Xəbər lenti

 

Türkiyəyə bağlı Azad Suriya Ordusunun əsgərləri Münbiç şəhərində PYD/PKK terrorçularının cinah xəttinə qədər irəliləyib.

Ovqat.com-un məlumatına görə, kürd separatçılarına aid cəbhə xəttinin 400 metrliyində qərarlaşan ASO silahlıları hər an gələ biləcək “hücum” əmrini gözləyirlər.

Türkiyə mətbuatı bildirir ki, Türk Silahlı Qüvvələri sərhəd bölgəsinə ağır hərbi texnikalarını toplayır. İndiyədək yüzlərlə zirehli texnikanın Suriya sərhədində gözlədiyi xəbər verilir.

Bilindiyi kimi, ABŞ Şimali Suriyanın taleyini regional dövlətlərə buraxıb “evə qayıdış” qərarından sonra qardaş ölkə Münbiç hərbi əməliyyatına hazırlıq işlərini tamamlamış, Türkiyənin ordu yetkililəri və Xarici İşlər naziri Moskvada da mühüm görüşlər keçirmişdi. Moskva görüşündən sonra mətbuata açıqlama verən rus və türk rəsmiləri Münbiç əməliyyatına isti baxdıqlarını ifadə etmişdilər. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov hərbi əməliyyata Suriyanın ərazi bütövlüyü çərçivəsində razılıq edən fikirlər səsləndirmişdi. Eyni həssasiyyətin İran tərəfindən də göstəriləcəyi şübhəsizdir. Bütün bu müsbət abu-hava Türkiyənin Münbiç əməliyyatı qarşısında heç bir maneənin qalmadığını göstərir.

Məlumata görə, əməliyyata hazırlaşan ASO əsgərləri qarşısında çıxış edən suriyalı türkmən siyasətçi Saleh Fazil cihadçılara son tapşırıqlarını və xeyir-duasını da verib. S.Fazil çıxışında deyib:

"Əgər haqqa itaət etsəniz, Allah sizdən öz köməkliyini əsirgəməz. Biz zülm edənlərə qarşı çıxmaq üçün döyüşə gedirik. Bu səbəbdən kimsəyə zülm etməyin ki, Allah sizinlə bərabər olsun, zülmün qarşısını zülmlə almaq mümkün deyil. Buna çox diqqət yetirməliyik. Qərblilər və jurnalistlər bizim səhvlərimizi axtarırlar, onun üçün çox diqqətli olmağımız lazımdır, əsirləri öldürməyin, ağacları kəsməyin, ehtiyac xaricində heç bir heyvanı boğazlamayın, ibadət yerindəki rahiblərə toxunmayın. Biz insanları öldürmək üçün deyil, əksinə onları zülmdən qurtarmaq üçün döyüşürük. Münbiçdəki xalqımız zülmə məruz qaldı, biz Azad Suriya Ordusu olaraq qaçanı qovmamalı, təslim olanı öldürməməli və ona zərər verməməliyik.

Münbiçdə yaşayan kürd, ərəb, türkmən hamısı bizim xalqımız və qardaşımızdır, Allah Quran-ı Kərimdə buyurur; 'Möminlər qardaşdırlar'. Biz öz torpağımızı və xalqımızı yad insanlardan xilas etmək üçün gəldik, bu, Allahın rizası üçündir. Biz zülmə və haqsızlığa qarşı mübarizə aparırıq, mal, mülk üçün döyüşmürük, biz bizə qarşı döyüşən İrandan və Hizbullahdan döyüşçülər gətirən PKK-ya qarşı mübarizəmizi davam etdiririk. Aramızda heç bir fərq yoxdur. Allah qarşısında tək fərq əməli salehlikdir" dedi.




Ana səhifəyə qayıt        Baxış: 668          Tarix: 31-12-2018, 20:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma