Xəbər lenti

 

“Azərbaycan rəsmilərinə və beynəlxalq təşkilatlara müraciətimizdən sonra Cahangir Hacıyevə qarşı tətbiq olunan “embarqo”lara qismən son qoyulub. İndi ona yemək və dərman verirlər. Görüşümüzə və telefon danışıqlarımıza qoyulan məhdudiyyətlər isə hələ də davam edir”.

Ovqat.com-a açıqlama verən Cahangir Hacıyevin bacısı Əminə xanım sabiq bankirə qarşı bu cür qeyri-insani hərəkətlərin səbəbini başa düşməkdə çətinlik çəkir.

Əminə xanımın sözlərinə görə, yalnız faşistlərin ölüm düşərgələrindəki əsirlərə bu cür davranılır və üzərində müxtəlif sınaqlar aparılırdı: “Faşistlərin həmin təcrübələri tibbə xidmət etdiyi üçün yenə başadüşülən idi. Buna baxmayaraq, bir insanın ac və dərmansız nə qədər yaşaya biləcəyini test edən faşistlər daha sonra bu əməllərinin xəcalətini və peşmanlığını çəkmişdilər. Təəssüf ki, Cahangir Hacıyevə qarşı yönələn təzyiqlərin heç bir əsaslı səbəbi yoxdur. Görünür, kimlərsə insanlara əzab verməkdən xoşlanırlar”.

Cahangir Hacıyevin başına gətirilən bu oyunların Baş Prokurorluq tərəfindən sifariş edildiyinə inanan Əminə xanım fikrini ölkə rəhbərliyinə yazdığı məktubdan sonra qardaşına yönələn basqıların azalmasıyla əsaslandırdı. O, Baş Prokurorluğun məhbusu çörək və dərmanla imtahana çəkməsinin nədən qaynaqlandığını isə bilmir:

“Axı, Cahangir Baş Prokurorluq rəsmilərinə nə edib? Niyə onlar əli-qolu bağlı, haqsız yerə uzun illərdir məhbəsdə yatan bir adama bu qədər acımasız yanaşırlar? Qardaşımın etmədiyi günahın əvəzini öz azadlığından məhrumiyyətlə ödəməsi kifayət deyilmi?”

Bir çoxlarının özbaşına addımlarla ölkə rəhbərliyinə xoş  görünmək istəməsinin əksinə nəticə verdiyini düşünən Əminə xanım bu cür metodların ölkəmizin imicinə də ciddi zərbə vurduğuna inanır: “Ümidvaram ki, cənab Prezident səbəbi bəlli olmayan ifrat təzyiqlərin əsl səbəbini araşdıracaq və lazımi ölçü götürəcək”.

Qardaşına qanunda nəzərdə tutulmayan məhdudiyyətlərlə işgəncə verilməsini bu həbsin sifarişlə həyata keçirildiyinin sübutu olduğunu deyən həmsöhbətimiz haqqın tezliklə bərqərar olacağına inancını da itirməyib: “Ataların bir sözü var: “Haqq nazilər, üzülməz”. İnanıram ki, Beynəlxalq Bank işinin də əsl səbəbləri üzə çıxacaq və Cahangir azadlığa qovuşacaq”.

Qeyd edək ki, Əminə Hacıyeva bu yaxınlarda Prezidentin hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərova məktub ünvanlamışdı. Məktubda deyilirdi:

 "Qardaşım Cahangir Hacıyevin həbsdə olduğu üç il ərzində bizim ailə insan haqlarının tam pozulması ilə üzləşib. Ondan başlayım ki, məhkəməyə Cahangirin günahını sübut edən heç bir sənəd təqdim edilməyib. Bizim vəkillərin qaldırdığı otuz iki vəsatət rədd edilib və məhkəmədə baxılmayıb. Sonra naməlum səbəblərdən 13saylı koloniyada Cahangirə səkkiz ay qohumları və vəkilləri ilə görüşü qadağa ediblər, onu bir həftə karserə salıblar", - Ə.Hacıyeva yazır.

 

Onun sözlərinə görə, C.Hacıyev Kürdəxanı təcridxanasına qaytarıldıqdan sonra ailə üzvlərinə bir neçə ay görüşə və telefon zənglərinə icazə veriblər.

 

"Sentyabrın 12-dən başımıza növbəti bədbəxtlik gəldi. Mən bunu bədbəxtlik sayıram, çünki insanı yemək və dərmandan məhrum etmək insaniyyətsizliyin yüksək həddidir. Cahangiri yenidən görüşdən və telefon zənglərindən məhrum ediblər", - Ə.Hacıyeva bildirib.

 

"Bizim vəkillərdən birini, Fəxrəddin Mehdiyevi birillik lisenziyadan məhrum ediblər. İndi də sıra ikinci vəkilə, Aqil Layica gəlib çatıb. Ədliyyə Nazirliyi rəhbərliyinin göstərişi ilə üç ildir ki, mərhum anamla bağlı vərəsəlik hüququ almama imkan verilmir, DİN isə mənim ölkədən çıxışıma icazə vermir", - Ə.Hacıyeva yazıb. O, F.Ələsgərovdan yuxarıda qeyd edilən pozuntularla bağlı sualları cavablandırmağı xahiş edib.

 

*2015-ci ildə ABB-də böyük miqdarda maliyyə pozuntuları və xaricə kapital axını aşkar edilib. ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edilib. Onunla birlikdə bəzi filialların keçmiş rəhbərləri də mühakimə olunublar.

 

C.Hacıyev 80 mln. manatı mənimsəməkdən ititham olunub. Halbuki, KİV-in məlumatına görə, bankın problemli kreditlərin məbləği 6 mlrd. manata çatıb. C.Hacıyev məhkəmədə ittihamları rədd edərək deyib ki, bütün mühüm qərarları maliyyə nazirinin müavininin rəhbərlik etdiyi Müşahidə Şurası tərəfindən qəbul edilib. O həmçinin maliyyə naziri Samir Şərifovu ABB-nin fəaliyyəti haqda ictimaiyyətə yalan məlumat verməkdə ittiham edib.




Ana səhifəyə qayıt        Baxış: 1 065          Tarix: 8-10-2018, 21:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma