Xəbər lenti

 

Bir neçə gün əvvəl BAXCP sədri Qüdrət Həsənquliyev Teleqraf.com-a verdiyi müsahibəsində ciddi iddialar irəli sürmüşdü. Onun fikrincə, Dağlıq Qarabağ ətrafındakı 5 rayonunun Azərbaycana qaytarılması planı var və Ermənistanın baş naziri Paşinyan buna məcbur ediləcək: “Düşünürəm ki, Rusiyanın 5 rayonu qaytarması planına razılıq vermək üçün Paşinyana təzyiqlər olacaq. Daha çox “Rusiya planı” kimi təqdim edilən sənədə görə, 5 rayon qaytarılır, Azərbaycan Dağlıq Qarabağdakı hakimiyyətin aralıq statusunu tanıyır, kommunikasiya xətləri açılır. Laçın və Kəlbəcərin azad edilməsi ilə Qarabağın statusu isə gələcək nəsillərə qalır. Belə bir sülh planının həyata keçirilməsi üçün ola bilsin ki, tərəflərə, ələlxüsus da Paşinyana ciddi təzyiqlər olsun. Əgər Paşinyan buna müqavimət göstərsə, mümkündür ki, onun devrilməsi məsələsi gündəmə gəlsin”.

Bəs bu plan Azərbaycanın milli maraqlarına nə dərəcədə uyğundur?

Qüdrət Həsənquliyevin müavini Bünyamin Qəmbərli ilə qısa söhbətimiz də bu mövzu ətrafında oldu. Onun Ovqat.com-a müsahibəsini təqdim edirik:

-Bünyamin bəy, bir neçə gün bundan öncə Qüdrət bəyin Teleqraf.com saytnda dərc olunan müsahibəsi cəmiyyətimizdə birmənalı qarşılanmadı. Xüsusilə, onun 5 rayonun qaytarılması ilə bağlı fikirləri ciddi müzakirələrə  səbəb oldu. Siz o müsahibəni oxumusunuzmu? Müsahibədə səsləndirilən məsələlərə münasibətiniz necədir?

-Bəli, oxumuşam. Qüdrət bəy mənim üzv olduğum partiyanın sədridir və mən də onun müavinəm. Təbii ki, müəyyən məsələlərdə eyni mövqeyi paylaşmasaydıq, sədr-müavin kimi işləməyimiz mümkün olmazdı. O ki qaldı müsahibədəki 5 rayonla bağlı fikirlərə, diqqət etmisizsə, Qüdrət bəy bu planın Rusiya variantı olduğunu xüsusi vurğulayıb.

-Bəs Azərbaycan bu variantı qəbul edərmi?

Fikrimcə, Azərbaycan bu varıantı qəti şəkildə qəbul etməz, edə bilməz. Çünki belə bir planın həyata keçirilməsi Qarabağın dağlıq hissəsinin və onu Ermənistanla bağlayan iki rayonumuzun-Laçın və Kəlbəcər rayonlarının tamamilə itirilməsi deməkdir.

-Hansı baxımdan?

Birincisi, o baxımdan ki, 5 rayonun qaytarılması nəticəsində Qarabağın dağlıq hissəsinin və onu Ermənistana bağlayan iki rayonun taleyi qeyri-müəyyən qalır.

İkinci, Azərbaycan Qarabağın hansı aralıq statusunu tanıyacaq?

Əgər Azərbaycan Qarabağın indi ermənilərin istifadə etməyə çalışdığı dövlət statusunu qəbul edəcəksə, Qarabağ müstəqil dövlət kimi beynəlxalq arenada tanınacaq, müqavilələr bağlayacaq, bayrağı, gerbi, himni, pasportu, bankı, pulu və s. kimi atributları olacaq. Bu, həm Azərbaycanın bölünməsi, rəsmi Bakının bu bölünməni tanıması və eyni zamanda ölkəmizdə bölücülük edən digər separatçı qüvvələri cəsarətləndirməsi olar, həm də ərazi bütövlüyümüz uğrunda bugünədək onminlərlə yurddaşımızın şəhid olmasının nəticəsiz qalması, yenə onminlərlə qazimizə hörmətsizlik, yüzminlərlə qaçqınımıza isə haqsızlıq deməkdir. Yox, əgər Azərbaycan Qarabağın 1988-ci ildəki statusunu tanıyacaqsa, o zaman niyə Qarabağı Ermənistana bağlayan iki rayonun taleyi qeyri-müəyyən qalır və bu bölgədə yaşamış soydaşlarımızın öz yurd-yuvalarına qaytarılması planda yoxdu? Mən düşünürəm ki, Rusiya planını həyata keçirmək üçün həm Moskva, həm də Qərb, Qüdrət bəyin dediyi kimi, hər iki tərəfə - həm Ermənistana, həm də Azərbaycana basqı edəcək. Məncə, Qərbin və Rusiyanın Azərbaycana basqısı daha çox olacaq. Çünki bu plan həyata keçdiyi halda Ermənistan istədiyinə - Qarabağın müstəqil dövlət kimi tanınmasına nail olduğu üçün planı qəbul edəcək. Azərbaycan isə, qeyd etdiyim kimi, bu planı qəbul edəcəyi halda həm torpaqlarını itirir, həm onminlərlə şəhid verir, yüzminlərlə qaçqın qazanır, həm də on milyardlarla dollar zərərə uğrayır. Mən qəti şəkildə bu fikirdəyəm ki, Azərbaycan hakimiyyəti heç bir halda bu planı qəbul etməz, edə bilməz və xalqımız da Azərbaycanın zərərinə olan bu plana qarşı dirənən hakimiyyətə tam dəstək verər. Əks halda, Azərbaycan qarşısıalınmaz və geridönülməz fəlakətlərə sürüklənər ki, düşmənlərimizin də istədiyi budur.




Ana səhifəyə qayıt        Baxış: 995          Tarix: 4-12-2018, 21:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma