Xəbər lenti

 

“Dost sözü acı olar”. Məddahlığın yoluxucu xəstəlik kimi yayıldığı cəmiyyətimizdə bu aforizm nə qədər qəribə səslənsə də, reallıqdır. İnsan, adətən, ən yaxın hesab etdiyi şəxsə həqiqətləri tam çılpaqlığı ilə deyə bilir. Hətta cəsarəti onun üçün faciə ilə nəticələnəcəyini bildiyi halda halda, bu addımı atır. Sözsüz ki, bu cəsarətli addım yaxın bildiyin insan üçün edilmiş fədakarlıqdır və sən öz faciən bahasına onun yaxşılığına çalışırsan.

Açığını desəm, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun ölkə başçısına bu gün ünvanladığı məktubu oxuyanda beynimdə yaranan ilk fikir yuxarıda zikr etdiyim atalar sözü oldu. Məktubun da ruhundan aydın olur ki, hörmətli ziyalımız həmin sətirləri qələmə alarkən, dəyər verdiyi bir şəxsin yaxşılığı üçün özünün fədakarlığını gözə alır. Müəllifin mətndəki “(İnsanlar) Adi  söz demək istərkən gözləri önünə günahsız siyasi məhbusları gətirib həyəcan, təşviş burulğanında boğulurlar. Bu hislər, etiraf edim ki, mənim özümü də girov atası kimi düşünməyə, oğlumun taleyindən narahat olmağa səsləyir” cümlələləri də bu nəcib niyyətini ortaya qoyur.

Doğrusu, bu nəcabətlə ciddi risk seçimi qarşısında qalan Ovqat.com  redaksiyası olaraq biz də məktubu dərc edib-etməmək məsələsində xeyli tərəddüdə düşdük. Niyyətin nəcibliyi risk faktorundan üstün gəldiyi üçün sonunda dəyərli ziyalımızın ürək ağrısıyla qələmə aldığı yazısını olduğu kimi dərc etməyə qərar verdik. Ümidvarıq ki, cəsarətimizi (həm Eldar Sabiroğlunun, həm də bizim) niyyətimizin nəcibliyinə bağışlayarlar.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Hörmətli Prezident!

Bu müraciəti çox düşündükdən sonra Sizə göndərmək qərarına gəldim. Zaman və əbədi olmayan böyük rəyasət  Sizi çox dəyişdirmişdir. Artıq  əvvəlki İlham Əliyev deyilsiniz. Qarışqanı əzməyə ürək etməyən, bağışlamağı bacaran  bir şəxs indi heyfsilənmədən insana sağalmayan dərin yaralar vura bilir. Qəzəb, kin-küdurət, nahaqdan kimisə əzmək tanıdığım İlham Əliyevə yad idi.

 Hakimiyyətin özünəməxsus tələbləri olduğunu dərk edirəm. Acaq insanlar bu gün Sizdən qorxur və uzaqda dayanmağı daha məqbul hesab edirlər. Adi  söz demək istərkən gözləri önünə günahsız siyasi məhbusları gətirib həyəcan, təşviş burulğanında boğulurlar. Bu hislər, etiraf edim ki, mənim özümü də girov atası kimi düşünməyə, oğlumun taleyindən narahat olmağa səsləyir. Nədən bu qorxu hissini  idarəetmənin nüvəsinə gətirdiniz?! Təəssüflər!!! Axı, Sizin potensialınız müsbətə doğru dəyişiklikər etməyə imkan verir. İndisə əksinə, cəmiyyətlə dövlət rəhbəri arsında uzun bir məsafə görürük. Etiraz edənlərin sırası günbəgün artır. İnanmaya bilərsiniz, dediklərimi "xəyanətkar bir ermənipərəstin" qarayaxması kimi qəbul etməniz Sizin haqqınızdır. Amma vəziyyət həqiqətən ağırdır. Sevinmirəm buna. Eyni zamanda həm də təəccüb edirəm ki, ölkədə sabitliyn qorunmasında dubinkanın, həbslərin ən yaxşı vasitə olduğu fikrindən hələ də daşınmamısınız.

Əsl düşməni müxalifətin içərisində axtarmayın. Fürsət verilməzsə, onlardan heç bir təhlükə gəlməz. Başlıca təhlükə Sizin ətrafınızda cəmləşib.  Siyasi dustaq Mehman Hüseynovla bağlı yaranan problemin beynəlxalq birliyə doğru istiqamət götürməsi ölkə daxilində maraqlı qüvvələrin xəyanətini istisna etmir. Axı, bu gənc oğlan azadlığa çıxmış olsaydı, hansı xoşagəlməz hadisə baş verə bilərdi ki, məsələni bu şəkildə böyütməyə ehtiyac duyuldu?! Yaxud müxalifətə ilk "kozur" haradan və necə gəldi?

Dünyanın siyasi praktikasından da məlumdur ki, bu cür sitiusiyalarda hökumətin səhvlərindən müxalifət istifadə edərək, cəmiyyətdə öz nüfuzunu yüksəltmək qayğısına qalır. Və ya əksinə, elə Azərbaycan nümunəsindən baxarıqsa, hökumətimizin bu illər ərzində müxalifətin səhvlərindən istifadə edərək, onu zəiflətmək üçün az həmlələr etməməsi canlı misaldır.

Cənab Prezident! Başları üzərində Heydər Əliyevin və Sizin portretlərinizi asıb da müxtəlif qanunsuzluqlar, korrupsiya və rüşvətxorluqla, insanların huquq və azadlıqlarını tapdalayan harın məmurlar xalqla Sizin aranızda böyük uçurum yaradıblar. Əlbəttə, bu cür şərait özbaşına meydana gəlməyib. Vəzifəli şəxslərin, demək olar ki, əksəriyyətinin bir-iki yox,  onlarla villaları, dükan və mağazaları, şadlıq sarayları, super marketləri, şirkətləri var ki, bütün bunları da cəmiyyət görür. Bu azmış kimi, özləri bir yana, nəsil-nəcabətlərini dövlət aparatında yüksək vəzifələrə yerləşdirməyə himayədarlıq etməkdən belə çəkinmirlər. İctimai rəydə bu vəziyyətin səbəbləri Sizin ünvanınıza yazılır. Adi danışıq qabilyyətindən kasad olan rəhbər işçilərin məsuliyyətsiz açıqlamaları, saymazyana müsahibələri, bir sözlə, özlərini yekəxana aparmaları cəmiyyətdə ciddi narazılığa səbəb olur. Sizin təyinatınızla illərdir Şuşa icra hakimiyyətinə başçılıq edən Bayram Səfərov, görün, nə deyir: "Tramp kimdir ki, onun belə maşını ola bilir, mənimsə yox? Bəyəm mən ondan əsik kişiyəm?"

Heyrətlənməmək olmur. Təəssüf ki, Bayram Səfərov yeganə nümunə deyil. Yaxud Sizin razılığınızla deputat olanlardan birinin sözünə baxın: "Erməni kimdir ki, mənim torpağımda səngərdə başını dik tutub hərəkət edə bilsin? Düşmən mənim səngərimdə əyilə-əyilə gəzməlidir." Onlarla  belə ikrah doğuran nümunələr gətirmək mümkündür.

Cənab Prezident, müraciətimi "daxili düşmənlərdən birinin" fikirləri kimi yox, ölkədəki proseslərdən narahat olan bir vətəndaşın mövqeyi kimi qəbul etmənizi xahiş edirəm. İnsafən, respublikada az quruculuq işləri də görülməyib. Ancaq nə qədər möhtəşəm işlər həyata keçirilsə belə, əgər insan daxilən azad deyilsə, onun təsəvvürlərində əsrarəngiz gözəlliklər  zövqsüz və mənasız görünür.

Hörmətlə Eldar Sabiroğlu

23 yanvar 2019-cu il




Ana səhifəyə qayıt        Baxış: 2 265          Tarix: 23-01-2019, 20:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma