Xəbər lenti

  

Bu gün Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan rus həmkarı ilə görüşmək üçün Moskvaya səfər edəcək.

“Hürriyyət” qəzetinin bildirdiyinə görə, bu səfər Türkiyə, İran və Rusiya liderlərinin üçtərərli sammiti çərçivəsində reallaşdırılır.

Mütəxəssislərin fikrincə, regional dövlət başçıları üçün bu görüş xeyli gərgin keçə bilər. Nədən ki, ABŞ-ın Suriyadan çəkilmək qərarından sonra bölgədə geopolitik şərtlər dəyişilib və liderlər məhz bu şərtlər daxilində ölkələrinin tutacağı mövqeyi masaya yatıracaqlar. Əsas mövzu isə Türkiyənin Fəratın şərqində təhlükəsizlik zonası yaratmaq planı və çayın qərb yaxasındakı Menbiçdə hərbi əməliyyat keçirmək ehtimalı olacaq.

Məsələ burasındadır ki, ABŞ Prezidenti Donald Trampın Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq bəyanatından dərhal sonra R.T.Ərdoğan bu zonanın Türkiyə tərəfindən təşkil ediləcəyini söyləmiş, bu da Moskvada və İranda nigarançılığa yol açmışdı. Astana sammiti müttəfiqlərinin fikrincə, Türkiyə Şimali Siriyada özünə bağlı ordu qurmaq və bölgəyə bu silahlı qurum tərəfindən nəzarət etmək niyyətindədir. Həqiqətən də Türkiyə prezidenti Ərdoğan iki həftə əvvəl “New York Times” qəzetində dərc olunan məqaləsində bu ehtimalı təsdiqləyən ideyalarla çıxış etmiş, bölgənin YPG və İŞİD terrorçularından təmizləmək üçü yerli şuraların qurulmasını və  terror təşkilatları ilə əlaqəsi olmayan döyüşçülərdən ibarət hərbi güc yaradılmasını gündəmə gətirmişdi.

Bu ideya isə nəinki Rusiya və İranda, eyni zamanda Türkiyədə birmənalı qarşılanmamışdır. Bir çox türk analitiklər bu plan Türkiyənin milli maraqlarına cavab vermədiyinə inanırlar. Onların fikrincə, ABŞ-ın basqısıyla bu plana razılaşmağa məcbur olan Türkiyə eynilə 1990-cı illərdə gerçəkləşən səhvə yuvarlanır. Belə ki, ABŞ I İraq müharibəsi zamanı Ankaranın “əli və razılığı” ilə Şimali İraqda indiki kürd muxtariyyətinin təməllərini atmış, daha sonra həmin plan  Türkiyənin öz başına bəla olmuş, onun ərazi bütövlüyünü təhdid edən əsas gücə çevrilmişdir. İndi eyni ssenarinin Şimali Suriyada reallaşdırılması bütün bölgə dövlətlərinin kabusuna çevrilən İran sərhədlərindən Aralıq dənizinə qədər uzanan “Kürdüstan” proyektinin baş tutması ilə nəticələnə, sabah isə eyni təcrübələr Türkiyənin və İranın ərazilərində tətbiq oluna bilər.

Mütəxəssislərin fikrincə, Türkiyənin milli maraqları baxımdan ən uyğun variant bölgənin Suriya rejimi tərəfindən idarə olunmasıdır. Prinsipcə, bu plan Moskvanın da maraqlarına uyğundur. Fəqət Moskva ABŞ-ın iradəsinə qarşı çıxmağın əlavə problemlər yaradacağından ehtiyatlandığından onun bəlgədəki əsas müttəfiqinə çevrilən PKK/YPG qüvvələriylə də münasibətlərini isti tutmağa çalışır. Baxmayaraq ki, Türkiyənin Zeytun budağı və Fərat qalxanı əməliyyatlarında açıq-aşkar kürdlərin arxasından çəkilməklə bölgənin kürd separatçılarından təmizlənməsinə yaşıl işıq yandırmışdı. İddialara görə, Moskva bunu müəyyən şərtlərlə etmişdi: Bölgə separatçılardan və dindar terrorçulardan təmizləndikdən sonra Suriya rejiminə buraxılmalıdır. Fəqət Türkiyənin həmin əməliyyatlardan sonra bu şərtə isti yanaşmaması Moskva ilə Ankara arasında bəzi anlaşılmazlıqlara yol açmışdır.

 

Əslində Türkiyənin PKK/YPG qüvvələrinin yer almadığı regional ordu qurmaq səyləri anlaşılandır. PKK-nın əsas hədəfi Türkiyə torpaqlarında kürd dövləti yaratmaq olmaqla birlikdə, həm də Suriyanın şimalında qurduğu despotik rejim nəticəsində yüzminlərlə yerli sakini yerindən-yurdundan didərgin salır. Öz yurd-yavalarından didərgin düşərək əksəriyyəti Türkiyəyə sığınan qaçqınlar arasında təkcə türkmənlər və ərəblər yox, həm də kürdlər var. Məlumata görə, hazırda Türkiyəyə pənah gətirən kürdlərin sayı 300 min nəfərdən çoxdur. Vətəndaş müharibəsindən əvvəl Suriyanın şimalnda 2 milyon kürd yaşadığını nəzərə alsaq, 300 minlik əhali yerli kürdlərin, hardasa, 15%-nə bərabərdir. Bir də PKK/YPG zülmündən qaçan kürdlərin təkcə Türkiyəyə deyil, dünyanın müxtəlif ölkələrinə pənah apardıqlarını hesaba qatsaq, bu nisbət daha da böyüyür. Bu fakt onu göstərir ki, PKK/YPG təkcə bölgənin başqa xalqlarını deyil, həm də kürdlərin qəniminə çevrilib. Görünür, Ərdoğanın “New York Times” qəzetində dərc olunan məqaləsində terrorçu olmayan kürdlərin də tərkibində yer aldığı yerli şuralar və ordu birlikləri yaratmaq fikrində nəzərdə tutduğu qüvvələr də elə həmin 300 minlik əhalinin təmsilçiləridir. Ankara onları Şimali Suriyanın yenidən qurulmasına cəlb etməklə həm sərhədlərində milli maraqlarına zidd gəlişmələrin qarşısını almaq, öz ölkəsində məskunlaşan qaçqınlar problemindən xilas olmaq istəyir. Qeyd edək ki, hazırda bu ölkədə 3 milyondan artıq suriyalı məskunlaşıb və Ankara qonşu dövlətin sərhəd ərazilərində “təhlükəsizlik bölgəsi” yaradaraq həmin əhalini bu yerlərə köçürməyə çalışır.

Rusiya isə bu planla razılaşmaq istəmir. Mütəxəssislərin fikrincə, Moskvanı narahat edən əsas məsələ bu planın nə dərəcədə regional maraqlara uyğun olduğu barədə tərəddüdləridir. Məsələ burasındadır ki, ABŞ prezidenti Donald Tramp Suriyadan çəkilmək qərarını türkiyəli həmkarıyla telefon danışığından sonra vermişdi. Daha sonra isə Türkiyə bölgədə “güvənlik zonası” yaratmaq təklifiylə çıxış etmiş və Türk əsgəri Menbiçdə ABŞ hərbçiləriylə birgə patrul gəzisinə başlamışdır. Uzun illərin iki müttəfiqinin bu plan çərçivəsində hansı tədbirləri həyata keçirəcəkləri Moskva üçün qaranlıqdır.

Üstəlik, Trampın vədinə baxmayaraq, ABŞ əsgərlərinin Suriyadan tam çıxmayacağı anlaşılmışdır. Pentaqon hələ uzun müddət hərbi hava qüvvələriylə Suriya səmalarında əməliyyatlarını davam etdirəcəyini açıqlamışdı. Sözügedən əməliyyatlar əksər hallarda PKK/YPG qüvvələrinə havadan dəstək xarakteri daşıyır və onları qoruyan çətir vəzifəsi görür. Kürd separatçıları bu dəstək sayəsində son 10 gün ərzində Deyrəzor əyalətində iki mühüm bölgəni ələ keçirməyi bacarmış və Suriyanın üçdə birini öz nəzarətinə götürmüşdür. Kremli narahat edən də məhz budur: Türkiyənin irəli sürdüyü və həyata keçirdiyi plan, əcəba, ABŞ-ın maraqlarına xidmət etmir ki?

 Mütəxəssislər bu gün Moskvada keçirilməsi nəzərdə tutulan görüş qabağı Ərdoğanın Trampla Suriya məsələsini müzakirə etməsini və onunla bəzi müzakirələrə açıq razılıqlara gəlməsini də təsadüfi saymırlar. Ümumi qənaətə görə, perspektivdə hətta Türkiyənin maraqlarına tam cavab verməyən bu razılıqlar R.T.Ərdoğanın Rusiya prezidenti ilə görüşə əli gücləndirilmiş şəkildə getməsi üçündür. ABŞ-la müəyyən məsələlərdə ümumi razılıq əldə etmiş Türkiyə daha çoxvariantlı ölkəyə çevrilir və bu da onun diplomatik manevr gücünü artırır. Türkiyəni yenidən öz cərgəsində görmək istəyən region dövlətləri istər-istəməz ona bəzi önəmli məsələlərdə güzəştə getməlidir. Onu da qeyd edək ki, regional qüvvələrdən öz maraqlarına uyğun güzəştlər qoparmağı bacaran Türkiyə həm də NATO-dakı müttəfiqi ABŞ qarşısında güclü hala gəlir. Beləcə, Ankara iki güclü rəqib qarşısındakı riskli manevrlərlə güc qazanır və öz milli maraqlarını tərəflərə qəbul etdirməyə çalışır.

Qısası, Moskvaya incə düşünülmüş diplomatik manevr imkanları ilə gedən Ərdoğan Suriya məsələsində həlledici mövqe əldə etmək əzmindədir. Amma onun qarşısında hiyləgər xarici siyasətilə seçilən iki dövlətin liderləri dayanacaq. Hər iki dövlətin ABŞ sanksiyaları ilə üz-üzə qaldığını və regional müttəfiqə daha çox ehtiyac duyduğu indiki şəraitdə əlləri daha zəif olsa da, yaxın perpektiv üçün hansı hiyləli oyun quracaqları isə daha sonra anlaşılacaq.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 237          Tarix: 23-01-2019, 13:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma