Xəbər lenti

 

Eldar Sabiroğlu

Azərbaycanın teleməkanı  əxlaqsızlığın, pozğunluğun təbliğatı və bu iyrənc işin yayılması üçün nə lazımdırsa, artıqlaması ilə yerinə yetirir. Baxmaq olmur televiziyalara. Adam heyrətə gəlir, yəni doğrudanmı mənəvi-əxlaqi dəyərlərimizin səviyyəsi, adət-ənənələrimizin keyfiyyət göstəriciləri elə bu qədərmiş?! Belə çıxır ki, namusu, abır və həyanı bazara çıxarmışıq. Bu dərəcədə məsuliyyətsizliyin, aşkar həyasızlığın adı yoxdur. Hər millətin içində əxlaqsız, pozğun  həyat tərzi keçirən, ailəsinə xəyanət edən qadın və kişilər var. Kommunikasiya indi elə inkişaf dövrünə qədəm qoymuşdur ki, dünyanın o başından asanlıqla xəbər almaq problemini artıq yaşanmırıq.

Müxtəlif ölkələrin teleziyalarına baxırıq. Onların verilişlərində də əxlaqi məsələlər müzakirəyə çıxarılır. Daha bizdəki kimi alt paltarların axtarışına çıxmırlar. Çox təəssüflər ki, Azərbaycan televiziyaları (bir-ikisi istisna olmaqla) bu məsələ ilə bağlı az qala ümumiləşmiş(!!!) obraz yaradıblar. Gerisini gətirmirəm...

Hansı kanalı açırsan ya başıqırxıqlardan, ya gecə ərini yuxuya verərək köhnə sevgilisinə  qoşulub  qaçan 10-15 günün gəlinindən, ya da ki evə xəlvəti başqa kişiləri gətirən sürüşkən qadınların xəyanətlərindən axmaqca söhbətlər aparılır. Mövzunun xüsusi ekspertləri, necə deyərlər,  yüksək "təcrübə kurslarını" bitirmiş xeyli mütəxəssisləri də var. Aparıcı ilə "müqavilə bağlayan" eyni adamlar verilişə dəvət olunaraq əttökən çıxışları, sualları ilə camaatın əsəbləri ilə oynayırlar. Belə biabırçı, gəncliyin tərbiyəsini,  mənəviyyatını aşılayan zərərli verilişlərin müzakirəsinə hətta deputatlardan, yazıçı, şair, elm adamları, müəllimlər də qoşulurlar. Deyəsən, ATV idi, abrını ətəyinə bükən, müəllim adına ləkə sayılan birisini efirə çıxarmışdılar. Görün "müəllim" nə deyir:" 7-ci sinifdə dərs dediyim bir qızla sevişdim, onu məktəbdən kənarlaşdırıb ailə həyatı qurdum." 

Kəlləsinin gülləsi çatmır. Aparıcı da sanki nadir tapıntı əldə etdiyindən üzü-gözü gülürdü.  Daş düşüb Azərbaycanın başına. Doğrudan!!! Bəs bu telekanallara nəzarət edən təşkilat qış yuxusundan nə vaxt ayılacaq? Bəlkə bu cür təbliğatın yerinə yetirlməsi  ona görə lazımdır ki, cəmiyyətin başı qarışsın və digər problemlər barədə düşünməyə vaxtı qalmasın!!!

 Allah bilir nə məsələdir!!!




Ana səhifəyə qayıt        Baxış: 564          Tarix: 11-12-2018, 20:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma