Xəbər lenti

 

 Zabil Həsənov

 

    Təhsil məsələsi,  cəmiyyətdə ictimai mövqeyindən asılı olmayaraq, hamının diqqətində olan və hamının müraciət edəcəyi bir mövzu olması aydındır. Hörmətli iqtisadçı alimimiz Saleh Məmmədovun bu məsələyə öz münasibətini  bildirməsi onu göstərdi ki, elm adamlarımız da təhsilimizin indiki durumundan o qədər də razı deyillər və inkişaf üçün yollar tapmaq haqqında düşünürlər. Bunu alqışlayır və eyni zamanda digər tanınmışların da bənzər yazılarına rast gələcəyimizi ümid edirik.

   Bütün sahələrdə olduğu kimi təhsilimizdə də nəzəri fikirlər praktikadan çox uzaq görünür. Məncə, əvvəl reallığa uyğun islahatlara getməli, daha sonra beynəlxalq birinciliyə  qoşulmaq haqqında düşünməliyik.   Professorun təklifləri ayrıc üçün nəzərdə tutulmuş yanaşmadır. Amma bizim təhsil "maşını" hələ ki, yerində sayırsa, yəni ayrıca gəlib çıxmayıbsa, hələ ora gedib çıxmaq yollarını axtarmalıyıq.

Nə demək istəyirəm? Mövcud təhsil sisteminin imkanlarından nə qədər  istifadə edə bilmişik? 

Yeni sistem axtarışına o vaxt çıxmaq olar ki, mövcud sistemin nəticəsi özünün maksimum faydalılıq limitinə yaxınlaşmış olsun. Yəni təhsilə münasibətimiz elə qurulsun ki, sistem tam işlək olsun. Hazırkı vəziyyətdə təhsildə ailə tərbiyəsindən tutmuş, konstitutsiyamıza qədər yaranan  problemlər var. Bunları çözmək bir yazının gücündə olmadığından, onlardan birini qaydaya salmaq haqqında öz fikirlərimi oxucularla bölüşmək fikirindəyəm.

   Ali təhsilin əsasını orta təhsil təşkil etdiyi kimi, orta təhsilin bünövrəsi də  ibtidai siniflərdə qoyulur. Təcrübəmdən bilirəm ki, ali məktəblərə qəbulda yüksək bal toplamağa əsasən o şagirdlər iddialı ola bilirlər ki, onlar ibtidai siniflərdə yaxşı oxumuş olsunlar.

   İndiki dövürdə ibtidai təhsildə olan nöqsanları  təhsilimizdə keyfiyyət göstəricisinin aşağı olmasının əsas səbəbi hesab edirəm. Digər tərəfdən proqram və dərsliklərin həddən ziyadə yüklənməsi  elə ibtidai sinifdən uşaqların gözünü qırır və valideynlər də yükün ağırlığını anlayıb şagirdlərə təzyiq etməkdən  vaz keçirlər. Belə valideynlərdən uşağın neçənci sinifdə oxuduğunu soruşanda, “bilmirəm ya yeddidə, ya da səkkizdə”, deyir.

   Pedaqoji baxımdan ibtidai təhsildə yüksək nəticə əldə etmək yuxarı sinifdəkilərdən daha asandır. Bunun öz səbəbləri var. Əvvəla,  tərbiyə, yenidən tərbiyədən asandır. Oxuculara bunun nə demək olduğunu anlatmaq üçün qüsurlu  da olsa bir bənzətməni nümunə gətirim; biri var ağ lövhədə yazasan, biri də var yazını silib yenisini yazmaq məcburiyyətində qalasan ki, bu da tərbiyədə psixoloji baxımdan çətinlik yaradan məsələdir.

İkincisi, ibtidai sinif şagirdlərinin valideynləri gənclərdir, uşaqlarının təhsili  ilə daha çox maraqlanırlar.  Məktəblə və müəllimlərlə daim əlaqə qurmağa, uşaqları daim nəzarətdə saxlamağa çalışırlar.

Üçüncüsü, bu yaşda olan şagirdlərin yaddaş üstünlüyü var.

Dördüncüsü, onlara kənar təsirlər azdır və mühitin yarada biləcəyi neqatif təsirlər minimumdur. Kənd məktəblərinin yuxarı siniflərində valideynlər uşaqları müxtəlif işlərə cəlb etdiyi halda, ibtidai siniflər üçün belə problem yoxdur.

Nəhayət, onların təhsili  bir-iki  nəfərdən asılı olur və bu müəllimlər  yerlərindədirlərsə nəticə də qənaətbəxş  olacaq və s.

Bəs indiki təhsil sistemində təhsilin bu bölməsində yaxşı nəticə əldə etmək üçün nə etmək lazımdır? Mən ibtidai siniflərdə baş verən neqativ hallar haqqında yazmayacağam, ancaq həmin halları aradan qaldırmaq yolları haqqında öz fikirlərimi geniş ictimaiyətə çatdırmaq istəyirəm.

  • Şagirdlər günün 9 saatı məktəbdə olmalı (-dək), nahar yeməklərini orada yeməli, növbəti günün dərslərinə orada hazırlaşmalıdırlar. Bunun 4 saatını dərs keçməli, saat 12-dən sonra sinif qrup müəlliminin ixtiyarına verilməlidir. Həftəlik dərs yükü 20 saatdan artıq olan dərs saatları isə (siniflərdən asılı olaraq 2-4 dərs saatı) ikinci növbəyə ( bunlar həm də əməli fəaliyyətlə bağlı olan dərslər olmalıdır; fiziki tərbiyə, rəsm, musiqi və s.) salınmalıdır.
  • Orta ixtisas təhsili verən məktəblərdən tədricən “İbtidai sinif müəllimi” ixtisası çıxarılmalıdır. Təhsilin bünövrəsini qoyanların ali təhsilli olması vacibdir.
  • Hər bir sinifə iki müəllim cavabdeh olmalıdır; dərs deyən və qrup müəllimi.

Tutarlı səbəb olmadan (DQ-də aşağı bal toplamaq,  iş qabiliyyətini itirmək, başqa yerə köçmək, dünyasını dəyişmək və s.) 4 il ərzində sinifin dərs deyən müəllimi dəyişməməli və sonda sinif ondan imtahanla qəbul edilməlidir. Xəstəlik, analıq məzunuyyəti və s. məsələlər meydana çıxanda sinif müəllimini həmin sinifin qrup müəllimi əvəz etməlidir

  • Gənc müəllimlərin bir başa sinif müəllimi kimi işə başlamasına icazə verilməməli və onlar yalnız 4 il qrup müəllimi işlədikdən sonra əsas dərsləri demək hüququ əldə etməlidirlər.
  • Hər bir məktəbin ibtidai sinif müəllimlərinin hamısı eyni ildə DQ-dən keçməli və toplanan ballara müvafiq kimin dərs deyəcəyi, kimin qrupda işləyəcəyi müəyyənləşdirilməlidir.

Fikirimcə, işgüzar müəllim və mükəmməl dərsliklər olsa, bu halda ibtidai sinif şagirdlərinin ən azı yarıdan çoxu əlaçı olar. Bu isə təhsilin növbəti mərhələsi üçün tutarlı bazadır.

   Nəhayət, din və təhsil məsələsində hörmətli professorumuza opponetlik etmək istəyirəm. İslam dini haqqında elə dərin bilgilərim yoxdur, amma dinlərin  cəmiyyətdə rolunun  əhəmiyyətini danmaq olmaz.  Xüsusilə bizim indiki durumumuzda dinə ehtiyacımız böyükdür. Ən azından o bizim üçün əxlaq və davranış çərçivəsidir. Hətta baxça yaşlı uşağın öz həmyaşıdına “Axı göydən Allah baxır” deməsiinin şahidi olmuşam. Növbəti ildən məktəblərimizdə dini dərslərin keçirilməsini müsbət hal kimi dəyərləndirirəm. O ki qaldı islam dininin  elmə maneçilik məsələsinə, bir misal çəkim. 2011-ci ildə dünya alimlərinin beynəlxalq statuslu jurnallarda çap etdirdikləri elmi məqalələrin 20 faizə yaxını təkcə bir ölkənin - İran İslam Respublikasının elm adamlarının payına düşüb.




Ana səhifəyə qayıt        Baxış: 619          Tarix: 11-12-2018, 22:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma