Xəbər lenti

 

İranın siyasi idarəetmə sistemində çox önəmli yeri olan Rejimin Məsləhət Şurasının yeni lideri müəyyənləşib.

Ovqat.com xəbər verir ki, bir neçə gün əvvəl beyin xərçəngindən dünyasını dəyişən ayetullah Mahmud Haşimi Şahrudinin yerinə İranın Ali Məhkəməsinin sədri ayətullah Sadıq Amoli Laricani təyin olunub.

Dini lider Əli Xamaneyi tərəfindən yeni vəzifəsinə təyin olunan ayətullah Laricani 57 yaşındadır. Dini liderə yaxın adamlardan biri kimi tanınan Laricaninin adı bir çox insan haqları pozuntularında və edamlarda hallanır. Məlumatlara görə, o, Vaşinqton tərəfindən yanvar ayında hazırlanacağı planlaşdırılan qara siyahıya salınacağı və sanksiyalara məruz qalacağı gözlənilən ən önəmli rəsmilərdən biridir.

Reputasiyası xeyli qara olan Laricaninin 14 namizəd arasından seçildiyi xəbər verilir. Onun öz rəqiblərini üstələməsi və dini liderin rəğbətini qazanması, görünür, elə bu reputasiyası ilə əlaqədardır. Nədən ki, ABŞ-ın sanksiyaları ilə şəxsən üzləşəcək vəziyyətdə olması Laricaninin güzəştsiz mövqe tutmasını şərtləndirəcək, bu da islahata meylli hökumətlə onun arasında məsafə yaradacaq. Ağır sanksiyalarla imtahana çəkilən İran teokratik rejimi xarici təhlükələrə qarşı kəmərləri bərkitmək siyasətini yeganə çıxış yolu kimi görür, məhz bu səbəbdən də önəmli qərarlar verəcək bütün həlledici qurumlara mühafizəkar və siyasi cinayətlərə bulaşmış insanları gətirməyə üstünlük verir.

57 yaşlı ayətullahın bu gündən rəhbərlik edəcəyi Rejimin Məsləhət Şurası İran teokratik iradəsi ilə mülki hakimiyyət arasında yaşanan ixtilaflara aydınlıq gətirmək missiyasını yerinə yetirir. Rejimin Məsləhət Şurasının qərarı hətta Konstitusiya Məhkəməsindən belə üstün tutulur.  

İran dini lideri Xameneyi bir müddət əvvəl etdiyi çıxış zamanı sözügedən qurumun 3 əsas vəzifəsi olduğunu bildirmiş və həmin vəzifələri belə sıralamışdır:

  1. Qurumun ən ümdə vəzifələrindən biri arbitraj zamanı İslam Şura Məclisinin (parlament) fikirlərini Konstitusiyanın Müdafiəsi haqqında Şuranın qərarlarından üstün tutduqda ikincinin mövqeyini barədə qərarını dəqiq və aydın şəkildə ifadə etməli və şura üzvlərinin əksəriyyətini nəzərə alaraq onun irəli sürdüyü fikirləri müvəqqəti həyata keçirməlidir".
  2. İran dini liderinə rejimin ümumi siyasətləri barədə mühüm məsləhətlər verməlidir.
  3. İmam Xomeyni (r.a) və İslam inqilabının nailiyyətlərini ön planda tutmalı, ölkənin rəhbərliyinə əhəmiyyətli təsir göstərməlidir. Beləcə, İslam inqilabı və İmam Xomeyni prinsiplərinə zidd hər hansı qərar qəbul etməməlidir.

Rejimin Məsləhət Şurası İran siyasi idarəetməsində mühüm rol oynadığından bəzən bu quruma rəhbərlik edənlərin adları dini liderliyə namizədlər sırasında çəkilir. Qurumun bundan əvvəlki lideri ayətullah Mahmud Haşimi Şahrudi də belə nüfuzlu şəxslərdən idi.

Fikrimizcə, quruma 57 yaşlı qismən gənc birisinin gətirilməsi bu mənada təsadüfi deyil. Belə ki, indiki dini rəhbərin sağlamlığında problemlərin olduğu bəllidir. Görünür, İranın teokratik iradəsi rəhbərin tezliklə öləcəyinə həvəslənənlərə daha gənc və əzazil birini göstərərək müəyyən mesajlar vermək istəyir. Bu mesajın içəriyinin “gələn gedənə rəhmət oxudacaq” deyimini ehtiva edəcəyi qayət açıqdır.




Ana səhifəyə qayıt        Baxış: 944          Tarix: 31-12-2018, 23:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma