Xəbər lenti

 

 Zabil Həsənov

Saytımızda düz bir il əvvəl çıxmış “Söz ardı və ya etiraf etməyi bacarmalıyıq” adlı məqalədə; “Hələlik hədəfdə Aslan İsmayılovdur. Niyə məhz Aslan İsmayılov? Ona görə ki, Aslan bəy bildiklərini (yəqin həm də öz əqli süzgəcindən keçirib gəldiyi nəticələri) heç kəsdən gizlətmədən açıq ifadə edir. Əgər ikinci beləsi də tapılsa, yəqin ki, o da hədəfə çevrilələcək” yazmışdım.

Bəli, ikinci beləsi də tapıldı. Bu adam da vəkildir. Qurban Məmmədov da Aslan bəy kimi siyasətçilərin qəzəbinə tuş gəlib. Səbəbi açıq danışmağıdır. Yenə nərilti, yenə gurultu. Yenə atışma. Bəli, eynilə Qurban bəy də Aslan müəllim kimi bildiklərini açıq bəyan etmək qərarına gəlib və bununla da siyasilərin hücumları ilə qarşılaşıb. Yenə agent titulu ortalıqda bu başdan-o başa fırladılır. Müxalifətin orkestirində kənar notların səslənməsi onların iş ahənginin pozulmasına gətirib çıxarıb.

Qurban Məmmədovun belə bir işə girişməsi, onun özünün keçmişindən arxayın olmasından irəli gəlir. Çünki o, tarixin sınağından saf çıxmış az saylı adamlardan biridir. Bu səbəbdən o öz opponetlərindən elə bir tutarlı zərbə almayacağının fərqindədir. Ona qarşı çıxanları üzbəüz debata dəvət edir və bundan da heç bir narahatlıq keçirmir. Gənclərin ona hücumunun əsasını isə onların maliyyə işləri ilə maraqlanmasıdır. Görünür, burada vəkilin peşə vərdişləri özünü büruzə verir. Digər tərəfdən, bu, onun haqqı və vətəndaş borcudur. Qurban bəyin çıxışlarının birində “Siyasətçinin əli pula dəyməməlidir” deyimi siyasətçi olmaq istəyən gənclərə yaxşı bir ağsaqqal məsləhətidir. Doğurdan da pula yaxın olan adam haqqında deyilən yalanlar belə anındaca şübhələr yaradır. Əslində Nahid Cəfərov özü bu işin marağında olmalıdır ki, sonralar siyasi kareyerası dövründə ona nəsə yapışdırmaq mümkün olmasın.

Vəkilin keçdiyi siyasi mübarizə yoluna nəzər saldıqda aydın olur ki, təsadüfdən və emosiyadan uzaq olmuş, ancaq düşünülmüş şəkildə hərəkət etmişdir. Elçibəy hakimiyyətində ona təklif edilən vəzifələrdən imtina etməsi onun qabarmadan sonra gələcək çəkilmədən ehtiyatlanması ola bilərdi. Sonrakı hakimiyyətdə də eyni işi təkrarlamasının səbəbini isə özü izah etdi. Son illərdə siyasi cəhətdən yorğun görsənən siyasətçi arxa plana çəkilib xalqımıza nəsə bir kömək etmək haqqında düşünmüş və bu qərara gəlmişdi ki, bizim bəlaların mənbəyi hüquqi nihlizmdir. Hüquqi savadsızlığa qarşı mübarizə yolunu tutmuş və hüquqi biliklərin təbliği ilə məşğul olmağa başlamışdı. Bunun özü yaxşı bir iş idi. Amma bəzən mən belə fikirləşirdim ki, hüquq elminə töhfə verə biləcək səviyyədə olan bir vəkil öz əmlakını sənədləşdirə bilmirsə, gör, sıravi vətəndaş hardadır? Görünür, bunun da gedişat üçün elə bir əhəmiyyətinin olmadığını dərk etdiyindən günahların səbəblərindən biri kimi müxalifətin dişsizliyi qərarına gəlmişdir. Və beləcə, bu mövqeyə gəlib çıxmışdır.

Hər bir addımda olduğu kimi, bu addımın da müsbət və mənfi cəhətləri var, siyasətçiləri isə onun mənfi tərəfi narahat edir. Gətirdikləri arqument isə müxalifətin birliyinin pozulması fikiridir. Elə ilk sual da buradan yaranır: söhbət hansı birlikdən gedir? Müxalifət nə vaxt bir olub ki? 2010-cu ildə yaradaılan İP-yə qədər Azərbaycan müxalifəti nə ilə tarixin yaddaşında qalacaq? Seçkidən-seçkiyə bir az fəallaşan ayrı-ayrı partiyaların fəaliyyəti ilə? İqtidarın daxili və xarici siyasətinə öz tutarlı münasibətini bildirməyən müxalifət nə ilə yadda qalmalıdır ki? Əslində o dövrlərdə üzdə müxalifətçilik edib arxada özünə yer axtarmaqla məşğul olan adamların bir-birinə inamları da azalan xətt üzrə davam edirdi.

Yarandığı ilk illərdə İctimai Palata yadda qalan az-çox fəaliyyət göstərdi. Zaman keçdikcə nəticəsizliklə üzləşən İP da tarixin arxivinə atılmalı oldu. Nəhayət, 2013 ildə daha bir qurum, Milli Şura yaradıldı. Yenə ümüdlər, yenə ora doluşmaq həvəsi artdı. Yarandığı ilk günlərdə mən onu partiyaların fövqündə dayanan bir qurum kimi təsəvvür edirdim. Amma partiyacıqlar və onun lidercikləri bu qurumun birləşdirici rolunu oynaya biləciyini dərk etmək əvəzinə, özlərini naza qoydular. Nəticədə MŞ-a onunla birlikdə addım atmaq istəyən AXCP-yə söykənməli oldu. Bax, budur bizim müxalifətin siyasi mənzərəsi. Harda idi müxalifətin birliyi ki, Qurban bəy də onu dağıtmış olsun?

Hələ Qurban bəy öz missiyasını elan edəndə ona ilk münasibəti istiqlalçı millət vəkili Mətləb Mütəllimov bildirmiş və “ palan içi tökməməyi” məsləhət görmüşdü. Bundan sonra saytımızda “Mətləb Mütəllimov niyə haqlıdır?” yazısı ilə mən çıxış etdim. Yəqin ki, onun özünə zəng edib bu işə etiraz edənlər də çox olub. Amma artıq qatar getmişdi və yeni situasiyaya müvafiq hərəkət etmək lazımdır. Məni burada daha çox təcübləndirən Qurban Məmmədovla bağlı olan videoya özünü siyasətçi adlandıranların münasibəti məsələsi oldu. Əgər bizim başbilənlərimiz gördüklərindən və eşitdiklərindən bu cür nəticə çıxarırlarsa, onda vay bizim halımıza! Hətta mənə elə gəlir ki, bu, Qurban bəyin əvvəlcədən planlaşdırdığı bir iş olub. Yəni əslində bu video Qurban bəyin indiyə qədər vətəni sevən bir adam olduğunu və həyatı boyu bu amal uğrunda çalışdığını sübut edir.

 

Mən dəfələrlə şərhlərimdə yazmışam ki, bizim müxalifətə həqiqət axıra qədər yox, müəyyən səviyyəyə qədər lazımdır. Qurban bəy isə həmin səviyyəni keçdiyi üçün hücumlara məruz qalır.

Nəhayət, Qurban bəyə iradım odur ki, atdığı addımlarda, apardığı siyasi mübarizədə “dedi-qodu” səviyyəsinə enməsin. Gültəkin xanıma iradını haqlı saysam da, üz cizgilərinə qədər enməsi yaxşı deyil. Bu iradı bir-iki kəlmə söz və bir-iki kadrla bildirmək olardı.




Ana səhifəyə qayıt        Baxış: 1 981          Tarix: 12-10-2018, 00:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma