, İlham Əliyev öz komandasına nəzarət edə bilir və hakimiyyət güclüdür. Bunu xüsusi qeyd etmək lazımdır. Ona görə də Azərbaycanda Rusiyanın təxribatları keçərli deyil . Mənim çıxışlarım da əhalini nə baş verməsi barədə məlumatlandırmaq xarekteri daşıyır. Rusiya Azərbaycanda mövqelərini yalnız səmimi münasibətlər qurmaqla və bizim ərazi bütövlüyümüzə hörmət etməklə gücləndirə  bilər. Belə olacaqsa biz də bunu alqışlayacağıq.

Söhbətləşdi: Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 807          Tarix: 4-10-2018, 23:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma