Xəbər lenti

 

-Prezidentin ölkəni inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq kimi möhtəşəm proqramının yerinə yetirilməsi bu proqrama uyğun təhsil islahatları tələb edir….

– Təhsil və elm investisiyaları hətta silah, narkotik, neft biznesindən də daha çox mənfəət gətirir.

– Sovet dövrü ilə müqayisədə elmdən səmərənin mütləq məbləği 300 dəfə aşağı düşmüşdür.

Təhsil islahatları (Konseptual tezisllər).

1. Azərbaycanda son dövrlər genişmiqyaslı iqtisadi islahatlara start verilmiş, president ölkəni yaxın vaxtlarda iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin səviyyəsinə qaldırmaq vəzifəsini əsas strateji məqsəd kimi qarşıya qoymuşdur.Belə məsul və strateji vəzifənin yerinə yetirilməsi üçün birinci növbədə təhsil sistemi və insanın inkişafı mexanizmi tamamilə yenidən qurulmalıdır.

2. Dünya inkişaf tarixi göstərir ki, hər cür əhəmiyyətli inkişaf təhsildən başlayır, mədəniyyət, elm, rifah, müdafiə, təhlükəsizlik, texnoloji sıçrayışlar, iqtisadiyyat – hamısı təhsilin inkişafına bağlıdır. Əzələ, top-tüfəng müharibələri arxivlərdə qaldə, beyin savaşları birinci plana keçir. Təhsildə müvəffəqiyyət əldə edən xalqlar bütün sahələrdə sürətlə inkişaf edir. Təhsil səviyyəsi ilə ümumi inkişaf düz mütənasib asılılıqdadı. Niyə müsəlman ölkələrində iqtisadi və elmi inkişaf geridi sualına bu mütənasib asılılıq tam cavab verir. Nə üçün təhsilimiz, uyğun olaraq inkişafımız ABŞ, Avropa, Yaponiya, Sinqapur səviyyəsində deyil sualının cavabı ciddi araşdırılmalıdı, səbəblər müəyyən edilməklə yanaşı, həm də ölkənin belə böhrandan çıxması yolları tapılmalıdı.
3. Səbəblər:

a/ ərəb işğalı və məmləkət əhlini daimi işğal altında saxlamaq üçün düşünülmüş din sistemi. Böyük alim Xabbardın dedikləri şübhəli suallara cavab verir: Adətən işğal altında olan xalqları idarə etmək üçün hər zaman onlar savadsız cahil saxlanılmağa çalışılır və buna görə də hər cür mərhumiyyətlərə gedilir. Kommunist işğalının xalqları təhsilləndirmə yolu özünü doğrultmadı və tezliklə işğalda olan xalqlar təhsilləndirmə yolu ilə azadlıqlarına qovuşdu.

B/ müstəqillik qazandıktan sonra beyinlərin islam işğalı labirintindən çıxa bilməməsi və hətta yenidən bu mənəvi məkana dönmə prosesi başladı. Bu yenidən ölkədə təhsilin ciddi surətdə geriləməsinə səbəb oldu, proses daha da ciddiləşdi.

c/ dövlətin təhsil siyasətinin islam işğal siyasətinin buxovundan tam azad ola bilməməsi, təhsilə tələb yaradılması prosesinin xeyli aşağı səviyyədə olması. Bu da qüsurlu bölgü sistemi, mənəvi diqqətsizlik, həmçinin təhsiliin nəticələrinin lazımi səviyyətdə dəyərləndirilməməsi yolu ilə həyata keçirilir. Sadə bir fakt – təhsil indeksi yüksək olan ölkələrdə iqtisadi inkişaf və təhsil işçilərinin orta əmək haqqı ən yüksək səviyyədədi. İslam ölkələrində və geridə qalmış ölkələrdə isə, tam tərsinə, ən aşağı səviyyədədi.

4. Elm təhsilin ayrılmaz hissəsidi, təhsilin ilkin şərtidi və həm də davamıdı. Elmsiz təhsildən və təhsilsiz elmdən danışmaq sadəlövhlükdü. Ölkənin elm sahəsi də kommunizm devrildikdən sonra islam prinsipləri ilə idarə olunmağa qaytarıldı. Buna görə də onsuz da zəif olan Azərbaycan elmi sovet dövrünə nisbətən dəfələrlə geri getdi. Mütləq maliyyələşmə həcmi iki dəfə, elmdən səmərə həcmi 300 dəfə,ümumi daxili məhsulda (ÜDM) pay etibarı ilə isə dəfələrlə azaldı. Geriləmənin səbəbləri eynidir.

5. Neynəməli: Təhsil və elm sistemi tamamilə yenidən qurulmalıdı. Yeni sistem kəşf etməyə də ehtiyac yoxdur.

Prezidentin ümumi iqtisadi proqramına uyğun olaraq təhsildə və elmdə nümunəvi olan ölkələrin təcrübəsi əsas götürülərək Azərbaycan spesifik xüsusiyyətlərinə uyğun olaraq islahat proqramı hazırlamaq və bu proqramın fasiləsiz icrasına başlamaq lazımdır. Təhsil üzrə iki ölkənin- Sinqapur və Finlandiyanın, elm üzrə İsrail və Hollandiyanın təcrübəsi əsas götürülərək spesifik özəlliklər nəzərə alınmaqla proqramı qurmaq zəruridi.

6. Keçən nəşrlərin birində Sinqapur islahatlarının çox müvəffəqiyyətli keçməsinin əsas səbəblərindən biri kimi təhsil islahatlarının səmərəli keçirilməsini göstərmişdim.

Sinqapur lideri Li Kuan Yu qeyd edirdi ki, Sinqapurun ümid edəcəyi dünyanın çox kiçicik bir güncündə yerləşən insanlardan başqa heç nəyi yoxdur, yəni heç bir resursa, hətta içməli suya və bütün əhalinin ayaqlarını tam yerləşdirməyə əraziyə də malik deyil. İnsan resursları da böyük əksəriyyəti hətta oxuyub yazmağı bacarmayan, bir-birinə qarşı heç də normal münasibətdə olmayan müxtəlif dinə, mədəniyyətə, dilə sahib kütlədən ibarətdir. Deməli, yalnız insan resurslarına və kiçicik əraziyə arxalanmaqla yeni insan yetişdirmək, tərbiyə etmək lazım idi ki, bunu da yalnız və təhsillə-elmlə və sərt tədbirlərlə etmək olardı.

7. Sinqapur – təhsilin islahatlarının başlıca prinsipləri:

a. Ölkədə çoxdillilik sisteminin bərqərar olması. Li Kuan tamam Sinqapurlulara yad olan bir dili-beynəlxalq ünsiyyət dili olan ingilis dilini dövlət dili elan etməklə həm də bu dili ümumi təhsil dili elan etdi (humanitar predmetlər milli dillərdə-Çin, Malay, Tamil dillərində olmaq şərtilə) və qısa zamanda bütün əhalininin ingilis dilində təhsilini təmin etdi.

b. Maksimum fayda və iş əmsalının yüksəlməsi. Müəllim heyyətinin iş əmsalının yüksəldilməsi ilə yanaşı əməyin ödənişi və mükafatlandırma sisteminin ciddi surətdə artırılması, həm də bütün media vasitələrindən təhsil üçün geniş istifadə olunması. İslahatlar başlayandan hazırkı dövrə qədər müəllimlərin əmək haqqı ən yüksək olaraq qalır.
c. İslahatların və təhsilin fasiləsizliyi. Bütün il boyu təhsil sisteminin təkmilləşdirilməsi üzrə işlər gedir, müəllimlərin və digər ixtisas sahiblərinin ixtisasının artırılması hər ay davam edir.

d. Təhsil və tərbiyyənin sərt üsullarının və cərimələnməsinin tətbiqi. Bu ölkədə ölüm hökmü hələ də qalır, qayda pozuntularına görə böyük (500, 1000, hətta bəzən 5000 dollar həcmində) cərimələrin tətbiqi, məktəb və küçə davranışlarında şallaqla cəza tədbirləri geniş istifadə olunur.

e. Maksimum beynəlmiləlçilik, dini və milli zərərli adət və ənənələrdən uzaqlaşmaq və bütün tərbiyə və təhsil üsullarında qərbə yönəlik siyasətin həyata keçirilməsi. Li Kuan özü dindən çox uzaq – ateist və ya aqnostik olaraq məsələni qəti qoymuşdur: din siyasi və təhsil prosesinə qəti qarışmamalıdır, milli adət ənənələr hər kəsin öz daxilində qalmalıdır. Əgər ölkə tamamilə qərbə üz tutmasa heç bir uğur gözləməyə dəyməz. Təhsil və elm sistemi də məhz bu baza və əsaslar üzərində qurulmuşdur, dövlətin, xalqın bütün resursları bu məqsədə yönəlmişdir. Haşiyə: Şərq və müsəlman adətlərinə görə gənclər evlənərkən daha çox savadsız ev qadınlarına üstünlük verirdi. Bunun qarşısını almaq üçün Li Kuan 1983-cü ildə rəsmi bəyanatla çıxış etdi və gəncləri ali təhsilli qadınlarla evlənməyə dəvət etdi, bu kateqoriyadan olan ailələrə stimul və mükafat sistemi müəyyənləşdirdi. Düzdür, o ili yalnız bu amilə görə seçkilərdə 12 pillə itirdi, amma bu problemi kökündən həll etdi.

f. Xarici inkişaf etmiş ölkələrin təcrübə və yardımından maksimum faydalanma, xüsusilə İsrail, ABŞ, Finlandiya təcrübəsinə istinad və daxildə təhsil mexanizminin hazırlanmasında və aparılmasında dünya miqyaslı mütəxəssislərdən istifadə olunması. Bu münvalla Sinqapur təhsil və tərbiyə sistemini modern dünya təhsil sistemi ilə qovuşdura bildi.

g. Sinqapur indi də Finlandiyanın köklü təhsil islahatlarının tətbiqini və onun nəticələrini gözləyir və onun tam tətbiqinə hazırlıq görür. Finlandiya bu gün dünyada əsrlər boyu formalaşmış ənənəvi tədris sistemini dəyişdirmək, predmet-fənn sistemindən problem- mövzu sisteminə keçid niyyəti elan etmişdi və 2011-ci ildə başlayan bu proses 2020 ci ildə başa çatmalıdı və bütün dünya nəticəni gözləyir.. Faktiki olaraq hətta məktəblərdə hər bir dərs problemlərin elmi müzakirəsinə çevrilməlidi, elm universitet, akademiya və lobaratoriyalardan məktəb siniflərinə doğru irəliləyir.

8. Müstəqil Azərbaycan şəraitində təhsil islahatlarının start şəraiti Sinqapurla müqayisədə müsbət mənada çox fərqlidi. Sovet təhsil sisteminin üstünlükləri, yüz faizlik oxuma-yazma nisbəti, resurs, maliyyə mənbələri bolluğu Azərbaycanda çox yüksək təhsil islahatları keçirməyə imkan verirdi. Təəssüflər olsun, islahatlara başladığı vaxtdan 20 ilə ərzində Sinqapur üçüncü dünyadan birincilər sırasaına yerləşməyə nail oldu, amma Azərbaycan 26 il ərzində ciddi sıçrayış əldə edə bilmədi. Təhsildə isə irəliləmək yerinə dini məhdudiyyətlərə uyğun xeyli geriləmə baş verdi. Sovet təhsil sisteminin üstünlükləri də saxlanılmamış, həm kəmiyyət və həm də keyfiyyət göstəriciləri zəifləmişdi.

a. Əgər 1990-cu ildə (Sovet dövrü) ümumi əhali sayında təhsil alanların payı 24,5% təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 18,7% olmuşdur. Bu nisbi geriləmə bütün təhsil mərhələlərində, xüsusilə məktəbəqədər müəssisələrdə, texniki peşə təhsilində və ali təhsildə daha qabarıq müşahidə olunmuşdur.

b. Daha ciddi gerilik dünya ölkələri, xüsusilə də qonşu ölkələrlə müqayisədə daha aydın nəzərə çarpmışdır.

Əhalinin hər on min nəfərinə düşən ali təhsil ocaqlarında tələbələrin sayına görə Azərbaycan dünyada ən geridə qalan ölkələr sırasına enmişdir. Əgər bu rəqəm Ermənistanda – 310, Belarusda 330, Rusiyada 300, Ukraynada 331 nəfər olmuşdursa, Azərbaycanda cəmi 169 nəfər təşkil etmişdir. 20-64 yaşlı əhali arasında ali təhsillilərin inkişaf etmiş dünya ölkələrində və keçmiş Sovet məkanında (əksəriyyətində) 40-65% təşkil etdiyi halda, Azərbaycanda bu rəqəm 17%-ə çatmır. Belə şəraitdə təhsilin inkişafına birbaşa məsul olan bəzi millət vəkillərindən biri universitetlərin sayının azaldılmasını, digəri ali təhsil müəssisələrində oxuyanların sayının azalmasını tələb edir və bu qədər ali təhsillilərə ehtiyac olmadəğını isbat etməyə çalışırlar.

c. Sovet dövründə bütün təhsil sistemlərinə pulsuz giriş təmin edilmiş və təhsil xərclərinin ÜDM-də payına görə Azərbaycan əksəriyyət ölkələrdən, hətta inkişaf etmiş ölkələrdən irəlidə olmuşdursa, müstəqillik illərində Sinqapurdan fərqli olaraq böyük miqdarda neft pullarının daxil olmasına baxmayaraq təhsilin xeyli qismi ödənişli sistemə keçirilmiş, təhsil xərclərinin adambaşına həcminə və ÜDM-də payına görə geridə qalmış Afrika ölkələrinin səviyyəsinə enmişdir. Azərbaycanda təhsil xərclərinə ÜDM-nin cəmi 2,9%-ni verilirsə, İsraildə 8,5%-ni, ABŞ-da 7,4%-ni, Norveçdə 6,2%-ni məsrəf edirlər. Yalnız məktəb təhsili ilə kifayətlənən gənclərin payı isə inkişaf etmiş ölkələrlə müqayisədə dəfələrlə çoxdur.

9. İslahatlar dərhal başlamalı və fasiləsiz olmalıdır.

a. Sinqapur təcrübəsinə uyğun olaraq ilk addım təhsiin dilindən başlamılıdır. Dünyaya açılmaq üçün yalnız ümumdünya dili ilə ciddi uğurlar əldə etmək olar. Yalnız milli dil ümidinə qalmaq ölkənin təhsilinin inkişafını 50 il geri atmaq olardı. Rus dili həm regional dil, həm türk dünyasının çox hissəsinin ünsiyyət dili, həm elm-texnika dili və həm də bu xalqın beynəlxalq ictimaiyyətə qovuşmasında ötürücü rolunu oynamasına görə və nəhayət gələcəkdə dünyanın resurslarının 30%-ni əhatə edən bir nəhəng bazardan öz payını almaq üçün çox vacibdir. Beləliklə, ingilis dili təhsil dili olmalıdır, bütün məktəb və təhsil ocaqlarında tarix və ədəbiyyat fənnlərinin yalnız milli dildə öyrədilməsi (Sinqapur və Qazagıstan təcrübəsi) milli dildə (Azərbaycan türkcəsində) vacibdir. Bununla bərabər milli dilin mükəmməl elektron versiyasının yaradılması, milli əlifbanın elektron variantının işlənməsi və bütün sosial şəbəkələrdə, elektron resurslarda yerləşdirilməsi, dilin bütün dünya dillərinə və ayrıca türk ləhcələrinə elektron tərcümə sisteminin qurulması, elektron qramatika və bütün yuxarıda göstərilən dillərin və ya həmin dillərdən Azərbaycan dilinin öyrənilməsi proqramları hazırlanmalı və elektron təhsil mərkəzində (ETM) yerləşdirilməlidir. Hər hansı bir internet resursu yüksək keyfiyyədə avtomatik tərcümə ilə almaq, istifadə etmək və ya ölkənin milli beyində yerləşdirmək mümkün olmalıdır.

b. Təhsilin informasiya texnologiyaların ən müasir tələblərinə uyğunlaşdırılması. Bu istiqamətdə prezidentin ciddi addımlarına, böyük diqqətinə baxmayaraq hələ də prosesdən orta əsrlər qoxusu gəlir. Müasir elm və texnika əsrində bunsuz heç nə etmək mümkün deyil. Beləliklə, ilk növbədə tədris proqramları müasir şəraitə uyğunlaşdırılmalı, İT dərsi ümumi hətərəfli xarakter almalı, ilk növbədə müəllim-professor heyyətinin özünün öyrədilməsi, dərs demək səviyyəsinə çatdırılması lazımdı. İT savadsızlığının aradan qaldırılması üçün İT təhsili ümum ölkə xarakteri almalıdı (Sovet vaxtı ümumi savadsızlığın ləğv olunması üçün istifadə olunan fəhlə-kəndli məktəbləri kimi). Ölkə məmurlarının, müəllim və alimlərin təqribən 70%-i bu qabiliyyətdən mərhumdu. Belə mütəxəssislərin iş qabiliyyəti və səmərəsi keçən əsrin səviyyəsində, yəni bu günkü səviyyənin yarısı qədərdi. Müasir məktəb və ya universitet sinifinə İT texnologiyalarını mükəmməl mənimsəyə bilməyən bir nəfər də olsa buraxllmamalıdı. İT elminin (tədrisinin deyil, elminin) öyrənilməsi ibtidai siniflərdən başlamalıdı. Mənim yüksək intelektli tələbəərimdən biri Qubad İbadoğlu orta məktəblərdə proqramlaşma üzrə xüsusi siniflərin açılması (digər səmərəli təkliflərlə bərabər) təklifini vermişdir. Mənə elə gəldi ki, bu qədər milli, dövlət əhəmiyyətli təklifə lazımi reaksiya verilmədi. Proqramlaşma (soft)gələcəyin qurulma sistemidi, sanki binanın layihəsi olduğu kimi bütün görüləcək işlərin addım-addım kodudur, tərəqqi əsrində nə iş görmək istəsən (fermada heyvanları yemləməkdən, tarlada sahəni şumlamaqdan tutmuş, orduda döyüşmək, fəzaya uçmağa qədər birinci növbədə kod-proqram işləməlisən. Son dövrün təcrübəsi isə göstərdi ki, belə incə işlərdə ən böyük uğur qazanan uşaq və gənclərdi. Vaxt gələcək (yaxın zamanlarada) düşmən üstümüzə robotlardan ibarət əsgər komandası, pilotsuz hərbi təyyarə və ya tank komandası, raket göndərəcək, belə modern amansız silahlar qarşısına allahu əkbər sədaları aıtında canlı qüvvə ilə çıxmaq həm məğlubiyyətə və həm də böyük itkilərə səbəb olacaq. İndidən gələcəyin əsgərlərini deyil, çox daha güclü məğlub olmaz robot, süni intelekt, modern silahlar, pilotsuz təyyarələr, tanklar, raketlər proqramları hazırlayan gəncləri, alimləri, beyinləri yetişdirmək lazımdı. Bununla bərabər ölkədə internet vasitəsi ilə milli beyin yaradılmalı, onun tərkib hissəsi kimi bütün təhsil ocaqlarını birləşdirən Elektron Təhsil mərkəzinin (ETM) yaradılması zəruridir. ETM həm də onlayn tədris və sərbəst nümayiş proqramları ilə təmin olunmalıdır, bütün dərslər kameralar vasitəsilə ictimaiyyətə açıq olmalıdı. Bakıda bir şagird Tovuzun dağ məktəbində gedən dərsi sərbəst birbaşa dinləyə bilmək hüququna malik olmalıdı və yaxud Bakıda, hətta belə Londonda, Tokioda, Sidneydə gedən bir dərsdə Azərbaycanın bütün kəndlərinin müəllimləri qoşula bilsin, ayrıca, yaxşı bir təcrübəyə malik riyaziyyat müəllimin dərslərinə bütün ölkə məktəblərinin şagirdləri qoşula bilsin. Bütün bu deyilənlərə İT-nin bu günkü inkişaf səviyyəsi imkan verir, hər ildə də bu imkanlar ikiyə qatlayır. Bunun üçün də bütün təhsil ocaqları hard texnika, portativ kompyüter, planşet, kameralarla və internetlə, həmçinin onlayn tədris və əlaqə sisteminin soft proqramları ilə təmin edilməlidir. Bütün tədris sahələri üzrə üç dildə mümkün olan elektron öyrətmə (soft) proqramları işləyərək və həm də başqa dillərdə mövcud olan daha müasir proqramları da elektron formada milli dilimizə uyğunlaşdıraraq ETM-də yerləşdirmək və məhdudiyyətsiz və sərhədsiz istifadəyə vermək lazımdır. Belə elektron tədris proqramları milli dildə oxuma-yazma imknına sahib olan və olmayan 50 milyonluq bütün dünya azərbaycanlıları üçün mükəmməl təhsil mexanizmi kimi fəaliyyətdə olacaqdır. Hər bir müəllim, tələbə və şagird portativ kompyuter və ya planşetlə təmin olunmalıdır. Bunu isə idxal hesabına deyil, ilk top yüzlüyə daxil olan İT şirkətlərinin biri və ya bir neçəsi ilə danışıqlara başlayaraq birgə istahsalını təşkil edib daxili istehsal hesabına həyata keçirmək olar. Azərbaycan təhsili bütövlükdə məkan sərhədi tanımamalı, real dünya ilə virtual dünyanın ən vacib özəlliklərinin vəhdətini birləşdirərək ümumdünya təhsil sistemində yüksək yerlərə yiyələnməlidir.

c. Müasir şəraitdə hər bir islahat, illah da bütün islahatların start mənbəyi olan təhsil islahatları fasiləsiz olmalıdır. Uzun müddətdir ki, xüsusilə Sovet təhsil sistemindən ayrılından sonra təhsildə ciddi irəliləyiş əldə olunmamışdır, əksinə əldə olunan bəzi uğurlar da səhnədən silinmişdir. Bunun nəticəsidir ki, təhsilin inkişafı indeksi üzrə ölkəmizin dünya ölkələri içərisində tutduğu yer xeyli geriləmişdir. Hazırda ölkə təhsilinin qarşısında keçmiş dövrdə buraxılan imkanları bərpa etməklə bərabər həmçinin yeni islahat sistemlərini bərpa edərək təhsili irəliyə doğru müasir sistemə uyğunlaşdırmaq lazımdır. Müasir təhsil islahatlarında bütün dünyanın diqqəti Finlandiyya təhsil islahatlarına yönlənmişdir. Dünya təhsil sistemi səbirsizliklə Finlandiyanın köklü təhsil islahatlarının tətbiqini və onun nəticələrini gözləyir. Finlandiya bu gün dünyada əsrlər boyu formalaşmış ənənəvi tədris sistemini dəyişdirmək, predmet-fənn sistemindən problem- mövzu sisteminə keçid niyyəti elan etmişdi və 2011-ci ildə start götürən bu proses 2020 ci ildə başa çatmalıdı. Faktiki olaraq hətta məktəblərdə hər bir dərs problemlərin elmi müzakirəsinə çevrilməlidi, elm universitet, akademiya və lobaratoriyalardan məktəb siniflərinə doğru irəliləyir. !980-ci illərdə tərəfimizdən universitetdə seçilən dərs metodları, məsələn, elmi konfrans, komandalar arasında qarşılıqlı yarışma, vacib iqtisadi problemlərin müzakirəsi, elmi dissertasiyaların müzakirəsi və s. üsullar məhz universitet tələbələrinin elmə cəlb edilməsi, elmi universitet auditoriyalarına daşımaq niyyətinə xidmət edirdi və sovet təhsil sistemində nisbi sərbəstlik imkanlarına görə müəyyən səmərə vermişdi. Bu gün əsas vəzifə daha irəli gedərək elmi məktəb siniflərinə daşımaq tələb olunur və məhz təhsildə Finlandiya islahatlarının başlıca strategiyası da bu məqsədə yönəldilmişdir. Yeni təhsil sistemi tədrisi ənənəvi fənnlərdən qurtararaq yeni problemlər müzakirəsi üzərində qurmağı planlaşdırır. Məsələn, daha çox sınaqdan keçirilən mövzular Avropa İttifaqı, ictimai iaşədə xidmət, Ekoloji problemlər, Təbiətin qorunması və s. –dən ibarətdir. Əgər Avropa ittifaqı mövzusu zamanı müzakirələr iqtisadiyyatı, ictimaiyyəti, tarixi, coğrafiyanı, dili əhatə edirsə, İctimai iaşədə xidmət onun riyaziyyat, biologiya, kimya, biznes ünsiyyəti, məktublaşmanı əhatə edir.

Bir əsas məsələ də ondan ibarətdir ki, müəllim mərkəzdə oturub komanda vermir, dərs iştirakçıların işgüzarlığı şəraitində birgə layihənin səmərəli təşkilini nəzərdə tutur. Bu sahədə islahatlar yalnız Finlandiya deyil, inkişaf etmiş bütün ölkələrdə ciddi araşdırılaraq yüzlərlə illər ərzində formalaşmış fənn sistemindən imtina və yeni sistemin sınağı keçirilir və bəyənilir. Zənn edirəm ki, bu sistem dünya təhsil sisteminin yeni cücərtisi kimi bütün inkişaf etmiş dünyanı əhatə edəcək. Çox təəssüf edirəm ki, ölkəmizdə bu yüksək xarakterli təcrübə heç araşdırılmır. Amma mütləq nəinki araşdırılmalı, eksperimentin başa çatmasını gözləmədən iki qabaqcıl bölgədə pilot layihə olaraq Finlandiyadan da mütəxəssislər dəvət etməklə sınaqdan keçirmək və bütöv sistemi mənimsəmək üçün paralel hazırlıq işləri görmək lazımdır. Ümumiyyətlə təhsil islahatları bütün dünya təhsil sisteminə inteqrasiya yolu ilə, ən mötəbər təhsil və elm ocaqlarından yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə, ölkəyə güclü beyin axınının mexanizminin qurulması üsulu ilə həyata keçirilməlidir.

d. Dövlətin və xalqın əlində olan bütün vasitələr, televiziya, radio, sosial şəbəkələr, internet resursları, qəzet və jurnallar təhsilə istiqamətləndirilməlidir və bu zaman hökümət təhsilə əsas tələb yaratma vasitəsi (həm maddi və həm də mənəvi) kimi fəaliyyətini qurmalıdır. Bu həm də özəl resursların da təhsilə və lmə cəlb edilməsini nəzərdə tutur.

e. Ali təhsil islahatları daha vacibdir və daha çox geri qalır. Universitetlərin təşkili, qiymətləndirilməsi və maliyyələşdirilməsi sistemi dəyişdirilməli, elm və təhsil inteqrasiyası gücləndirilməli, ali təhsilin miqyası genişləndirilməli və ölkə ali təhsili dünya təhsil sisteminə tam inteqrasiya olmalıdır. Boloniya prosesinə uyğunlaşma davam etdirilməli, bakalavr təhsilinin müddəti bir çox Avropa ölkələrində olduğu kimi 3 ilə endirilməli və bununla bərabər ali təhsiin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı yaxın dövrlərdə təhsil alanların sayını ən azı 1,5 dəfə artırmaq lazımdır ( həm də kadrların hazırlıq keyfiyyətinin yüksəldilməsi məqsədi ilə əsasən xaricdən top 100 universitetdən alimlərin dəvət olunması ilə). Yaxın zamanlarda elm və texnologiyaların sürətli yüksəlişi şəraitində robot, süni intelekkt, texnologiyalarla işləmək üçün heç ali təhsil də yetərli olmayacaq. Magistr və doktorluq təhsili dəfələrlə genişləndirilməlidi. Elm islahatları daha çox vacib olan ayrıca qanunlarla başlamalı və tənzimlənməlidi. Elm islahatlarının həyata keçirilməsinin əsas istiqamətləri tərəfimizdən hazırlanıb, hökümətə və mətbuata verilmişdir.

f. Təbii ki, genişmiqyaslı islahatların keçirilməsi böyük miqdarda maliyyə resursları tələb edir. Prezidentin inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmaq kimi böyük və miqyaslı proqramın yerinə yetirilməsi üçün təhsil və elm xərclərinin nisbi göstəricilərini də həmin hədəf ölkələrinin səviyyəsinə qaldırmaq zərürəti isbata ehtiyacı olmayan aksiomadı. Təhsil və elm investisiyaları hətta silah, narkotik, neft biznesindən də daha çox mənfəət gətirir.
Dünyanın ən böyük, hətta trilioner şirkətləri elm və təhsil şirkətləridir. Azərbaycan xalqı hətta bütün neft və qaz gəlirlərini təhsil və elmə yönəltsəydi, yenə də uduzmazdı. Birinci növbədə təhsil və elmin maliyyələşmə mexanizmi dəyişdirilməli və bundan sonra maliyyələşmə həcmi qabaqcıl ölkələrin səviyyəsinə qaldırılmalıdı.

İslahatların aparılması mexanizmi, bunun detallarını əlbəttə qısa tezislərdə açmaq mümkün deyil. Hesab edirəm kiç bunun üçün geniş tərkibdə komanda yaradılmalı, qanun, qərar, fərman və təlimat paketi hazırlanmalı, maliyyələşmə mənbəələri müəyyən edilməli və işə başlanılmalıdı. Hökümətin son islahat tədbirləri, təhsilə diqqətin artırılması, təhsilə məsul hökümət üzvlərinin daha mütərəqqi- islahat tərəfdarları ilə yeniləndirməsi bu geniş miqyaslı proqramın müvəffəqiyyətlə yerinə yetirilməsinə ümid yaradır.

Dərin hörmətlə dr.prof. Saleh Məmmədov

"Bizim yol"




Ana səhifəyə qayıt        Baxış: 1 542          Tarix: 5-12-2018, 09:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma