Xəbər lenti

 

Naxçıvandan deputat seçilmiş Qüdrət Həsənquliyevlə Muxtar Respublika rəhbərliyi arasında gərginlik durmadan artır.

Xatırladaq ki, BAXCP sədrinin Muxtar Respublikadakı sosial-iqtisadi vəziyyətlə bağlı dilə gətirdiyi iradlar ciddi əks-səda doğurmuş, “kiçik torpağ”ın müxtəlif məmurları tərəfindən ağır üslubla cavablandırılmışdır. Qüdrət Həsənquliyevin iddiasına görə, əvvəl sosial şəbəkə paylaşımlarında təhqiramiz formada ortada çıxan bu əks-həmlələr daha sonra media orqanlarında görünməyə başladı. Ən son, Muxtar Respublikanın yarırəsmi media qurumu kimi tanınan Naxcivanxeberleri.com saytında politoloq Anar İbrahimovun  “Rəqəmlərlə hoqqabazlıq: sirk qaydalarını siyasətə və iqtisadiyata gətirmək kimə lazımdır?” sərlövhəli yazıyla deputata cavab verilmişdir.

Gözlənildiyi kimi, Muxtar Respublikanın əks-həmlələri cavabsız qalmadı. Bu dəfə meydana BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı çıxdı. Görünən budur ki, meydan müharibəsi hələ ki ikincilər səviyyəsində davam etdirilir.

Ölkənin siyasi həyatında ciddi qarşıdurmaların yansıması hesab etdiyimizdən Niyaməddin Orduxanlının dünən facebook səhifəsində paylaşdığı cavabını “Hürriyyət” oxucularına sunur və səhifələrimizi tərəflər arasındakı polemikalara açırıq.

Niyaməddin Orduxanlının cavabı:

“Liderim Qüdrət Həsənquliyevi sifarişlə tənqid edənlərə cavabım!

Son vaxtlar bəzi internet saytlarda və sosial şəbəkələrdə liderim BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev sifarişlə tənqid olunur ki, " O deyəndə ki, Naxçıvanın iqtisadiyyatı gücləndirilməlidir " səhv edir. Naxçıvanın iqtisadiyyatı güclüdür. Əvvəla, güclü iqtisadiyyat da gücləndirilməlidir! Qüdrət Həsənquliyevin Azpolitikaya dediklərinin bir qismini bir daha diqqətinizə çatdırıram: "Gələn il Naxçıvan büdcəsinin yalnız 21.7%-i, yəni 83.3 milyon manatı yerli gəlirlər hesabına formalaşacaq. 455 mindən artıq insanın qeydiyyatda olduğu region üçün bu rəqəmin nə qədər kiçik olduğunu söyləməyə ehtiyac yoxdur. 341 min insanın yaşadığı Sumqayıtın gəlirləri 90 milyon manatdır. Muxtar Respublikanın 83.3 milyonluq yerli gəlirlərinə Naxçıvan MR Dövlət Gömrük Komitəsi tərəfindən toplanan vəsait də daxildir və bu vəsait də dövlət büdcəsindən daxil olan dotasiya kimi qəbul olunmalıdır. Dünyanın heç bir federativ və ya konfederativ dövlətində subyektlərin gömrük və miqrasiya xidməti yoxdur. Azərbaycan isə hətta unitar dövlətdir. Bu dövlət institutları müstəsna olaraq mərkəzi hakimiyyət tərəfindən formalaşdırılır və gömrük daxilolmaları yerli büdcəyə yox, dövlət büdcəsinə köçürülür. Keçmişdə Naxçıvanın iqtisadi durumunun daha ağır vəziyyətdə olmasını, blokada vəziyyətində yaşamasını nəzərə alaraq büdcə vəsaitləri hesabına əlavə iş yerlərinin açılması üçün Muxtar Respublikada DGK və DMX formalaşdırılmışdır. Amma bunun mənfi nəticələri ondan ibarət olmuşdur ki, bu gün Naxçıvandan Bakıya və əks istiqamətdə hərəkət edən, əşya və yük daşıyan insanlar gömrük yoxlamalarından keçmək və qanunsuz “rüsum” ödəmək zorunda qalmışlar, sanki başqa dövlətdən gələn əcnəbilər kimi. Hətta Avropa İttifaqının vətəndaşları belə bir üzv dövlətdən digərinə gedərkən gömrük yoxlamalarına məruz qalmırlar. Muxtar Respulika DGK tərəfindən yığılan vəsait, o cümlədən Bakıdan verilən dotasiya və Prezidentin ehtiyat fondundan ayırdığı vəsaitlər hesabına maliyyələşdirilən investisiya layihələrindən daxil olan ƏDV, mənfəət vergisi və sosial müdafiə fonduna edilən ödənişlər 83.3 milyonluq yerli gəlirlərdən çıxılsa, Naxçıvan MR iqtisadiyyatının real durumunu göz önünə gətirmək olar. Bu zaman bəlli olacaq ki, Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının ödədiyi vergilər babat bir şirkətin ödədiyi vergilər qədərdir. Əlbəttə, kimsə düşünə bilər ki, yəqin vergidən yayınma halları var, yaxud toplanan vergi büdcəyə ödənilməyib mənimsənilir. Yox, belə deyil. Bu halda insanlar iş üçün Naxçıvanı tərk etməzdilər."

“Tənqidçi dostlar”, güclü iqtisadiyyat bu qədər vergi ödəyərmi?! Güclü iqtisadiyyatın olduğu bölgəni iş üçün insanlar tərk edərmi?!”




Ana səhifəyə qayıt        Baxış: 1 252          Tarix: 7-02-2019, 08:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma