Xəbər lenti

 

 Heydər Oğuz,

Ədalət partiyasının sədr müavini

Real TV-nin son zamanlar efir məkanını təhqir ocağına çevirməsi adi hal alıb. Xüsusilə, “Mir Şahinin vaxtı” proqramında kanal sahibinin müxalif qüvvələr haqqında ağzına gələni danışması, qız-gəlin tanımadan hədəflərini ən ağır formada təhir etməsi artıq dözülməz hədd alıb. Onun bir neçə gün əvvəl tele-jurnalist Sevinc Osmanqızı barəsində söylədikləri izləyicilərdə ancaq ikrah hissi yarada bilərdi. Jurnalist araşdırmaçılığından, qərəzsizliyindən və tərəfsizliyindən xeyli uzaq görünən bu üslubun mətbuatın ana prinsiplərinə cavab vermədiyi ortadadır. Ən əsası isə, Sevinc Osmanqızının bir şəhid qızı olduğu, öz tele-debatlarında nəzakət qaydalarını əsasən aşmaması unudulmamalı idi. Bir zamanlar Qurandan oğurladığı “döyüş alnınıza yazılıb” ayəsini özünün şüarına çevirən, bir şəhidin çörəyi ilə indiki nüfuzunu qazanan Mir Şahin ən azı buna görə şəhid qızını kiminsə alt paltarına bənzətməməli idi. Baxmayaraq ki, bir çox verilişlərində bu şəhid qızının da tam qərəzsiz olmadığı bir həqiqətdir.

Öz əxlaqsız yayımlarına vətənpərvərlik donu geyindirmək istəyən Mir Şahin bu hərəkətlərini xaricdən Azərbaycana yönələn təhqir kampaniyalarına adekvat cavab kimi göstərməyə çalışır. İlk baxışdan, həqiqətən Azərbaycan hakimiyyəti əleyhinə əxlaq normalarını aşan xarici kampaniyalara  qarşı eyni üslubda, hətta daha ağır formada cavab kimi görünən bu taktika isə heç bir nəticə vermir. Guya milli maraqlar naminə ağzına gələni danışan Mir Şahin və onun kimilər öz əməllərini davam etdirdikcə, xaricdəki qara piarçıların qarşısını nəinki ala bilmir, əksinə, onları daha çox fəallaşdırır, nəticədə bu qarşılıqlı kampaniyadan ən çox zərər çəkənlər ölkə rəhbərliyinin yüksək kürsüsündə oturanlar olurlar. Azərbaycan siyasi iradəsi getdikcə güclənən bu kampaniyada təkcə təhqir hədəfinə çevrilmir, həm də beynəlxalq arenada müxaliflərə dözümlü yanaşmayan, onları mənəvi terrora məruz qoyan siyasi rejim imici qazanır. Bu mənada Mir Şahinin də aralarında olduğu anti-təhqir kampaniyaçıları əslində xaricdəki ələkçilərin qılverəni timsalında çıxış edirlər.

İnformasiya siyasəti əvəzinə, bu qədər faydasız və zərərli qara piar kampaniyası aparan Mir Şahinin konkret şəxslərlə yanaşı, onların timsalında hansısa regionları hədəf seçməsi isə ölkəmizdə bölgəsəl qarşıdurmaları, separatizm meyllərini dəstəkləyir. Bunun ən bariz nümunəsini biz “Mir Şahin vaxtı” verilişinin iki həftə öncəki buraxılışında Ədalət partiyasının sədri İlyas İsmayılov haqqında işlədilən ifadələrdə görə bilərik. Partiya rəhbərinin Azərbaycanda demokratik seçkilərin indiki MSK vasitəsilə keçirməyin mümkünsüzlüyü və xarici təcrübədən istifadə etmək məqsədilə BMT-nin bu işə cəlb olunması ilə bağlı fikirlərini əsas götürən Mir Şahin İlyas İsmayılovu Azərbaycanı Suriyaya çevirmək istəməkdə günahlandırır. Halbuki, İlyas müəllim Azərbaycanın məhz Suriyaya çevrilməsinin qarşısının alınmasının demokratik seçkilərdən keçdiyinə, bunun isə BMT-nin yaxından köməkliyi ilə mümkün olacağına inanır.

Siyasi rəqibə qarşı bu cür təhriflər qrup maraqları baxımından, hardasa, başadüşülən olsa da, telejurnalistin işlətdiyi bir ifadə isə rəsmən İlyas İsmayılovdan daha çox, onun anadan olduğu regionu aşağılamaq məqsədi daşıyır. Belə ki, boşboğazlıq nümunələri olan söz oyunları və yığınları ilə tanınan Mir Şahin İlyas İsmayılov barədə deyir:

“Bir çağırış əvvəl deputatı olduğu məclisi az qala Tovuz palatkası yerinə qoyur”.

Jurnalist nə demək istəyir bu sözlərlə? İlyas İsmayılovun tovuzlu olduğunu qəsd edərək, onu hələ regional təfəkkürdən, mentalitetdən, bir az daha kobud təbirlə desək, mağara düşüncəsindən uzaqlaşa bilməməkdəmi günahlandırır? Axı, İlyas İsmayılovu tanıyan düşmənləri belə, onun regionçu təfəkkürdən uzaq olduğunu inkar etmirlər. Uzun illər Azərbaycan SSR Respublika prokuroru, Rusiya Federasiyası Baş Prokurorluğunun şöbə rəisi, SSRİ Baş Prokurorluğunun idarə rəisi, müstəqil dövlətimizin ilk Ədliyyə naziri  və sair kimi vəzifələrdə işləyəndə ondan ən çox narazı qalan öz yerlilərinin, qohumlarının olduğu da sirr deyil. Nədən ki, İlyas İsmayılov kadr seçimində cəmiyyətimizin ümumi bəlası sayılan regionçuluqdan, qohumbazlıqdan uzaq dayanırdı. Bu da orta səviyyəli azərbaycanlı düşüncəsilə yaşayan yaxınlarını qane etmirdi. Budurmu Mir Şahin kimi əsl mağara təfəkkürlülərin nökərinə çevrilən zatın “Tovuz palatkası” anlayışı?

“Tovuz palatkası” sözüylə qəsd edilən məna İlyas İsmayılovun təfəkkür olaraq regional qınından çıxmamasıdırsa, onun indiyə qədər keçdiyi yol onlarla Mir Şahin kimilərin yüz il çalışsa da, əldə edə bilməyəcəyi nəticədir. Ədalət liderinin işlədiyi vəzifələr bir kənara, gəzdiyi, gördüyü yerlərin siyahısı, oxuduğu kitabların ümumi kütləsi onlarla mirşahinin çəkisindən artıqdır. Elədirsə, “Tovuz palatkası” terminini İlyas müəllimə yaraşdırmaq mümkündürmü?

Onun harada doğulmasının da bu terminə qətiyyən aidiyyəti yoxdur. Zira elə insanlar var ki, onlar intellektual qabiliyyətləri ilə doğulduqları yerin orbitindən çıxır, milliləşir, daha sonra öz dövlətinin orbitinə sığmır, bəşəriləşirlər. Hüseyn Cavid, Mirzə Cəlil, Məmməd Araz, Yusif Məmmədəliyev nə qədər Naxçıvan mühitinin, Mirzə Ələkbər Sabir, Seyid Əzim  Şirvani nə qədər Şamaxı orbitinin adamıdırsa, İlyas İsmayılovun da o qədər “Tovuz palatkası”nın  daşıyıcısıdır. Hətta sadaladığımız bu şəxsiyyətlər yalnız Azərbaycan çevrəsində tanınıblarsa, İlyas İsmayılov bütün SSRİ miqyasında hörmətlə yad edilib və bu gün də həmin nüfuzunu saxlayır. Bütün bu keyfiyyətilə İlyas müəllim yalnız mərhum Heydər Əliyevlə (münasibətimizdən asılı olmayaraq) müqayisə edilə bilər. Belə bir şəxsiyyəti “Tovuz palatkası” “ponyatka”sını Milli Məclisə daşımaqda ittiham etmək nə qədər ədalətlidir?

Göründüyü kimi, Mir Şahinin dar və səviyyəsiz ağlının məhsulu olan “Tovuz palatkası” termini İlyas İsmayılov şəxsiyyətindən uzaqdır. Amma bu terminin özü belə, bir regionu aşağılamaqdan başqa bir şey deyil. Ən azı ona görə ki, “Tovuz palatkası” deyiləndə nəyin nəzərdə tutulmasına baxmayaraq, aşağılıq simvolu kimi təqdim olunur. İntellektindən, ağıl gücündən, mədəni səviyyəsindən asılı olmayaraq, bütün tovuzluluları “Tovuz palatkası” mentalitetinə aid etmək, sözsüz ki, bu region insanlarına qarşı ən böyük təhqirdir və mağara təfəkkürünün yansımasıdır (inikasıdır).  

Hesab edirəm ki, Mir Şahin dilə gətirdiyi bu səhvindən ötrü özünün söyüş makinası olan efirinə çıxacaq və bütün Tovuz əhlindən üzr istəyəcək. Əlbəttə ki, mağara təfəkkürü buna imkan versə...




Ana səhifəyə qayıt        Baxış: 1 479          Tarix: 4-12-2018, 23:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma