Xəbər lenti

 

Hər bir ölkənin iqtisadiyyatı onun təbii şəraitindən yaranan məşğulluq sahələrinin üzvü şəkildə bir-birinə bağlanmasından ərsəyə gəlir. İqtisadi sahələrini çuğlaşdırmayan dövlətlər təbii sərvətlərini dəyər-dəyməzinə satmağa, bir müddətdən sonra isə tükənməyə və dağılmağa məhkumdur. Bu mənada itisadiyyatın şaxələnməsi və kompleks hala gəlməsi təkcə iqtisadi güc qazanmaq deyil, həm də milli təhlükəsizlik məsələsidir. Hökm etdiyi coğrafiyanın bütün bölgələri arasında sarsılmaz bütünlük yaratma istəyən imperialist dövlətlər bəzən bu kompleksliyi süni şəkildə formalaşdırmağa çalışır və sintez iqtisadiyyatlar qururlar. Bunun ən bariz nümunəsini biz uzun illər tərkibində yaşadığımız SSRİ təcrübəsində görmüşük.

Məsələn, ömrünün son illərində SSRİ-nin neft hasilatının yalnız 2%-i Azərbaycanın payına düşürdü. SSRİ-nin müxtəlif bölgələrində hasil olunan neftin 44%-i isə Bakıya gətirilir və burdakı zavodlarda ayrılırdı. Yaxud Azərbaycanda tikilmiş fabrikalar istehsal etdikləri məhsulun bəzən ən xırda detallarını minlərlə, bəzən onminlərlə kilometr uzaqlıqda yerləşən hansısa Rusiya müəssisəsindən alırdı. Moskva ona görə belə bir iqtisadi mühit yaratmışdı ki, bir gün imperiya dağılanda keçmiş ittifaq dövlətləri bir-birindən ayrı yaşaya bilməsin, iqtisadi tələbatlar onları yenidən bir araya gətirsin. Bu, təbii ki, süni şəkildə yaradılmış iqtisadi əlaqələr idi.

Ölkələrin yerləşdiyi coğrafiyanın və sahib olduğu torpağın iqtisadi potensialından doğan təbii sintezlər də var. Dövlətlər öz təbii potensialları üzərində sənayeləşir, bir işgüzarlıq sektorunu digərinə bağlayan sistemlər yaradırlar. İlham Əliyevin hakimiyyəti dövründə bu təbii sistemləşməni Azərbaycan iqtisadiyyatının formalaşdırılması timsalında aydın görə bilərik.

Məlum olduğu kimi, neft sektorundan qeyri-neft sektoruna keçidin rəsmən elan edildiyi 2014-cu ildə dövlət başçısının ən çox önəm verdiyi sahələrdən biri də pambıqçılıq oldu. 2016-cı ildə keçirdiyi Pambıqçılığın inkişaf məsələlərinə dair I Respublika müşavirəsində ölkə başçısı 2020-ci ilə qədər 200 min hektarda pambıq əkməyi aqrar sahəmizin qarşısında ən mühüm vəzifə kimi qoyur və istehsalı ildə 700 min tona qədər qaldırmağı tələb edirdi. Sözsüz ki, Cənab İlham Əliyevin müəyyənləşdirdiyi bu hədəfin məqsədi “ağ qızıl”ı xammal kimi xaricə satmaq deyildi. Məqsəd pambıqçılıq sektoru üzərində milli tekstil sənayesi yaratmaq və ölkəmizə daha çox kapital axışını təmin etmək idi. Bunun üçün isə ölkədə tekstil fabriklərinin təməlləri atılmalı idi. Qeyd edək ki, “Gilan” Holdinqin nəzdində bir sıra tekstil fabrikləri daha əvvəl yaradılmış və Azərbaycanda istehsal olunan pambıq bu müəssisələrdə son məhsula çevrilirdi. Fəqət yüksələn məhsuldarlıq və istehsal gücü bu fabriklərin tələbatını üstələyəcək və xeyli miqdarda “ağ qızıl” ehtiyatımız yaranacaqdı.

Deməli, Azərbaycan iqtisadiyyatı qarşısında iki yol var idi: ya istehsal tələbatımızdan artıq qalan bu xammalı xaricə satmaq, ya da yeni tekstil fabrikləri yaratmaq. Pambıq əlavə dəyər mənbəyi olduğundan, əlbəttə ki, onu son məhsula çevirib dünya bazarına çıxarmaq daha rentabelli idi. Məhz bu həqiqəti nəzərə alan ölkə başçısı yeni fabriklərin yaradılmasına qərar verdi. 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alındı. Həmin sənaye kompleksinin ilk iki iplik fabriki bu ilin 27 fevral tarixində istifadəyə verildi. Bu zamana qədər isə ölkədə daha 6 iplik fabriki fəaliyyət göstərirdi ki, Mingəçevirdəki analoji müəssisələrin hər ikisinin istehsal gücü onlardan daha üstün idi. Məlumatlara görə, bu zamana qədər fəaliyyətdə olan 6 fabrikin illik istehsal gücü 24,6 min ton idi. Mingəçevir Sənaye Parkında ölkə başçısının xeyir-duası ilə istifadəyə verilən iki iplik fabrikin isə ildə 20 min iplik istehsal edəcəyi proqnozlaşdırılır. Deməli, bu fabriklərin istehsal gücü indiyədək mövcud olanlardan hardasa 3 dəfə çox olacaq və ölkəmizin illik iplik istehsalı 100%-ə yaxın artacaq.

Hər nə qədər Mingəçevirdə istifadəyə verilən fabriklərin hər ikisi iplik istehsal etsələr də, onların təyinatında fərqlər də mövcuddur. Fabriklərdən biri ildə 10 min ton “Ring”, digəri isə 10 min ton “Open End” üsulu ilə iplik istehsal edəcək. “Ring” üsulu ilə istehsal edilən pambıq–poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək və digər geyimlər istehsal olunur. Daha qaba və tez qırılan “Open End” ipliyindən isə müxtəlif ev tekstili məhsullarının, dekorativ və sənaye parçalarının hazırlanmasında istifadə edilir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 1077 nömrəli Sərəncamı ilə yaradılmış Mingəçevir Sənaye Parkında gələcək illərdə corab, ayaqqabı, yun, akril iplik fabrikləri, tibbi kosmetika məhsulları istehsalı və boyama müəssisələri də fəaliyyətə başlayacaq. Bundan əlavə Sənaye Parkında tikiş fabriki də inşa ediləcək ki, bu müəssisə öz sahəsində bütün Qafqazın ən nəhəngi olacaq.

Göründüyü kimi, “tarladan ən son məhsuladək” prinsipilə işləyən Mingəçevir Sənaye Parkına ciddi investisiya qoyuluşu nəzərdə tutulub.

Məlumata görə, 15 hektara yaxın sahəsi olan bu nəhəng kompleksin tikili ərazisi 12 min kvadrat metr olacaq. Yəni sahənin cəmi 5/1-ı gediş-gəliş üçün saxlanılacaq. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulacaq. Pambığın yüksək əlavə dəyər potensialından faydalanan Azərbaycan hakimiyyətinin bu uzaqgörən siyasəti nəticəsində həm özümüzü tekstil malları ilə tam təmin edəcəyik, həm artıq qalanı xaricə satıb daha çox qazanacağıq, həm də minlərlə sakinlərimiz üçün iş yerləri yaradılacaqdır. Belə ki, Parkda ilkin mərhələdə 2 min, sonra 5500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulub.

Mingəçevir Sənaye Parkının itisadiyyatımıza gətirəcəyi dividentlər bununla da bitmir. Parkın yaradılması ilə bağlı dövlət proqramına əsasən, bu nəhənq layihənin daha geniş məqsədləri var:

- ölkədə qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək;
- bu sahədə sahibkarlığı dəstəkləmək;
- müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalını təşkil etmək;
- əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq”.

Deməli, bu Parkın yaradılması ilə ölkəmizdə özəl təşəbbüslərin dəstəklənməsi, onların xarici rəqabətə dayana bilməsi üçün daha ucuz xammalla təchiz edilməsi əsas məqsədlərdən biridir. Hakimiyyətin bu təşəbbüsü baş tutarsa, yaxın zamanlarda ölkəmizdə bir çox tekstil müəssisələrinin işə düşəcəyini gözləmək olar. Prinsipcə, onlardan bəziləri artıq fəaliyyətə başlayıb belə.

Söhbət Azərbaycan maddi mədəniyyətinin nadir incilərindən sayılan xalçaçılıqdan gedir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 may 2016-cı il tarixli 2032 saylı Sərəncamı ilə yaradılan "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin hazırda müxtəlif şəhərlərdə xeyli elamatxanaları fəaliyyətdədir. Ölkə başçısının şəxsən iştirakı ilə 12 noyabr 2016-cı il tarixdə Cəmiyyətin Füzuli, 2017-ci il avqustun 20-də Şəmkir, dekabr 7-də Quba, 2018-ci il mayın 4-də isə Xaçmaz filiallarının açılışı olmuşdur. Bu il həmçinin, Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarında xalça istehsalı emalatxanaları yaradılmışdır.

Xalçanın əsasən yun, ipək və pambıq iplərindən toxunduğunu nəzərə alsaq, ölkəmizdə böyük inkişaf mərhələsinə qədəm qoyan pambıqçılığın bu sahədəki xidmətləri danılmazdır. Prezidentin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi də bu sahəyə verilən əhəmiyyətin göstəricisidir.

Bundan əlavə, 2012-ci ildə Sumqayıtda yaradılan “Gilan Tekstil” Parkı da pambığı son məhsula çevirən hələlik ən iri müəssisələrimizdəndir. Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edən müəssisənin bazasında toxuma, boyama və tikiş fabrikləri fəaliyyət göstərir. Hal-hazırda “Gilan Tekstil” Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar, uşaq və qadın geyimləri istehsal edilməkdədir. 20 hektar ərazidə tikilən "Gilan Tekstil” Parkı təkcə yorğan üçün nəzərdə tutulan sexlərdə ayda 18 min yataq dəsti istehsal etmək gücünə malikdir. 6 min kvadratmetr olan və ən son texnoloji avadanlıqla təchiz edilən tikiş fabrikində ayda şərti olaraq 50 min kişi, qadın və uşaq üst geyimləri, NATO standartlarına uyğun hərbi və xüsusi geyimlər istehsal olunur.

Getdikcə artması planlaşdırılan tekstil fabriklərinin arasında yaşanacaq rəqabətlər bu istehsal və keyfiyyət potensialını da yüksəldəcək, Azərbaycan yüngül sənaye sahədə idxalçı dövlətdən ixracçı dövlətə çevriləcəkdir.

Sözsüz ki, bu nəhəng istehsal gücünün ərsəyə gəlməsi pambıq tarlalarından başlamışdır. Pabıq tarlalarında yetişirilən “ağ qızıl” təkcə kənd sakinlərimizin rifahını yüksəlməklə qalmamış, həm də onminlərlə sənayeçimizin çörək ağacına çevrilmişdir. Amma “ağ qızıl” gətirdiyi dividentlər bununla da məhdudlaşmır. Həm kəndlilərimizin, həm də sənayeçilərimizin yaxşı məhsul əldə etmək azuları istər-istəməz neft-kimya və bir sıra aqrar sənaye müəssisələrimizin doğmasına şərait yaratmışdır. Nədən ki, məhsuldarlıq ən müxtəlif kübrələrin istehsalı ilə mümkündür. Kübrələr isə əsasən iki yolla – kimyəvi və təbii yolla alınır.

Gələn yazımızda pambıqçılığın təkan verdiyi neft-kimya və aqrar sənaye komplekslərinə nəzər salacağıq.

Mürvət Həsənli,
ADAM-ın sədri




Ana səhifəyə qayıt        Baxış: 671          Tarix: 2-12-2018, 23:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma