Xəbər lenti

 

ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələndən bəri ölkə əhalisi dəfələrlə meydana tökülüb. Yeni prezident hakimiyyəti öz sələfindən təhvil aldığı gün ilk böyük etirazla qarşılaşmışdı. Ona etiraz edənlər isə əsasən qadınlar idi. Trampın prezident seçilməmişdən əvvəl zərif cinslər barədə söylədiyi təhqiramiz fikirlərin ABŞ mətbuatında yayılmasıyla qəzəblənən minlərlə qadın ilk əvvəl Vaşinqtonda etiraz yürüşünə çıxmış, daha sonra bu dalğa Nyu-York, Çikaqo, Los Angeles ve Boston meydanlarına yayılmışdı. Dünyanın bir çox yerlərindəki qadınlar da ABŞ-lı həmcinslərinə dəstək aksiyaları keçirmişdilər. Beləcə, zərif cinslərin ABŞ-ın qaba rəhbərinə etirazı qlobal xarakter almışdı. Amerika qadınlarının Trampa etirazları bu ildə səngiməmiş, müxtəlif aylarda keçirilən aksiyalarla mübarizə davam etmişdi.

Dünən isə Trampa qarşı etiraz aksiyalarına ABŞ kişiləri də qoşulublar. Bu dəfəki aksiyanın tələbləri bir az fərqlidir: “Trampın Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Millerin öz işini davam etdirməsinə şərait yaradılsın!”, “Heç kim hüququn fövqündə deyil”, "Tramp-Pens ittifaqı istefaya getməlidir” və s.

Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin bir çox əyalətlərində dünən axşam meydana çıxan yüzminlərlə insan bu tələbləri irəli sürüblər. Məlumata görə, etirazçılar Trampın Rusiya istintaqına müdaxilə etməməsini, xüsusi prokuror Robert Müllerin Rusiyanın ABŞ seçkilərinə qarışması iddiaları ilə bağlı apardığı istintaqı başa çatdırmasına izn verilməsini gündəmə gətiriblər.

Bildirilir ki,  “Times” meydanına yığışan minlərlə nyu-yorklu 7-ci prospekt boyu “Union” meydanına doğru yürüşə keçiblər. Etiraz aksiyaları başqa ştatlarda da keçirilib.

ABŞ-dakı ara seçkilərdən bir gün sonra keçirilən mətbuat konfransında Trampla mübahisə edən CNN müxbiri Cim Akostanın Ağ evə akkreditasiya təxirə salınması da etirazların əsas səbəbi olub. Etirazçılar "Mətbuatı rahat buraxın" şüarları ilə Trampın bu hərəkətinə qarşı çıxıblar.

 Etirazlara təkan verən əsas hadisə isə daha əvvəl Rusiya istintaqını dayandıran Ədliyyə Naziri Cef Sessionsun srağa gün Trampın istəyi ilə istefasını açıqlamasıdır. Sessionsun yerinə müvəqqəti təyin olunan Metyu Vaytaker istintaqın “səviyyəsini aşağı salacağını” bəyanlamış və ictimai rəyi silkələmişdi.

 Tramp isə baltanı lap dibdən vuraraq, dünən verdiyi açıqlamasında Rusiya ilə bağlı istintaqı istədiyi vaxt sona çatdıracağını bildirmiş və "Bu istintaq utanc vericidır. Heç başlamamalıydı, çünki ortada hər hansı bir cinayət faktı yoxdur", - demişdi.




Ana səhifəyə qayıt        Baxış: 424          Tarix: 9-11-2018, 10:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma