Xəbər lenti

 

Bu gün, yanvarın 8-də bloqqer Mehman Hüseynovun atası Rafiq Hüseynov 1 Saylı Bakı İstintaq Tәcridxanasında oğluna baş çəkib.

Bu barədə "Azadlıq" radiosuna R.Hüseynovun özü məlumat verib: “Mehmanla görüşüm bir saatdan çox çəkdi. Müəssisənin rəhbəri söz verdi ki, gələcəkdə bizim görüşlərimizə mane olmayacaq”.

R.Hüseynovun vurğulamasına görә, M.Hüseynovu halsız və zəif görüb: “Mən ondan qida qəbul etməyini xahiş etdim. Ona meyvə və başqa yeməkləri aldım. Xahiş etdim qida qəbul etsin, qəbul etməsə də, apardığım sovqatı kamera yoldaşlarına versin. Bilmirəm, mənə qulaq asacaq, ya yox?”.

Atasının deməsinə görə, görüş zamanı M.Hüseynov ona bildirib ki, nəzarətçini döyməyib: “Dedi ki, həmin zaman mən heç orada olmamışam, başqa yerdə çay içirdim. İttihamlar uydurma və yalandır”.

R.Hüseynov vurğulayıb ki, İstintaq Tәcridxanasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrini görüb. “Çox güman ki, onlar Mehmanla görüşə gәlmişdilər”, – Hüseynov əlavə edib.

Ovqat.com xatırladır ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bu gün verdiyi mətbuat açıqlamasında dustaq jurnalistin aclıq aksiyası keçirmədiyini bildirərək demişdi:

“Bu adam çörək də yeyir, su da içir, vəkili ilə də görüşür, ailə üzvləri ilə telefonla da danışır. Onun heç bir problemi yoxdur. Bilirsiniz ki, səhhətində problem olan istənilən şəxslə bağlı dərhal reaksiya verilir, həkim müdaxiləsi olur. Amma onunla bağlı belə bir şeyə ehtiyac olmayıb, çünki aclıq aksiyası keçirmir”.

Xidmət rəsmisi onu da fikirlərinə əlavə etmişdi ki, M.Hüseynov cəmi bir günlük aclıq aksiyası keçirib: “Aclıq aksiyası elan etmişdi, səhəri gün yemək yeməyə başladı. Bununla bağlı akt da tərtib olunub, özü də akta imza atıb”.

Jurnalistin atasının dedikləri isə rəsmi açıqlamanı təkzib edəcək mahiyyətdədir.




Ana səhifəyə qayıt        Baxış: 459          Tarix: 8-01-2019, 17:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma