Xəbər lenti

 

Dünyada və Azərbaycanda bir çox siyasətçilər, deputatlar, müğənnilər, aktyor və aktrisalar və digər işlərlə məşğul olan məşhurlar var ki, əslində ixtisasca həkimdirlər. 

Onlar Tibb Universitetini bitirsələr də, sonradan başqa sahəyə maraq göstəriblər və seçdikləri yolda da uğur qazanıblar.

Ovqat.com xəbər verir ki, belə şəxslərdən biri də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovdur.

"Arxadağ” (hami, dayaq - red:) ləqəbli Qurbanqulu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə Aşqabad rayonunun Babarap kəndində anadan olub. 1979-cu ildə Türkmənistan Tibb Universitetinin stomatologiya fakültəsini bitirib. 1980-1982-ci illərdə Aşqabadda həkim-stomatoloq işləyib. 1985-ci ildə Aşqabad rayonunun ştatdankənar baş stomatoloqu, 1990-1995-ci illərdə Türkmənistan Tibb Universitetinin dekanı olub. 1995-1997-ci illərdə Səhiyyə Nazirliyinin nəzdindəki Stomatologiya Mərkəzinin direktoru vəzifəsini tutub. Paralel olaraq universitet rektorunun vəzifəsini müvəqqəti icra edib və ölkənin Səhiyyə Fondunun direktoru olub.

2001-ci ilin aprelindən Türkmənistan Nazirlər Kabinetində sədr müavini vəzifəsini tutub. 21 dekabr 2006-cı ildən Türkmənistan Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin qərarı ilə ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra etməyə başlayıb. Tibb elmləri namizədi, iqtisadi elmlər doktoru, akademik, ordu generalı Qurbanqulu Berdiməhəmmədov 2011-ci ildə Türkmənistanın qəhrəmanı adını alıb.

Müəllim ailəsində dünyaya göz açan Berdiməhəmmədov valideynləri ilə fəxr edir və ictimai tədbirlərdə tez-tez onlarla birgə görünür.

Türkmənistanda Berdiməhəmmədovun atası və babasının şərəfinə hərbi hissələr, küçə və meydanlar var. Onlar haqda yazılan bioqrafik kitablardan məlum olur ki, babası Berdiməhəmməd Annayev kənd müəllimi və məktəb direktoru olub. Böyük Vətən Müharibəsi zamanı əmək fəaliyyətinə görə ordenlə təltif olunub.

Prezidentin atası Məlikqulu Berdiməhəmmədov ixtisasca tarixçidir. Əvvəlcə məktəbdə işləyən M.Berdiməhəmmədov sonradan fəaliyyətini Daxili Xidmətdə davam etdirib və podpolkovnik rütbəsinə qədər yüksəlib.

"Vətənin sadiq oğlu” kitabında xüsusi qeyd olunur ki, prezidentin atası Kommunist Partiyasının üzvlüyünə namizəd olub,  partiya və komsomolun təşkil etdiyi tədbirlərdə iştirak edib.

Məktəbi başa vurandan sonra gələcək prezident özünü insanların müalicəsinə həsr edir. 23 yaşında Türkmənistan Tibb Universitetinin stomatologiya fakültəsini başa vurub kənd və şəhər klinikalarında fəaliyyətə başlayır. 1987-ci ildə aspiranturada oxumaq üçün Moskvaya yollanır. Üç il sonra da namizədlik dissertasiyası müdafiə edir.

ÐаÑÑинки по запÑоÑÑ stomatoloq Qurbanqulu BerdimÉhÉmmÉdov

Vətənə qayıdandan sonra yenə diş həkimi kimi fəaliyyət göstərir. Bir müddət sonra dosent olur və stomatologiya fakültəsinə dekan təyin edilir. Elmlər doktoru adını isə prezident seçiləndən sonra alır.

40 yaşında səhiyyə naziri postunu tutur. Karyerasındakı sürətli yüksəliş müəyyən söhbətlərin ortaya çıxmasına səbəb olur. Belə şayiələr dolaşır ki, Berdiməhəmmədov əslində keçmiş prezident Saparmurat Niyazovun nikahdankənar oğludur. Bu məsələdə xüsusi diqqət çəkən məqamlardan biri də onların xarici görünüşlərindəki bənzərlikdir. Bu versiyanın həqiqət olduğunü düşünsək, belə çıxır ki, Berdiməhəmmədov Niyazovun 17 yaşı olanda dünyaya gəlib.   

Prezidentin çoxlu qohumları var. Amma onların nə işlə məşğul olduğu məlum deyil.

"Wikileaks”in ABŞ-ın Aşqabaddakı səfirliyinin əməkdaşlarının yazışmalarına istinadən yaydğı məlumatlardan bəlli olur ki, Türkmənistan liderinin 2 qızı və bir oğlu var. Böyük qızı Gülcahan ailəlidir və Londonda yaşayır. Gülcahan Türkmənistanın kömür ehtiyatları üzrə agentliyinin Britaniyadakı təmsilçisi İlasgəldi Amanovla ailə qurub.

Kiçik qızı Gülşən Türkmənistanın Fransadakı səfirliyinin əməkdaşı Deryoy Atambayevlə ailə qurub və Parisdə yaşayır.

ABŞ diplomatlarının yazışmalarından o da məlum olur ki, Berdiməhəmmədovun Marina adlı rus xanımla nikahdankənar münasibəti var. Bir vaxtlar Berdiməhəmmədovla eyni stomatoloji klinikada çalışan Marinanın Türkmənistan liderindən 22 yaşlı qızının olduğu deyilir.

Türkmənistan lideri oğlu Sərdarla

Prezidentin oğlu Sərdar 1981-ci ildə dünyaya gəlib. 2001-ci ildə Türkmənistan Kənd Təsərrüfatı Universitetini başa vuraraq mühəndis diplomu alan Sərdar qısa zamanda elmlər doktoru, parlamentin deputatı, podpolkovnik, Türkmənistanın əməkdar məşqçisi olub. Bu ilin martında isə xarici işlər nazirinin müavini təyin olunub. Sərdarın üç qızı, bir oğlu var.

Qurbanqulu valideynlərinin tək oğlan övladı olub. Ondan başqa ailədə beş qız dünyaya gəlib. Onlardan bir neçəsi məsul vəzifələrdə təmsil olunur. Məsələn, Gülnabat "Qırmızı Aypara” təşkilatına rəhbərlik edir.

Son vaxtlar prezident Berdiməhəmmədov tez-tez nəvəsi (böyük qızı Gülcahanın oğlu) Kərimqulu ilə birlikdə görünür. Türkmənistan lideri hətta nəvəsi ilə rep də oxuyub.

Prezidentin xanımı haqda yalnız o məlumdur ki, adı Ogülgərəkdir və əri ilə həmyaşıddır. Berdiməhəmmədov ictimaiyyət arasına nadir hallarda xanımı ilə birlikdə çıxır. Birinci xanım mətbuata müsahibə vermir.

Berdiməhəmmədov başqalarını ailəsinə buraxmağı xoşlamır. Amma özü yeni ailə quran bütün cütlüklərin toy fotolarından boylanır. Belə ki, 2013-cü ildən bu yana yeni evlənən hər kəs "ZAQS”da mütləq şəkildə prezidentin portretinin fonunda şəkil çəkdirməlidir. 

Türkmənistan prezidentinin ən müxtəlif maraq və hobbiləri var. Uşaq yaşlarından idmanla məşğul olur. 15 yaşında sərbəst güləş üzrə Aşqabad çempionu, bir il sonra isə atıcılıq üzrə respublika birincisi olub.

Hazırda Berdiməhəmmədov idman sahəsində xeyli ada sahibdir. Prezident at və avtomobil yarışlarında iştirak edir, futbol yarışlarını böyük maraqla izləyir.

Türkmənistan prezidentinin musiqiyə də marağı var. O, gitara çalır, zərb alətlərində ifa edir, estradadan pop və repə qədər müxtəlif janrlarda mahnılara müəlliflik edir. Öz mahnılarını ifa etməyi sevir. Bu il ölkə başçısı 8 mart münasibətilə qadınları "Kara-kum” mahnısını səsləndirməklə təbrik etmişdi.


Prezidentin texnikaya da böyük marağı var. Bu yaxınlarda dövlət televiziyası Berdiməhəmmədovun özünün layihələndirdiyi və "çertyoju” ilə hazırladığı avtomobil haqda süjet vermişdi.  

Berdiməhəmmədovun ən sevdiyi məşğuliyyət isə kitab yazmaqdır. Bu kitabları müxtəlif dünya dillərinə çevirən tərcüməçilər ştatı var. Türkmənistan lideri idmandan tutmuş, suyun və çayın faydalarına, musiqi və təbiətə, atlara qədər ən müxtəlif mövzularda kitablar yazıb.

"Türkmənistanın müalicəvi otları” adlı 9 cildlik ensiklopedik toplunun ölkənin bütün tibb müəssisələrində istifadəsi tövsiyə olunub…\\ Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 960          Tarix: 3-11-2018, 22:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma