Xəbər lenti

 

Ötən həftənin ən maraq doğuran hadisələrindən biri I vitse-prezident Mehriban xanım Əliyevanın xeyir-duası ilə Yasamal rayonunda yerləşən “İmam Hüseyn” məscidinin açılışı oldu. Xatırladaq ki, Heydər Əliyev Fondunun köməkliyi ilə əsaslı təmir olunan məscid 23 oktyabr 2018-ci il tarixində yenidən dindarların istifadəsinə verilmiş və açılışda şəxsən Mehriban xanımın özü iştirak etmişdi. Həmin vaxt Xanımın bu iltifatı cəmiyyətimizdə birmənalı qarşılanmamışdı. Bəziləri bu addımı alqışlamış, bəziləri isə məsələyə xüsusi qısqanclıqla yanaşmışdılar.

 

Həmin açılışdan bir həftə sonra yaşanan digər bir hadisə də ciddi müzakirələrə yol aça biləcək qəbildəndir. Belə ki, dünən məsciddə İmamın 40 mərasimi keçirilirmiş. Yeməklərin hazırlanışı sırasında birdən-birə qaz kəsilir. Uzun gözləyişə baxmayaraq, qazın verilmədiyini görən məscidin axundu Hacı Əbdül ala-yarımçıq bişmiş yeməkləri başqa yerdə bişirtdirmək  məcburiyyətində qalır. Hər halda AtaTV.az-ın yaydığı məlumatdan belə çıxır. ““İmam Hüseyn” məscidində imamlarımızın 40 yas mərasimi qeyd olundu” sərlövhəli məqalənin sonunda deyilir:

“Ehsan yeməklərinin hazırlanması zamanı mavi qaz verilməsi kəsildiyindən, Hacı Əbdül ehsan bişirilən qazanları öz şəxsi avtomobili ilə başqa ünvana aparır və həmin ünvanda bişirildikdən sonar, yeməkləri vaxtında məscidə çatdırır. Həmin gün mavi qaz verilməsinin dayandırılması hər kəsi şoka salır”.

http://atatv.az/gundem/4675-imam-huseyn-mescidinde-imamlarimizin-40-yas-merasimi-qeyd-olundu.html

 

Həqiqətən də şok yaradası hadisədir. Nədən ki, Azərbaycanın mavi qazı hətta xaricdəki erməni kilsələrinə belə müftə verilir. Həmin kilsələrdə keçirilən mərasimlərdə ermənilər, yəqin ki, heç bir qaz kəsintisi ilə üzləşmədən öz yeməklərini də hazırlaya bilirlər. SOCAR rəhbərliyi bunu dini tolerantlıq nümunəsi kimi gözümüzə soxur. Amma nədənsə eyni diqqət öz dini dəyərlərimizə göstərilmir. Azərbaycan hökumətinin ikinci şəxsi sayılan Mehriban xanımın xeyir-duası ilə yenidən müsəlmanların xidmətinə verilən “İmam Hüseyn” məscidi ilk sürprizini açılışından bir həftə sonra, özü də İmamın 40 mərasimində yaşayır.

Görəsən, bu hadisənin arxasında dayanan əsl səbəb nədir: siyasi qısqanclıq, dini dəyərlərə sayqısızlıq, hakimiyyət daxilində baş verdiyi güman olunan ikitirəlik, yoxsa adi bir texniki nasazlıq? Əlaqədar qurumlar bu suala aydınlıq gətirməlidirlər.




Ana səhifəyə qayıt        Baxış: 985          Tarix: 31-10-2018, 21:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma