Xəbər lenti

 

Ötən gün ilk toplantısını keçirən Aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forumu növbəti iclasını bu gün gerçəkləşdirdi. 16 ölkədən 35 nüfuzlu ekspertin iştirak etdiyi Forumun bugünkü iclasında əsasən Türkiyədən gələn 65 nəfərlik nümayəndə heyəti, o cümlədən qardaş ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli iştirak edirdi. Azərbaycandan isə başda nazir İnam Kərimov olmaqla KTN rəhbərliyi və iri fermer təsərrüfatlarının sahibləri toplantıya qatılmışdılar. Mən də toplantı iştirakçılarından idim.

Forumda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimovun nitqi əsasən qardaş ölkə nümayəndələrini Azərbaycana investisiya qoyuluşuna həvəsləndirmək üzərində qurulmuşdu. O, öz çıxışında Azərbaycanda son zamanlar aqrar investisiyalar üçün yaradılmış münbit şəraitdən danışır, iki ölkə arasında xüsusilə toxumçuluq, fındıqçılıq və pambıqçılıq sahəsində əməkdaşlıqları genişləndirməkdə maraqlı olduğumuzu diqqətə çatdırırdı. Türkiyəli qonaqlar isə ölkəmizdəki aqrar sektorun inkişafına investisiya qoymaqdan daha çox, ikitərəfli ticarət mübadiləsindən bəhs edirdilər. Türkiyəli nazir Bekir Pakdemirlinin fikrincə, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini genişləndirmək üçün böyük potensial var, amma real ticarət dövriyyəsi mövcud potensiala görə çox aşağıdır. O bildirirdi ki, özəl sektorun qarşılıqlı ticarətdə rolunu artırmaqla bu potensialdan tam istifadə etmək mümkündür. Bakıda keçirilən Beynəlxalq Tədbirin qarşılıqlı əməkdaşlığın genişlənməsində mühüm rol oynayacağına əminliyini vurğulayan Bekir Pakdemirli pambıqçılıq sahəsində təcrübələr mübadiləsindən yararlana biləcəyimizi də gizlətmir, amma yenidən sözünü hərləyib-fırlayıb bizə sata biləcəkləri toxumların keyfiyyətinə gətirirdi. Bir sözlə, biz başqa notda, qardaşlarımız başqa notda çalırdılar.

Əbəttə ki, Türkiyə nümayəndə heyətinin bu mövqeyini anlamaq çətin deyil. Biz nə qədər “bir millət, iki dövlət” olsaq da, hər birimizin öz milli maraqlarımız var. Hər bir istehsalçı kimi Türkiyə iş adamlarının da ayaq basdıqları yerlərə potensial bazar kimi baxmaları da başadüşüləndir. Amma gərək o da unudulmasın ki, Azərbaycan da artıq əvvəlki kimi, xammal ixracı müqabilində hazır məhsul idxal edən ölkə olmaqdan çıxmaq istəyir. Əks halda, öz iqtisadi potensialını tükədib tamamilə çarəsiz vəziyyətə düşə, hətta dövlət müstəqilliyini belə itirə bilər. Bu mənada qeyri-neft sektorunun, o cümlədən aqrar sənayenin inkişafı bizim suverenlik strategiyamızın tərkib hissəsidir və KTN-nin təşəbbüsü ilə keçirilən Beynəlxalq Forum da məhz dövlət müstəqilliyimizi möhkəmləndirməyə xidmət edir. Sözsüz ki, Forumda iştirak edən 16 ölkə arasında bizim əsas güvənc yerimiz də elə Türkiyədir. Nədən ki, Türkiyə dar gün dostumuz, qardaş ölkəmiz, strateji müttəfiqimizdir. Necə ki, Türkiyənin inkişaf etməsi, dünya dövlətləri arasında layiq olduğu yeri tutması bizim gücümüzə güc qatdığı kimi, Azərbaycanın və digər türkdilli dövlətlərin tərəqqisi də Türkiyəni böyüdür, siyasi çəkisini artırır. Deməli, strateji müttəfiq kimi bizlər bir-birimizin böyüməsində, iqtisadi və siyasi cəhətdən öz ayaqları üzərində durmasında qarşılıqlı şəkildə maraqlı olmalıyıq. Bir-birimizin axsayan tərəflərini bərpa etməli, hərbi əməkdaşlıqdan tutmuş iqtisadiyyata, mədəni-mənəvi dəyərlərin qorunmasına qədər bütün sahələrdə əməkdaşlığımızı gücləndirməliyik.

Türkiyəlı qardaşlarımız unutmamalıdır ki, onların SSRİ dağıldıqdan sonra sürətli inkişafında məhz bu amillərin müstəsna rolu olmuşdur. Azərbaycanın və Orta Asiya türk respublikalarının müstəqilliyi ilə qardaş ölkənin geostrateji əhəmiyyəti daha da artmış, iki qütb arasında var-gəl edən ölkədən dünyanın ilk 20-liyinə düşən qüdrətə çevrilmişdir. Bu gün dünyanın bölünməsində Türkiyənin əzmli duruşu da strateji müttəfiqlərinin mövcudluğundan qaynaqlanır. Nə qədər ki bizlər varıq, Türkiyə də öz əzəmətini qoruyacaq. Bizlərin suverenliyi təhlükə altına girərsə isə, Türkiyə də indiki gücünü itirə bilər. Odur ki, bizim suveren dövlət kimi güclü iqtisadiyyata sahibliyimiz qardaş ölkənin də maraqlarına uyğun olmalıdır.

Üstəlik, Azərbaycan bu şüurun təsiri altında qardaş ölkənin uzun illər reallaşdırmağa çalışdığı bir çox sahələrin inkişafında öz əlindən gələni əsirgəməyib. Türkiyənin neft-kimya sənayesinin formalaşmasında SOCAR-ın bu ölkədə tikdiyi “PETKİM” müəssisəsinin rolu danılmazdır. Özümüzün ən ağır günümüzdə belə bu investisiyanı ona görə dayandırmamışıq ki, biz yalnız Türkiyə ilə bərabər güclü olacağımızı anlamışıq. Hazırda ən azı 20 milyard dollarlıq sərmayə yatırdığımız bu layihə bizim kimi kiçik dövlətlərin böyük fədakarlığı deməkdir. Təkcə onu xatırlatmaq kifayətdir ki, Azərbaycanın xarici valyuta fondu 40 milyard dollar civarındadır. Dar gün üçün saxladığı sərmayənin yarısı qədər vəsaiti yalnız qardaş dövlətlər bir-birinə yatıra bilərlər.

Türkiyənin neft-kimya məhsulları ehtiyacının 20%-dən çoxunu qarşılayan bu layihə həm də minlərlə insanın çörək ağacıdır. Fəaliyyətə başladığı ilk illərdə 2.500 türkiyəlini işlə təmin edən şirkət yaxın 5 il ərzində bu rəqəmi 10 minə yüksəltmək fikrindədir.

“Petkim”dən başqa Türkiyədə yüzlərlə iş adamımız ölkənin ən müxtəlif sahələrinə ciddi investisiya yatırıblar. Əlbəttə ki, eyni diqqəti biz də Türkiyədən gözləyirik. Biz neft-kimya sahəsindəki təcrübələrimizi Türkiyənin xeyrinə yönəltdiyimiz kimi, onların da aqrar sahədəki təcrübələrini öz kənd təsərrüfatı sahəmizə tətbiq etmək istəyirik. Üstəlik, ölkəmizin Rusiya və digər post-sovet məkanları ilə daha avantajlı əlaqələri də türk iş adamlarına böyük gəlirlər qazandıra bilər. Bu ölkələrlə bağladığımız qarşılıqlı müqavilələr türk iş adamlarına daha az gömrük rüsumu ödəməklə öz məhsullarını xarici bazara çıxarmaq imkanı yaradır, rəqabətə dözümlü investisiya mühiti təqdim edir. Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi altında təşkil komitəsi məhz bu reallıqları nəzərə çatdırmaq üçüm sözügedən Beynəlxalq Forumlara start vermişdir.

Digər tərəfdən, Türkiyədən bura idxal edilən istənilən məhsul əlavə gömrük rüsumlarının tətbiqi nəticəsində xeylı baha qiymətə başa gəlir. Məhsulların maya dəyərinin artması isə bazarda qiymətlərə də mənfi təsir göstərir. Belə ki, Azərbaycanın Nazirlər Kabinetinin son qərarlarına əsasən, bir çox məhsulların, o cümlədən yumurta və toyuq ətinin idxalı üçün ödənən rüsumlar xeyli artmışdır. Məsələn bir yumurtaya 10 sent, bir toyuğa isə 1 ABŞ dolları əlavə rüsum ödənişi tətbiq olmuşdur. Nəticədə xarici ölkələrdən, həmçinin Türkiyədən idxal olunan məhsulların maya dəyəri 50%-ə qədər bahalaşmışdır. Artıq idxal məhsullarının yerli təsərrüfatlarla rəqabətə girmək sansları azalmışdır. Azərbaycan hökumətinin həmin qərarı yenidən geri götürmək imkanı yoxdur. Əks halda, xarici şirkətlərin, o cümlədən Türkiyənin erməni əsilli sahibkarlarınin “Emre Piliç”, “Orallar”, “Garanti” broyler müəssisələrinin domping siyasətiylə yerli təsərrüfatları məhvetmə planının qarşısını almaq mümkün deyildi. Belə vəziyyətdə türk və digər xarici şirkətlərin öz təsərrüfatlarının bir qanadını Azərbaycana köçürməkdən başqa çarə yoxdur. Yəni Azərbaycan hökuməti bu addımları ilə faktiki olaraq xarici sərmayələrə “ölkəmizlə iqtisadi əməkdaşlıq etmək istəyirsinizsə, buyurun, bunu istehsalata investisiya qoymaqla həyata keçirin” mesajı verməkdədir.

Bir çoxları bəlkə Azərbaycanın bu siyasətini haqsız rəqabət ortamı yaratmaq kimi qiymətləndirə bilərlər. Halbuki, eyni siyasəti öz yerli təsərrüfatlarını qorumağa çalışan bütün dövlətlər yürüdülər. Heç uzağa getməyək, qardaş Türkiyə öz quşçuluq sektorunu qorumaq üçün bu sahədə ixdal məhsullarına bizdən daha çox gömrük rüsumu qoyub. Azərbaycanın hər hansı broyler şirkəti qardaş ölkəyə məhsul ixrac etmək istəyirsə, qazancının 60%-ni bu rüsumlara ödəməlidir. Əgər tam azad rəqabətdən danışırıqsa, Türkiyə də bizim məhsullara tətbiq etdiyi bu rüsumları ləğv etməli, Azərbaycan məhsullarına həmin ölkədə ədalətli rəqabət şəraiti yaratmalıdır. Yoxsa, yenicə ayaq üstündə dayanmağa çalışan Azərbaycan şirkətləri həm Türkiyədə, həm də öz ölkəsində avantajsız tərəfə çevrilər və defolt qaçılmaz olar.

Onu da vurğulamaq yerinə düşərdi ki, tarixi reallıqlar iki qardaş arasında ticarətin o qədər də uğurlu olmadığını dəfələrlə sübuta yetirib. İki qardaşları həmişə ayıran, hətta düşmənə çevirən çox zaman ticari rəqabətlər olub. Odur ki, türk iş adamlarının ölkəmizə ticarət əvəzinə investisiya qoyuluşuna dəvət edilməsi daha məqsəduyğun görünür. Bu həm də strateji ortaqlığımızın da ən mühüm predmetinə çevrilər, Azərbaycan-Türkiyə əlaqələri daha möhkəmlənər və adına nə deyəcəyimizdən asılı olmayaraq, birgə ittifaqların təməlləri qoyular.

Amma bütün bunlar boğazdan yuxarı “kardeş”, “abi” müraciət formaları ilə başa gəlməz. Ortaya real iş qoyulmalı, Azərbaycanın indiki mürəkkəb zamanında qeyri-neft sektorunun inkişafına investisiyalar yatırılmalıdır. Əks halda, Türkiyənin bu yerini başqaları doldura və nəticədə hər iki qardaş ölkə itirə bilər. Bir sözlə, “qardaş, qardaş” deməklə strateji müttəfiqlik olmaz.

Mürvət Həsənli,
ADAM sədri




Ana səhifəyə qayıt        Baxış: 695          Tarix: 11-12-2018, 20:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma