Xəbər lenti

 

“Dövlət Təhlükəsizlik Xidmətinin vaxtaşırı “terrorçu” ölümüylə nəticələnən “əməliyyatlar keçirməsi” heç bir hüquqi ölçüyə sığmır. Hər bir təhlükəsizlik və ya hüquq mühafizə orqanlarının bir nömrəli vəzifəsi cinayətdə ittiham olunan şəxsləri sağ ələ keçirmək və onun məhkəmə qarşısında mühakiməsini təmin etməkdir. Məsələyə bu məntiqlə yanaşsaq, belə çıxır ki, DTX-nın insan ölümüylə nəticələnən əməliyyatlarının hamısı ya uğursuz alınır, ya da bu addımlar qəsdən atılır. Hər iki hal hüquqi məsuliyyət yaradır. Təəssüf ki, indiyədək bu əməliyyatları həyata keçirənlərin məsuliyyətə cəlb edilməsi barədə informasiyalara rast gəlinməyib”.

Ədalət patiyasının sədr müavini, tanınmış şair-publisist Heydər Oğuz Moderator.az-a açıqlamasında belə deyib.

Partiya sözçüsünün fikrincə, hətta ən qatı cınayəti törədənlərin də barəsində ölüm hökmü çıxarıla bilməz: “Çünki Azərbaycan dövləti ölüm hökmünü ləğv edib və buna əməl edəcəyi barədə həm ölkə ictimaiyyəti, həm də beynəlxalq qurumlar qarşısında öhdəlik götürüb. Belə bir vəziyyətdə dövlət orqanlarının hansısa şübhəli şəxsi məhkəməsiz qətlə yetirməsi heç bir hüquqla əsaslandırıla bilməz. Bu, insan haqlarının ən mühüm pripsipi olan yaşamaq hüququnun ciddi şəkildə pozulması və dövlət qurumlarının səlahiyyət həddini aşmasıdır. Həm də bu həddini aşmaq ilk dəfə də baş vermir, son zamanlar bu cür halların sayı artır”.

“Terrorçu ovu” adı altında törədilən qətllərin qanunda nəzərdə tutulan “müqavimət sırasında zərərsizləşdirmək” prinsipi ilə həyata keçirildiyinə diqqət çəkən şair-publisist ilk baxışdan bu əməliyyatların hüquqi cəhətdən əsaslandırıldığını etiraf etsə də, bu cür halların tez-tez təkrarlanmasının dövlət imicimiz adına bəzi suallara yol açdığını da gizlətməyib.

Terrorçunun da vətəndaş olduğunu xatırladan Heydər Oğuz onu da bildirib ki, şübhəli şəxsin hələ bu cinayəti törədib-törətmədiyi bəlli deyil: “Bunun təsdiqlənməsi üçün ittiham olunan şəxsin istintaqı aparılmalı, cinayətdə nə dərəcədə yer alıb-almadığı müəyyənləşdirilməlidir. Bəlkə o cinayətlər başqası tərəfindən törədilib və məsuliyyət bu adamların boynuna atılıb? Yaxud bu adamlar cinayətin törədilməsində hansı şəxs qismində rol oynayıblar? Əgər icraçıdırlarsa, sifariş verənlər kimdir? İstintaq həm də bu suallara aydınlıq gətirmək üçün lazımdır”.

Adətən, icraçıların qətlə yetirilməsi sifarişçilərin maraq dairəsində olduğundan bu uğursuz əməliyyatların əslində terrorizmin işinə yarıdığını deyən şair-publisist hakimiyyətin bu məsələdə maraqlarına isə bu cür aydınlıq gətirdi:

“Qərb dövlətləri Azərbaycan kimi ədalətsizliklərin hökm sürdüyü islam ölkələrdə dini fanatizmin hakimiyyətə gələcəyindən çəkinirlər. Yaxın Şərq ölkələrində üzləşdikləri təcrübələr Qərb liderlərində diktatura rejimlərinin daha təhlükəsiz olması barədə qənaətlər formalaşdırır. Görünür, Azərbaycan hakimiyyəti beynəlxalq qurumlar qarşısında öz əhəmiyyətini süni islam fundamentalizmi  xofu yaratmaqla sübut etmək istəyirlər. Nəticədə xeyli təqsirsiz insanın qanı axıdılır”.

Təqsirsizlik prezumpsiyası prinsipindən hərəkətlə məhkəmə hökmü olmayan istənilən şübhəlinin hüquqən təqsirsiz sayıldığını irəli sürən həmsöhbətimiz fikirlərini belə davam etdirib:

“Qətlə yetirilən bu insanlar da hüquqən təqsirsiz idilər. Danışmaq, öz günahlarını etiraf etmək imkanları olmadığından sonsuza qədər də belə qalacaqlar. Və buna görə də tarix indiki hakimiyyəti təqsirsiz insanları qətlə yetirməkdə mühakimə edəcək”.

Ölüm hökmünün son dəfə mərhum Heydər Əliyev tərəfindən ləğv edildiyini xatırladan Heydər Oğuz bildirib ki, hakimiyyət o zaman bu qərarı ən böyük humanist addım kimi təqdim edirdi:

“Bəs, indi niyə bu humanizmə məhəl qoyan yoxdur? Baxmayaraq ki, məhkəmənin hökmüylə edam cəzasının ləğvinin nə qədər humanist akt olduğu da mübahisəyə açıqdır və partiya sədrimiz hörmətli İlyas İsmayılov bu barədə öz fikirlərini dəfələrlə dilə gətirmişdi. Onu da dilə gətirmişdi ki, hakimiyyət tarixi təhrif edərək, Azərbaycanda ölüm hökmünün ilk dəfə ləğvini öz adlarına çıxır. Halbuki, 1947-ci ildə sovet hakimiyyəti də bu cür hüquq islahatlarına getmişdi. Hətta indikindən fərqli olaraq edam cəzası ömürlük deyil, 25 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənmişdi. Daha sonra isə sovet hakimiyyətinin təməllərinin möhkəmlədilməsi üçün həmin qərardan vaz keçilmişdi”.

Mahiyyət etibarilə şübhəliləri məhkəməsiz qətlə yetirən mövcud hakimiyyəti də eyni addımı atmaqda və mərhum Heydər Əliyev tərəfindən qəbul olunan qərardan geri çəkilməkdə günahlandıran partiya funksioneri indi bu arxaya qayıdışın daha kobud şəkildə həyata keçirildiyinə inanır:

“Məhkəmə hökmüylə insan öldürməyin qadağan olunduğu bir ölkədə bu cəza növünün məhkəməsiz həyata keçirilməsi  heç cür başadüşülən deyil”.

Hüquq fəlsəfəsində azadlıqdan məhrumetmə tədbirinin kimisə cəzalandırmaq deyil, islah etmək olduğunu vurğulayan H.Oğuz şübhəlilərin öldürülməsinin bu prisiplə də uzlaşmadığını diqqətə çatdırıb:

“Axı ölmüş birini necə islah edəcəksən? Bir zamanlar məhkəmənin hökmü ilə edam cəzasının başqa cinayətkarlar üçün ibrət dərsi olduğu və tərbiyyəvi əhəmiyyət daşıdığı düşünülürdü. Məhkəməsiz ölüm cəzası isə yalnız və yalnız insanlarda xof yaratmağa xidmət edə bilər ki, bu da hüququn deyil, diktatura rejimlərinin xarakterindən irəli gəlir və məqtulların yaxınlarını istər-istəməz hakimiyyətdən narazı salır. Bu mənada məhkəməsiz qətl hadisələrinin əsl mahiyyətinin və nəyə xidmət etdiyinin araşdırılması vacibdir”.




Ana səhifəyə qayıt        Baxış: 922          Tarix: 8-11-2018, 14:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma