Xəbər lenti

  

Ərəb jurnalist Camal Qaşıqçı cinayətinin arxasında  ABŞ dayanır. Məqsəd Səudiyyə Ərəbistanını təzyiq altında saxlayaraq, ondan pul qoparmaqdır.

Ovqat.com xəbər verir ki, bu maraqlı iddianı ADP sədri Sərdar Cəlaloğlu irəli sürüb.

Partiya sədri Teleqraf.com-a verdiyi müsahibəsində fikirlərini belə izah edib:

“Açığı, Səudiyyədən küllü miqdarda maliyyə vəsaiti istəyirlər. Səudiyyə də bunu vermək istəmir. Odur ki, Səudiyyənin ətrafında tor hörülür. Qaşıqçının öldürülməsi də bununla bağlıdır. Səudiyyəni məcbur edirlər ki, ABŞ-ın tələb etdiyi maliyyə vəsaitini versin. Məsələn, türk mətbuatı yazır ki, Səudiyyə kürdlərə 500 milyon dəyərində yardım etməlidir. Eləcə də çalışılır ki, Səudiyyə ABŞ-dan daha çox silah alsın və s. Bu baxımdan, son hadisə Səudiyyənin maliyyə resursları ilə bağlı oyundur. Məqsəd Səudiyyədən pul çəkməkdir. Yoxsa bu coğrafiyada 1947-ci ildən bu yana ABŞ-ın siyasətini açıq formada və konkret şəkildə müdafiə edən tək müsəlman dövləti Səudiyyə Krallığıdır. Yəhudilərlə əməkdaşlıq edən Səudiyyədir. İslam birliyini pozan Səudiyyədir. Vəhhabiliyin mənbəyi Səudiyyədir. Hansı ki, vəhhabilik dünyada islamı nüfuzdan salır, dünyanı islama qarşı qaldırır və müsəlman xalqlarını üz-üzə qoyur. Yəni Səudiyyə Krallığının yaranması təkcə siyasi məsələ deyildi, bu, həm də həmin ölkənin mədəniyyətlərarası toqquşmada xristian aləminin əlində maşaya çevrilməsi idi. Buna da nail olundu. Səudiyyənin hərbi sahəsi ABŞ-ın nəzarəti altındadır. Orada baş verənlər ABŞ-ın razılığı ilə həyata keçirilir. Baxmayaraq ki, ABŞ demokratik dövlətdir, amma krallığa belə yaxşı münasibət bəsləməsinin kökündə yuxarıda qeyd edilən məqamlar durur. Bir sözlə, Səudiyyənin enerji resurslarından istifadə etmək və onun islam daxilində pozucu rolundan bəhrələnmək. ABŞ üçün daha cəlbedici olanı bu amillərdir”.

Jurnalistin “Sözünüzdən belə çıxır ki, jurnalistin ölümündə ABŞ-ın rolu var...” sualını cavablandıran S.Cəlaloğlunun fikrincə, ABŞ-ın bilmədiyi və xəbəri olmadığı çox az hadisələr var: “Ən azı, ABŞ-ın xüsusi dairələrində Qaşıqçıya qarşı Səudiyyə tərəfindən nələrinsə hazırlandığına dair informasiya olub. Əslində ABŞ-da belə məlumatın olmaması mümkün deyil. Çünki ABŞ həm dostları, həm də düşmənləri üzərində kifayət qədər nəzarət həyata keçirir. Amma görünür ki, prosesin başa çatması ABŞ-ın maraqlarına uyğundur. Prezident Tramp bəyan etdi ki, biz bu hadisəyə görə, Səudiyyəni ciddi cəzalandıracağıq, buna görə cavab verməlidirlər. Cəzalandırmaq nədir? Səudiyyəni iqtisadi baxımdan yükləyəcəklər. 10-50 milyard pulunu alacaqlar və boynuna da ciddi öhdəliklər qoyacaqlar. Jurnalistin qanı da ortada batıb gedəcək”.




Ana səhifəyə qayıt        Baxış: 673          Tarix: 19-10-2018, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma