Xəbər lenti

 

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Suriya barədə verdiyi bəyanatdan geri çəkilməkdədir.

Ovqat.com-un məlumatına görə, ABŞ prezidentinin son günlər Suriya ilə bağlı verdiyi açıqlamalar bu cür düşünməyə əsas verir.

ABŞ prezidenti artıq iki gündür, müxtəlif platformalarda dilə gətirdiyi açıqlamalarda israrla Suriyadan çəkilmək barədə açıqlamalarının yanlış anlaşıldığını irəli sürür. Onun iddiasına görə, Suriyadan hərbi qüvvələrini çıxaracaqları barədə fikir səsləndirməsinə səsləndirib, amma bunun tezliklə və qeyd-şərtsiz reallaşacağını bildirməyib. Trampın öz açıqlamasını şərh edən son çıxışlarında irəli sürdüyü şərtlər isə budur: İŞİD-in tam məğlubiyyətinə əmin olmalıdır.

Halbuki, o, türkiyəli həmkarı ilə telefon söhbətindin ardınan yaydığı Twitter-bəyanatında açıq şəkildə bundan sonra İŞİD-lə mübarizəni regional dövlətlərin ixtiyarına buraxdığı və öz ordu birliklərini Suriyadan çıxaracağını bildirmişdi. Hətta onun bu qəti bəyanatına müdaxilə etmək istəyən Pentaqon rəhbəri və Dövlət Departamentinin İŞİD-dən məsul nümayəndəsi prezidentə etiraz əlaməti olaraq öz vəzifələrindən istefa vermişdilər. Ağ evi silkələyən bu istefalara əhəmiyyət verməyən Tramp öz fikrini dəfələrlə təkrarlamışdı. İndisə tamamilə fərqli mövqedən çıxış etməsi getdikcə artan basqılara boyun əydiyi ehtimalını gücləndirir.

Trampın özünü təkzib edən son açıqlamaları ilə eyni zamanda Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun ortaya çıxıb Suriyadan çıxmaq qərarını şərh edən açıqlamaları da prezidentin səhvini düzəltmək mahiyyətindədir. Bolton son çıxışında Ankara ilə Vaşinqton ilə tam əməkdaşlıq olmadan Suriyada hərbi qüvvələri çıxarmaq fikrində olmadıqlarını açıqlamışdı. O, həmin açıqlamalarında bir az da irəli gedərək, “Türkiyə bundan istifadə edib kürdləri öldürməməlidir” şəklində müttəfiqliyə sığmayan açıqlama vermişdi. Boltonun bu açıqlamasını İsrailə səfəri zamanı dilə gətirməsi stategiya dəyişikliyi sifarişinin Tel-əvivdən gəldiyi barədə şübhələrə yol açmışdı.

Boltonun İsraildən sonra birbaşa Türkiyəyə gələcəyi və Trampın mesajını Ərdoğana çatdıracağı gözlənilsə də, əslində bu mesajın Vaşinqtondan deyil, Tel-əvivdən gələcəyi düşünülür.

 Bolton mətbuata açıqlamasında Türkiyəyə səfər edəcəyini gizlətməmiş, öz türkiyəli həmkarıyla Suriya məsələsini müzakirə edəcəyini bildirmişdi:

"Onların məqsədləri və mövqeləri nədir, bunu öyrənəcəyik".

 Boltonun Suriya məsələsini region dövlətlərlə müzakirəsi ərəfəsində yenə Donald Trampdan maraqlı bir açıqlama gəlmişdi. O, jurnalistlərin suallarını cavablandırarkən, sanki region dövlətlərinin İŞİD-lə bağlı mövqelərinə öz üslubuna uyğun şəkildə aydınlıq gətirmək məqsədilə demişdi:

 "Rusiya İŞİD-ə bizdən daha çox nifrət edir, İran İŞİD-ə bizdən daha çox nifrət edir, Türkiyə bəlkə də bizim qədər olmasa da İŞİD-ə nifrət edir".

Normal insan üslubundan sadəlövhlüyü ilə seçilən bu sözlərdən anlaşılan budur ki, Tramp region dövlətlər arasında Türkiyəni İŞİD-ə ən az nifrət edən tərəf kimi görür və onun Suriyadan çıxmaq qərarını dəyişdirməsinin əsl səbəbi aydın olur. Görünən budur ki, kimlərsə ABŞ-ın körpə ağıllı prezidentini Türkiyənin İŞİD-dən yetərli səviyyədə nifrət etmədiyinə inandırmağı bacarıb.

İstər Trampın, istərsə də onun Milli Təhlükəsizlik müşaviri Con Boltonun son açıqlamalarına nəzər salanda ABŞ-ın Suriyadan çəkilməsi qərarında müəyyən korrektələrə getməsinin əsl səbəbi aydınlaşır. Belə məlum olur ki, Vaşinqton Suriyadan çəkilmək məsələsində iki şərti göz önündə tutub. Bunların hər ikisi Türkiyənin mövqeyi ilə bağlıdır. Əvvəla, ABŞ hansısa səbəbdənsə, Türkiyənin İŞİD-ə qarşı mübarizəni yetərincə aparmayacağını düşünür. İkincisi isə, Türkiyənin bu zamana qədər ABŞ-ın strateji müttəfiq kimi kürd separatçılarını tamamilə məhv edəcəyindən ehtiyatlanır.

Xüsusilə Boltonun Türkiyə ilə Vaşinqton arasında tam əməkdaşlıq olmadan Suriyanı tərk etməyəcəkləri ilə bağlı açıqlamalarına rəsmi Ankaranın cavabı isə özünü çox gözlətmədi. Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın ölkəsinin bir millət kimi kürdləri hədəf aldıqlarına dair iddiaların ağılsızlıq və hədəflərinin həm İŞİD, həm də PKK/PYD/YPG terror təşkilatları olduğunu bildirib:

“İŞİD-lə mübarizə pərdəsi altında separatçı bir gündəmlə hərəkət edən PYD və YPG PKK terror təşkilatının Suriya qoludur və Suriya kürdləri təmsil edə bilməz. Bir terror təşkilatının kürdləri təmsil etdiyini irəli sürmək, hər şeydən əvvəl kürd qardaşlarımıza edilmiş hörmətsizlikdir. Türkiyənin PKK və onun Suriya çıxıntılarına qarşı mübarizəsinin bir məqsədi də kürdləri bu terror təşkilatının zülmündən və təzyiqindən xilas etmək, can və mal təhlükəsizliklərini təminat altına almaqdır. Hədəfimiz PKK/PYD/YPG-nin onlara tabe olmayan kürdlərə də zülm edərək qurmağa çalışdığı nizam və ölkəmizə qarşı terror aktlarıdır. Bir terror təşkilatının ABŞ-ın müttəfiqi olmayacağının isə izaha ehtiyacı yoxdur".




Ana səhifəyə qayıt        Baxış: 432          Tarix: 7-01-2019, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma