Xəbər lenti

  

Bir neçə il əvvəl hakimiyyətə qarşı çıxışlarıyla gündəmə gələn Zərbad rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərovun 9 il azadlıqdan məhrum olunması cəmiyyətimizdə ciddi şok yaratmışdı. Zira atası Eldar Sabiroğlu mövcud hakimiyyətin tanınmış simalarından olduğundan, yəqin ki, hər kəs bu ailənin fərdinə daha humanist yanaşılacağını gözləyirdi. Vicdanının səsinə qulaq asıb fikirlərini cəsarətlə dilə gətirən Rüfət Səfərovun kifayət qədər ağır cəzaya layiq görülməsi bütün gözləntiləri alt-üst etdi.

Sən demə, ona verilən bu ağır cəza aysberqin sadəcə görünən tərəfi imiş. İstər istintaq, istərsə də həbs müddətində sabiq müstəntiqin üzləşdiyi işgəncələr də xeyli ağır imiş. Hər halda Eldar Sabiroğlunun redaksiyamıza göndərdiyi məktubdan belə anlaşılır.

Klassik ibarələrlə desək, işgəncələr tariximizə işıq tutan məktubu olduğu kimi Ovqat.com oxucularına təqdim edirik:

“Bu hakimiyyəti etiraf edim ki, yaxşı tanımamışam. Bunu özümə bağışlamıram. Son dərəcə qəddar və amansız olduğunu Rüfətin həbsi və cəzaçəkmə müəssisəsində ona verilən işgəncələr zamanı əyani olaraq gördüm.

İşgəncələr penitensiar xidmətdən  gələn Füzuli adında qana susayan bir əməliyyatçının rəhbərliyi altında həyata keçirilib.  Axırıncı dəfə onu cəzalandırarkən carmıxa çəkməkləri, təpik-şilləyə, yumruğa  tutmaqları bir yana, ürəkləri sovumadığından yerə yıxıb dubinka ilə o ki var çırpıblar. Sonra üzərinə bir vedrə soyuq su töküblər. Bu dəfə  həmən o Füzuli  “xalq düşməni”, “vətən xaini” deyərək asfalt döşəmədə uzanıqlı vəziyyətdə  təpiyi ilə Rüfətin başını əzməyə başlayıb. Sifarişi yerinə yetirən Füzuli yəqin birinci adam deyil ki, bu cür vəhşiliklə dustaqlara işgəncə verir. Bundan sonra Rüfətdə güclü qan təzyiqi əmələ gəlib. Baş arğılarından yuxusunda da problemlər yaranıb. Sonuncu görüşündə  təzyiqdən və baş arğılarından şıkayətləndi.

Füzulidə günah görmürəm. Onu yaxşı qəssab olduğuna görə saxlayırlar. Əsas göstərişin haradan və kim tərəfindən gəldiyi diqqət çəkir. Bu da məlumdur. Prezidentə sədaqəti bu cür başa düşənlər işdən sonra evlərinə gedəndə öz övladlarına yaxşı-yaxşı baxsınlar. Axı bu dünyanın quyruğu uzundu...

Eldar Sabiroğlu”




Ana səhifəyə qayıt        Baxış: 871          Tarix: 30-11-2018, 01:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma